Milli Məclisdə “Vəkillər və vəkillik fəaliyyəti haqqında, Mülki Prosessual və İnzibati Prosessual məcəllələrinə təklif olunan dəyişikliklər ciddi narazılıq doğurub.
Yenicag.az xəbər verir ki, dünən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin qapalı keçirilən iclasında nümayəndəlik institutunun fəaliyyətini məhdudlaşdıran “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, Mülki Prosessual və İnzibati Prosessual məcəllələrinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
İclasda təklif edilib ki, dəyişiklik layihəsi Milli Məclisin oktyabrın 31-də keçiriləcək plenar iclasına tövsiyə olunsun. Təklif qəbul edilərsə, qanun layihəsinin bu il dekabr 1-də qüvvəyə minəcəyi gözlənilir.
Xatırladaq ki, dəyişiklik layihəsi parlamentin oktyabrın 20-də keçirilən plenar iclasının gündəliyindən çıxarılmışdı. Ancaq parlamentin sədri Oqtay Əsədov həmin iclasda layihənin hazırlanmasının gecikdirildiyini deyib.
Qeyd edək ki, Ali Məhkəmənin Milli Məclisə təqdim etdiyi dəyişiklik layihəsində bir sıra məhkəmə çəkişmələrində nümayəndəlik institutunun daha peşəkar-vəkillik institutu ilə əvəzlənməsi nəzərdə tutulur, vəkillik institutunun daha da gücləndirilməsi təklif edilir.
Bundan başqa, layihəyə əsasən, kassasiya instansiyasında, yəni Ali Məhkəmədə işlərə baxılan zaman nümayəndənin iştirakına yol verilmir (report.az).
Daha sadə dillə izah edilsə, bu dəyişiklik qüvvəyə minərsə, ali savadlı, təcrübəli, peşəkar bir hüquqşünas dostu olan hansısa vətəndaşın məhkəmədə nümayəndəsi ola bilməz.
Bu isə o deməkdir ki, vətəndaş ona lazım olan hüquq xidmətini mütləq ödənişli əsasla Vəkillər Kollegiyasının üzvü olan vəkildən ala bilər.
Hətta uzun müddət ədliyyə sistemində və hüquq-mühafizə orqanlarında işləmiş təcrübəli hüquqşünasın da işi məhkəməyə düşəcəyi təqdirdə, haqqının müdafiəsini mütləq qaydada vəkilə etibar etməlidir.
Məsələnin digər maraqlı cəhəti isə sözügedən dəyişikliklərin Milli Məclisin 2018-ci il yaz sessiyasının gündəliyinə daxil edilməsi təklif olunsa da, həmin layihələrin tələsik geri qaytarılaraq, parlamentin oktyabrın 31-də keçiriləcək plenar iclasın gündəliyinə salınmasıdır.
Bu barədə Yenicag.az-a danışan Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa bildirib ki, vətəndaşların nümayəndəlik və özünümüdafiə hüququnu məhdudlaşdıran həmin dəyişikliklərin qəbulu yolverilməzdir:
“Bu məsələ sonuncu plenar iclasda müzakirə ediləndə də çıxışımda öz fikrimi bildirdim və bu təkliflərin də vətəndaşın hüquqlarına uyğun olmadığını bildirdim.
Ümumiyyətlə, vətəndaşın nümayəndəlik və özünümüdafiə hüququnu məhdudlaşdırmaq düzgün deyil.
Çünki hüquqi baxımdan elə mübahisəli situasiyalar olur ki, o halda vətəndaşı ailə üzvlərindən, qohumlarından və ya dost-tanışlarından biri təmsil edə bilər.
Yəni ödənişli vəkil xidmətindən istifadəyə ehtiyac olmayan hallar nəzərə alınmalıdır. Bu dəyişikliklərin istisnasız qaydada hətta peşəkar hüquqşünaslara da şamil edilməsinin bir izahı yoxdur.
Bir daha deyirəm, ötən iclasda bu dəyişikliklərə etirazımızı bildirdik, növbəti iclasda yenə də bu mövqeyimizi ifadə edəcəyik”.
A. Zeynalov