!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vətəndaşlara qarşı dələduzluq edən şəxs ölkədən qaçdı - ŞİKAYƏT

!Reklam – Yazi

Vətəndaşa olan borcu ilə bağlı ölkədən çıxışına qadağa qoyulan şəxs Azərbaycanı tərk edib.

Dələduzluqla qarşılaşan adının açıqlanmasını istəməyən vətəndaş Yenicag.az-a müraciət edərək Ədliyyə və Daxili İşlər nazirliklərinə etdiyi müraciətlərin nəticəsiz qaldığını bildirib.

İddianı təsdiq edən müvafiq sənədləri saytımıza təqdim edən vətəndaş ona borclu olan şəxsin tutularaq məhkəməyə verilməməsindən, eyni zamanda, bununla bağlı müvafiq qurumlara etdiyi müraciətlərin cavabsız qalmasından, bu işlə əlaqədar axtarışda olan şəxsin isə ölkədən çıxmasından narahat olduğunu bildirib.

Onun sözlərinə görə, Bakı şəhəri, Yasamal rayonu, Ə.Cavid küçəsi 47 ünvanında qeydiyyatda olan Akif Xanı oğlu Nuriyevə qarşı “pul, vurulmuş maddi və mənəvi ziyan” tələbinə dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin 11 iyun 2019 tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin 08.10.2019 tarixli qətnaməsi icra üçün Yasamal Rayon İcra və Probasiya Şöbəsinə göndərilib. A.Nuriyevin tapılmasının təmin olunması ilə bağlı Yasamal Rayon İcra və Probasiya Şöbəsi tərəfindən isə Yasamal Rayon Polis İdarəsinə məktub göndərilib. Yasamal Rayon Polis İdarəsindən Yasamal Rayon İcra və Lrobasiya Şöbəsinə göndərilən 15.10.2020 tarixli cavab məktubunda bildirilib ki, borclu kimi axtarılan A.Nuriyev barəsində Yasamal Rayon Polis İdarəsinin İctimai təhlükəsizlik şöbəsində axtarış işi açılıb, müvafiq axtarış tədbirləri həyata keçirilir.

Təəssüf ki, ötən müddətdə A.Nuriyev barəsində heç bir tədbir görülməyib.

“Bu hal bir vətəndaş və zərərçəkmiş kimi məni çox narahat edir. Onu da qeyd edim ki, məlumatlara görə, mən A.Nuriyevin ziyan vurduğu yeganə şəxs deyiləm. Təkcə bir faktı qeyd edim ki, 2019-cu il A.Nuriyev Bakı şəhəri, Sabunçu rayonunda heyvan kəsimi və ət satışı məntəqələrindən özünü Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşı kimi təqdim edərək sahibkarlardan aylıq pul tələb edərkən yaxalanıb. Bununla bağlı kütləvi informasiya vasitələrində məlumat, foto və videogörüntülər yayımlanıb. Lakin onun tezliklə sərbəst buraxıldığı bildirilir”, – deyə vətəndaş vurğulayıb.

O, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə və Daxili İşlər Nazirliyinə məktublar ünvanlayaraq A.Nuriyev barəsində tez zamanda tədbir görülməsini xahiş edib. Lakin vətəndaşın ötən müddətdə bu məsələ ilə bağlı etdiyi müraciətlər nəticəsiz, sonuncu məktublar isə cavabsız qalıb. O bu haldan çox təəssüfləndiyini bildirib: “Aldığım son məlumatlara görə, artıq A.Nuriyev Rusiya Federasiyasındadır. Axtarışda ola-ola onun Rusiyaya necə getməsi isə sual doğurur”.

Məsələni diqqətdə saxlayacağıq.

www.yenicag.az

667
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv