!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vətəndaşları təhdid edən ŞANTAJ HÜCUMLARI: “Şəxs barəsində rüsvayedici məlumatların yayılması...”

!Reklam – Yazi

“Qeyd olunan əməl ən ağır cinayətlərdən biri sayılır və Cinayət Məcəlləsinin tələblərinə uyğun qaydada cəzalandırılır”.

Bu fikirləri vətəndaşların, xüsusilə də müəyyən statusa malik şəxslərin şantaj təhdidlərinə qarşı davranışlarını və həmin əməllərə görə nəzərdə tutulan cəzaları şərh edən Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının müəllimi, hüquq elmləri üzrə fəlsəfə doktoru Səyyad Məcidov Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, cinayət qanunvericiliyində konkret bir cinayət əməlinin hədəfi olan vətəndaşlar arasında onların statusuna əsaslanan təsnifat aparılmır:

“İlk növbədə, qeyd edim ki, Cinayət Məcəlləsinin 182-ci maddəsi hədə-qorxu ilə tələb etmək əməllərini ehtiva edir. Amma 182-ci maddədə şəxsin özünün bilavasitə mülkiyyəti əleyhinə yönələn cinayət əməllərindən bəhs olunur. Orada məmurlar, iş adamları, sıravi vətəndaşlar anlayışı yoxdur.

Yəni qeyd olunan maddədə rüsvayedici məlumatların, sizin vurğuladığınız kimi, şantaj xarakterli məlumatların insanların mülkiyyətinə qarşı yönəlməsinə dair məsələlər öz əksini tapıb.

Amma burada diqqət yetirilməli digər məsələ də var ki, hər hansı şəxs barəsində təhqiredici, alçaldıcı və sair məlumatların yayılması Cinayət Məcəlləsinin 148, böhtan xarakterli məlumatlar isə 147-ci maddəsi ilə tənzimlənir. Bu maddələrin sanksiyaları və cəzalandırma məsələləri fərqlidir.

Cinayət Məcəlləsinin 182-ci maddəsində detallı olaraq şəxs barəsində rüsvayedici məlumatları yaymaq, hədə-qorxu ilə tələb etmək və sair məsələlərlə bağlı konkret sanksiyalar müəyyənləşdirilib.

Haqqında danışılan əməl ağır cinayət sayılır və həmin maddənin sanksiyasına görə 3 ildən 5 ilə, 5 ildən 10 ilə, hətta cinayət əməli təkrar törədildikdə maksimal müddətə – 13-17 ilə qədər azadlıqdan məhrum etmə cəzası müəyyən olunur. Bu cəza şəxsə, xüsusilə külli miqdarda ziyan vurulduqda verilir. Bu əməl Azərbaycanın müasir cinayət qanunvericiliyinə görə, ən ağır cinayətlərdən biri sayılır və Cinayət Məcəlləsinin tələblərinə uyğun qaydada cəzalandırılır.

Digər tərəfdən, burada söhbət təhqiredici, rüsvayedici məlumatların yayılmasından gedir. Amma, təbii ki, o maddədə əsas diqqət şantaj və ya hədə-qorxu ilə tələb etməklə nail olunan maddi mənimsəməyə yönəlir. Məsələn, böhtan, təhqir və başqa hallarda isə cinayətin bilavasitə qəsd obyekti şəxsin ləyaqətinə, şəxsiyyətinə qarşı yönəldilir. 182-ci maddədə isə məqsəd hədə-qorxu gəlməklə şəxsin mülkiyyətindən nəsə əldə etməkdir.

Qeyd olunmalıdır ki, istənilən hədə-qorxu real olmalı və zərərçəkmiş şəxs tərəfindən həyata keçirilə bilən hədə kimi qəbul edilməlidir. Hədə-qorxu ilə tələb etmə zamanı hədə-qorxu əmlak və digər əmlak mənfəəti əldə etmək üçün vasitə qismində çıxış edir. Hədə-qorxu zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatları yayma və ya onların əmlakını tələf etmə formalarında ifadə oluna bilər. Hədə-qorxu şifahi və ya yazılı, açıq və ya gizli, şəxsən və ya vasitəçi ilə ifadə oluna bilər. Zor tətbiq etmə hədəsi dedikdə isə sağlamlığa yüngül, az ağır və ağır zərər vurulması hədəsi başa düşülür”.

Aqil Bəkir

www.yenicag.az

997
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv