!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vətəndaşlarımızın ən çox səyahət etdiyi ÖLKƏ: Gəzməli-görməli yerlər - SİYAHI/FOTOLAR

!Reklam – Yazi

Yay fəslində Azərbaycan vətəndaşlarının ən çox səfər etdiyi ölkələrdən biri də qardaş Türkiyədir. Həm vizasız olması, həm də xərclərin nisbətən uyğun olması vətəndaşlarımızın tətil etməsi üçün əlverişlidir.

Bəs Türkiyənin ən gəzməli-görməli yerləri hansılardır? İlk dəfə oraya səfər edəcək olan şəxslər haranı mütləq ziyarət etməlidir?

Yenicag.az Türkiyənin ən çox səyahət edilən və görməyə dəyər yerlərini təqdim edir.

Bəşər tarixinin ən qədim sivilizasiyalarına ev sahibliyi edən Aralıq və Egey dənizi sahillərində gizli xəzinələr var. Onlardan biri də “Kəpənəklər Vadisi”dir (Fethiyededir – red). Oraya yalnız qayıqla getmək olur. Bu sakit körfəzdə yaşıllıqlar və şəlalələr arasında gəzdiyiniz zaman 100-dən çox kəpənək növünü görə bilərsiniz.

Türkiyə, İtaliya və Yunanıstanda xeyli sayda qədim şəhərlər var. Bu qədim yerlərin ən böyüyü, şübhəsiz ki, Efes xarabalıqlarıdır (İzmirdədir – red).  YUNESKO tərəfindən qorunan həmin şəhərin tarixi 9 min il əvvələ gedib çıxır. Yunan şəhərlərindən biri olaraq əsası qoyulan Efes daha sonra Ellinlərin əlinə keçib. Romalılardan günümüzə qədər gəlib çatan Efesdə bütün bu tarixi proseslərin izləri var. Dünyanın 7 möcüzəsindən biri sayılan Artemida məbədinin yerləşdiyi Efesdə nəhəng amfiteatrları, məbədləri və hələ də var olan Celsus Kitabxanasını mütləq ziyarət etmək lazımdır.

Coğrafi üstünlüyü sayəsində hələ də balıqçılar şəhəri olaraq qalan Kaş (Antalyadadır – red) yer üzünün cənnəti olaraq qiymətləndirilir. Evlər restavrasiya olunub, təmir edilib və ağ rəngə boyanaraq onlara müasir görkəm verilib. Küçələrindəki rəngarəng çiçəkli ağaclar və begonvil güllərilə bəzədilmiş taxta eyvanları turistləri daha da cəlb edir. Aralıq dənizinin ən aydın nöqtələrindən biri olan dəniz doyumsuz gözəlliyə malikdir. Kaşdan kənara çıxsanız, avtomobillə Kaputaş çimərliyinə, qayıqla çıxdığınız zaman isə Kekovaya baş çəkib, şnorkellə üzərək sualtı qədim xarabalıqları kəşf edə bilərsiniz.

Min illər boyu yamaclardan axan mineral bulaqlar Böyük Menderes Vadisində qeyri-adi Pamukkale (Dənizlidədir – red) travertenlərini əmələ gətirib. Parıldayan ağ travertenlərdəki dayaz, təbii və minerallarla zəngin hovuzlar yamaclarda terrasa bənzər eyvanlar əmələ gətirir. Möhtəşəm görünüşü ilə yanaşı sağlamlıq baxımından da son dərəcə əhəmiyyətli olan bu bol mineral suların içərisində Roma dövründə tikilmiş bir spa şəhərinin qədim xarabalıqları da var. Mark Antoninin Kleopatraya hədiyyə etdiyi isti su hamamında üzmək edə biləcəkləriniz arasındadır.

Gizli turizm bölgəsinə çevrilən Balat (İstanbuldadır – red) xüsusilə fotoqrafların üz tutduğu yerdir. Balat özünəməxsus teksturası, boyalı pilləkənləri, küçə sənəti nümunələri, göy qurşağı tonlarında boyanmış terraslı taxta evləri, çətirli kölgəli küçələri ilə bənzərsiz mənzərə və zövq təqdim edir. İstanbulun daş səkilərində səhər gəzintisi unudulmaz olacaq.

Şahanə Paşa

www.yenicag.az

801
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv