Millət vəkili Fazil Mustafanın Bakı Nəqliyyat Agentliyinin (BNA) ünvanına söylədiyi fikirlər agentlikdə narahatlıq yaradıb.
Yenicag.az xəbər verir ki, Fazil Mustafa Demokrat.az-a açıqlamasında BNA-nın ünvanına sərt ittihamlar səsləndirib, agentlik qədər vətəndaşları soyan ikinci qurumun olmadığını qeyd edib.
“Məsələ pulun hara getməsində deyil, vətəndaşı kasıblaşdıracaq mexanizmin qabağını almaq lazımdır. Dövlətin hesabına keçən pulda da korrupsiyanın izləri olur. BNA qədər vətəndaşı soyan ikinci bir qurum yoxdur. Bu qurum şəhərdə lazımi infrastruktur yaratmayıb, yolun yarısını avtobuslar üçün nəzərdə tutub, amma vətəndaş tıxacda qalır. Necə yəni, onların vaxtı dəyərli deyil? Sən vətəndaşa münasib yol yaratmamısansa, niyə ondan cərimə pulu alırsan?
Yaxud ucuz parkinq yaratmamısansa, niyə cərimə yazmalısan? Yəni bu kimi məsələlərdə vətəndaşın dirənişi olmalıdır. Düşünməlidir ki, qonşu onun nömrəsi haqda danışacaq deyə nömrə üçün əlavə pul vermək nəyə lazımdır? İnsana ağlına görə qiymət verirlər. Narkoman da bahalı maşın sürə, nömrə ala bilər, nə olsun? Onda deyəcəklər ki, bu insan şəxsiyyətli adamdır?” – Fazil Mustafa bildirib.
Millət vəkilinin bu fikirlərinə cavab gecikməyib. Bu günə qədər adı mətbuatda müxtəlif “pul oyunları”nda hallanan Vüsal Kərimli sədrliyindəki BNA Fazil Mustafanın söylədiklərini “qərəzli”, “məntiqsiz” adlandırıb.
Maraqlısı isə budur ki, BNA-nın açıqlamasında adəti üzrə ölkə başçısı İlham Əliyev önə çəkilib, bununla qurum, daha dəqiq desək, Vüsal Kərimli özünə “müdafiə xətti” yaradıb.
Açıqlamadan bir abzas:
“Milli Məclisin üzvü, millət vəkili Fazil Mustafanın informasiya saytlarından birinə verdiyi müsahibə zamanı Bakı Nəqliyyat Agentliyi barədə səsləndirdiyi qərəzli və subyektiv fikirlər təəssüf doğurur. Bu cür əsassız fikirlər Dövlət başçısının tapşırığına əsasən vətəndaşların rahatlığı üçün şəhər nəqliyyat sistemində görülən tədbirlərə kölgə salır, ictimaiyyətdə çaşqınlıq yaradaraq şübhə altına alır”.
BNA-nın “təkzib”i özünütərif və özünüaldatma üslubunda yazılıb, mətndə əsəbdən qaynaqlanan iynələyici sözlərdən istifadə edilib.
Məsələn:
“Deputat açıqlamasında Bakı Nəqliyyat Agentliyinin ünvanına açıq ittiham irəli sürüb ki, bu da ağ yalandır və həqiqəti əks etdirmir”.
“Bu səbəbdən də bir millət vəkilinin ona mandat verən vətəndaşların rahatlığı üçün yaradılan şəraitə qarşı çıxması, məqsədli şəkildə tənqid etməsi təəccüb doğurur”.
“Millət vəkilinin avtobus zolaqlarına qarşı səsləndirdiyi fikirlər isə ümumiyyətlə heç bir məntiqə sığmır”.
Agentlik Fazil Mustafaya məsləhət verməyi də unutmayıb:
“Millət vəkilinə şəhərdə piyada gəzməyi və ya ictimai nəqliyyatdan istifadə etməyi tövsiyə edirik”.
Göründüyü kimi, ölkədə ən çox tənqid olunan, vətəndaşların ən çox narazı qaldığı qurum – BNA və onun rəhbərliyi quruma qarşı yönəldilmiş tənqidləri dəyərləndirərək narazılıqların aradan qaldırılması üçün çalışmaq əvəzinə, özlərinin yaratdığı “problemsiz dünya”da hər şeyi təkzibetmə yolunu tutub.
BNA bacarıqsızlığını ört-bas etmək üçün utanmadan Prezidentin adından istifadə edir. Ən kiçik ittihama qarşı da prezidenti özünə qalxan edən Vüsal Kərimli bununla mətbuatda “toxunulmazlıq” qazanmaq istəyir.
www.yenicag.az