!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Whatsapp Plus”un şəxsi məlumatlar üçün yaratdığı RİSK: “Bu tip qeyri-leqal tətbiqlərdən istifadə...”

!Reklam – Yazi

“Whatsapp Plus” tətbiqi modifikasiya edilərək, gələcəkdə istifadəçiyə aid məlumatların kənar şəxslərə ötürülməsi riskini özündə saxlayır”.

Bu fikirləri “Whatsapp Plus” tətbiqinin istifadəçilər üçün yaratdığı risklər haqda danışan İnformasiya Texnologiyaları (İT) üzrə mütəxəssis Fərhad Mirəliyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, son günlərdə istifadəçilərin şəxsi məlumatlarının oğurlanması hallarının artmasının sadəcə, “Whatsapp Plus” tətbiqi ilə əlaqələndirmək düzgün deyil:

“Whatsapp Plus” tətbiqi orijinal “Whatsapp” proqramının modifikasiya olunmuş formasıdır. Proqram təminatı “Whatsapp Plus” adlansa da əslində, “Whatsapp” tətbiqi ilə eyni deyil və “Google Play Market” tərəfindən rəsmi olaraq tanınmır. Həvəskarlar tərəfindən yaradılan bu tətbiq orijinal “Whatsapp”da olmayan bir sıra funksional imkanlara görə istifadəçilər arasında populyarlıq qazanıb. Burada diqqət yetirilməli əsas məqam tətbiqin rəsmi tətbiqlər repozitoriyasında olmamasından dolayı kənar naməlum mənbələrdən quraşdırılması zərurətidir. Yəni tətbiqi istifadə etmək istəyən istifadəçi onu axtarışa verir və çoxsaylı nəticələrdən birinə keçid edərək tətbiqi yükləyir.

O halda ən böyük risk tətbiqin endirildiyi saytın təhlükəsizlik səviyyəsi haqqında məlumatın olmamasıdır. Həvəskarlar “Whatsapp Plus” tətbiqini hazırlayır və internetdə yayırlar. Həvəskar saytlar isə həmin tətbiqi istifadəçilər üçün əlçatan edirlər. Beləliklə, proqramın qeyri-leqal olması ilə yanaşı, son istifadəçiyə çatana qədər bir neçə mənbə dəyişməsi də risk yaradır. Belə ki, “Whatsapp Plus” tətbiqinin həmin versiyası modifikasiya edilərək, gələcəkdə istifadəçiyə aid məlumatların kənar şəxslərə ötürülməsi riskini özündə saxlayır.

Məsələn, qeyd edim ki, biz hər-hansı bir faylı göndərəndə, həm “Whatsapp”, həm də “Whatsapp Plus” tətbiqi bizə aid cihazın yaddaşına müraciət edir və həmin faylı serverə yükləyir. Orijinal versiyada bu əməliyyat bizim icazəmizlə (rəsmi razılaşmaya əsasən) baş verirsə, qeyri-leqal tətbiqdə buna heç kim zamin dura bilməz. İndi təsəvvür edin ki, bu tip qeyri-leqal tətbiqlərin sizin cihazda daha nələrə çıxışı var? Ən azı, görüntülü danışıq üçün istifadəçilər tərəfindən kamera və mikrafona çıxış icazəsi verilir.

Digər bir təhlükəsizlik riski barədə danışarkən onu da deməliyəm ki, “Whatsapp” tətbiqi server-müştəri texnologiyası əsasında işləyir. Yəni sizin məlumatlar, yazışmalar və sair “Whatsapp” tətbiqinə məxsus serverlərdə saxlanılır və cihazlar arasında sinxronlaşdırılır. “Whatsapp” leqal proqram təminatı olaraq bu dataların təhlükəsiz saxlandığına bizi əmin etməyə çalşır. İstifadəçi “Whatsapp Plus” tətbiqindən istifadə etdikdə isə birbaşa “Whatsapp” serverləri ilə əlaqə qurmur, ortada “Whatsapp Plus” tətbiqinə məxsus digər serverlər də yer alır. Deməli, təhlükəsizliklə bağlı risklər də çoxalır.

İstifadəçilər qeyri-leqal proqram təminatının tanınmamış serverləri vasitəsi ilə istifadəçi özünə aid şəkil, video, səs yazısı və mətn kimi dataları transfer edir. Bu dataların sonrakı emalı ciddi suallar doğurur. Həmçinin qeyd edim ki, son günlərdə istifadəçilərin şəxsi məlumatlarının oğurlanması hallarının artması “Whatsapp Plus”la əlaqələndirilsə də, məsələ göründüyü kimi bəsit deyil. Mən zərərçəkənlərin bir qismi ilə təmasda oluram. Bank kartlarından oğurluq olan istifadəçilərin bir qismi, ümumiyyətlə, “Whatsapp Plus” və digər “Whatsapp” tətbiqinin motifikasiyasından istifadə etməyiblər. Burada başqa məqamlar da var və onlar mütləq araşdırılmalıdır”.

Nuray Məmmədzadə

www.yenicag.az

470
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv