Xalq artisti: “Hər gecə dua edirəm ki, səhər duranda…”

“Gecə yatanda dualar edirik ki, səhər duraq, şad xəbər eşidək ki, bu bəladan qurtarmışıq”.

Bunu Yenicag.az-a açıqlamasında xalq artisti, tanınmış tarzən Möhlət Müslümov pandemiyanın insanlara vurduğu zərərdən danışarkən deyib.

Xalq artisti əl-qolunun bağlandığını bildirib:

“Əvvəllər təzyiqim olmurdu, o qədər evə qapandıq, yaradığılıqdan ayrı düşdük ki, artıq tez-tez təzyiqim qalxır. Tək özümü düşünmürəm, ailəm, övladlarım sənət dostlarımı düşünəndə, ürəyim ağrıyır. Pandemiya insanları qocaltdı, ruhdan, həvəsdən saldı.

Əl-qolum bağlanıb, qapanmışıq. Elə musiqiçilər var ki, eşidirəm, əşyalarını, maşınlarını satıb. Çünki onların dolanışığı toydan çıxırdı. Mənim də bir neçə xarici ölkəyə səfərlərim vardı, təkliflər almışdım, eyni zamanda ustad dərslərim olmalıydı, hamısı qaldı. Tar, ümumiyyətlə, musiqi aləti elədir ki, daima məşq edirsən, formada qalırsan. Amma dərslər dayanıb, tədbirlər yox, aylardır ki bunu edə bilmirəm. Maddiyyatı da qoyaq qırağa, mənəvi cəhətdən çox çətindir”.

Cəvahir