Bu gün xalq artisti, muğam və xalq mahnılarının mahir ifaçısı Məmmədbağır Bağırzadənin xatirə günüdür.
Mərhum sənətkarın yaxın dostu, şair Vüqar Əhməd xatirələrini Yenicag.az-la bölüşüb.
– Məmmədbağır Bağırzadə ilə dostluq edirdiniz, bir dost kimi onu necə xarakterizə edərdiniz?
– Ona Mamed deyə müraciət edirdim. Özünə hörmət edən, yerini bilən şəxsiyyət, əsil dost idi. Heç vaxt özünə qarşı hörmətsizliyi qəbul etməzdi. Bir xatirə danışım. 1995-ci ildə AzTV-də redaktor müavini vəzifəsini icra edirdim. Redaktorun adını çəkmək istəmirəm. Məmmədbağır həmin redaktorun yanına gəlib dedi ki, konsert vermək istəyir. Redaktor da saymazyana şəkildə onu başından eləmək istədi. Qapı açıq idi, mən gördüm ki, Mamed onun üstünə yeriyib döymək istəyir. Araya girdim ki, onu sakitləşdirim. Həmin redaktor yalvarırdı ki, qoyma məni öldürür. Mamed dedi sən kimsən ki, xalq musiqisinə qarşı belə hörmətsizlik edirsən, amma estrada musiqiçiləri gələndə yuxarı başa keçirirsən. Sözümün canı budur ki, Məmmədbağır özünə hörmət etməklə yanaşı, təmsil etdiyi xalq musiqisinə də xüsusi hörmət bəsləyirdi. Həmin hadisədən sonra redaktor tapşırıq verdi, onun iki konsertini təşkil etdik.
– Son görüşünüzü xatırlayırsınızmı?
– AFFA-nın keçmiş prezidenti Ramiz Mirzəyevin qızının toyunda görüşdük. Elə bil ürəyinə dammışdı ki, məni qapıya qədər ötürdü. Dedim ay Mamed özümüz gedərik, sən get toyunu oxu.
– Deyilənə görə, Məmmədbağır o dövrün ən çox toya aparılan müğənnisi olub?
– Bir il qabaqdan toy dəvətləri olurdu. Bütün bölgələrdə onu sevirdilər. Qazaxdan bir fanatı vardı, 16 yaşından ta dünyasını dəyişən günə qədər bütün mahnılarını toplayıb kasset çıxarmışdı. O deyirdi ki, Məmmədbağır Qazaxda toyların çoxunu pulsuz oxuyub.
– O qədər toylara aparılan müğənni yəqin ki, varlı həyat sürüb?
– Yox, varlı deyildi. Dost-tanışın toylarını pulsuz oxuyurdu. Elə AZTV-də nə qədər gəncin toyunu pulsuz oxuyub. Əliaçıq insan idi.
– Keçmişini unutmayan sənətkar olub. Xatirələrinin birində deyirdi ki, kasıb ailədə doğulub.
– Yox, bunu danmırdı. Bir dəfə mənə danışdı ki, kasıb ailənin övladı olub. Radioda Nəriman Rzayev onun səsini dinləyəndən sonra deyib ki, gözəl səsin var, amma özünə təzə ayaqqabı al. Bunu özü mənə danışmışdı, bu barədə onun haqqında qələmə aldığım “Azərbaycan oğluyam” adlı kitabda da yazdım.
– Hərçənd adını çəkməsələr də, onun ifaçılıq məktəbi bu gün də davam etdirilir…
– Məmmədbağır doğrudan da məktəb qoyub gedib. O, muğamları da xalq mahnıları qədər mükəmməl bilirdi. Rəhmətliyin səsi xalq artisti, ustad sənətkar Arif Babayevin səs tembrinə çox oxşayırdı. Hətta radioda muğam oxuyanda çoxu onu Arif Babayevin səsi ilə dəyişik salırdı. Deyirdi Arif Babayevlə səsimiz oxşadığına görə fəxr edirəm. Arifin özünə deyirdi bunu.
– Xoşbəxt sənətkar idi, bəs insan kimi necə, xoşbəxt idimi?
– Həyat yoldaşı xərçəng xəstəliyindən əziyyət çəkirdi. Mamed onun sağalması üçün varından-dövlətindən keçdi. Bir evini satıb, onu xərçəngdən qurtarmaq üçün müalicəsinə sərf etdi, amma onu bu bəladan xilas edə bilmədi. Onun ölümü Məmmədbağıra çox pis təsir etdi. Ürəyinə saldı, heç cürə bu itkini qəbul edə bilmədi.
Cəvahir