!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artisti: “Ürəyi bu itkiyə tab gətirə bilmədi”

!Reklam – Yazi

“Oğul itkisinin ağırlığına tab gətirə bilmədi. Bu həyata kişi kimi gəldi, elə dünysını dəyişəndə də kişi kimi getdi bu həyatdan. Hanı indi elə aktyor?”

Bu sözləri görkəmli aktyor, mərhum xalq artisti Həsənağa Turabovun anım günündə onunla bağlı xatirələrini bölüşərkən sənət dostu Xalq artisti Ənvər Həsənov Yenicag.az-a açıqlamasında deyib.

Ə.Həsənov milli kinomuzda misilsiz obrazlar yaradan Həsənağa Turabovun həm əvəzolunmaz aktor, həm də dürüst, mərd bir şəxsiyyət olduğunu bildirib:

“Həsənağa Turabov kinoaktyor kursunda dərs deyirdi, onunla elə orada tanış olduq. Sonradan “Yeddi oğul istərəm” filmində dostlaşdıq. Son vaxtlar o filmə baxanda çox qəhərlənirəm, yadıma Həsənağa düşür. Bu filmin çəkilişləri zamanı onu bir insan və bir aktyor kimi kəşf etdim. Gəray bəy əsl kişi obrazı idi. Hətta filmdə o düşmən gülləsi ilə ölməkdənsə, öz gülləsi ilə özünü öldürməyə üstünlük verir. Bu onun mərdanəliyindən xəbər verirdi. Həyatda da mərdanə kişi idi. Mənim filmdə ölüm səhnəmi yada salmaq istəyirəm. O kadr yəqin yadınızdadır, İsmayıl Osmanlı məni yaralayır, yenə ayağımdan vurmaq istəyəndə Gəray bəy dözmür, ürəyimi nişan alır və öldürür. O qədər təbii və həyəcanlı bir səhnə idi ki, həqiqətən öldüyümü hiss edirdim. Yıxılanda hamı qışqırmağa başladı. Həsənağa tez yanıma qaçdı və gözümü açanda gördüm həyəcan içindədir, məni çağırırdı. Həmin an mən elə yıxılmışdım ki, başımla yaxınlıqda olan daş parçası arasında 1 santimetrdən də az məsafə var idi. Bu da bir təsadüf idi, bir az yan tərəfə yıxılsaydım, ölə bilərdim. Yadımdadır ki, onda Həsənağa mənə görə çox sarsıntı keçirdi. Onun həm də son dərəcə həsas qəlbli bir insan olduğunun da şahidi oldum.

Onunla bağlı bir xatirəni də danışım. “Qaçaq Nəbi” filminin çəkilişləri idi. Mən filmdə həm baş rollardan birinə çəkilirdim, həm də rejissor kimi kömək edirdim. Çəkilişdən sonra evə getdim, yenicə qapıdan içəri girmişdim, Əbdül Mahmudbəyov zəng etdi ki, qayıt gəl, səninlə işimiz var. Qayıtmalı oldum. Həsənağa Turabov mənə dedi ki, Ənvər bu boyda Azərbaycanı qatmışıq bir-birinə Həcər tapa bilmirik. Dedim indi mən neyləyim? Dedi necə yəni neyləyəsən, Həcəri (Həyat yoldaşım Möminatı nəzərdə tuturdu) aparıb otuzdurmusan evində deyirsən neyləyim? Mən də qayıtdım ki, axı, onun 3 yaşlı körpəsi var, o filmə çəkilsə, uşağa kim baxacaq? Sınaq çəkilişi olmadan həyat yoldaşımı o filmə təsdiqlədilər.

Nə yaxşı ki, onun kimi əsl şəxsiyyət olan bir aktyorla dost olmuşam, eyni filmlərdə bərabər çəkilmişik. Həsənağa həm xarakteri, həm görünüşü ilə əsl kişilik rəmzi idi. Övladlarına çox bağlı idi, oğul itkisinin ağırlığına tab gətirə bilmədi. Elə dünyasını dəyişəndə də kişi kimi getdi bu həyatdan. Hanı indi elə aktyor?”

Cəvahir

www.yenicag.az

582
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv