Xalq artistindən ETİRAF: “Ondan yaxşısını tapa bilməyəcəkdim” – FOTO

Xalq artisti, tanınmış aktrisa Xalidə Quliyevanın doğum günüdür.

İlk təbriki həyat yoldaşından alan aktrisa təəssüratlarını Yenicag.az-la bölüşüb:

“Gecə saat 12-də həyat yoldaşım məni təbrik etdi. Onun varlığı, yanımda olması mənim üçün ən böyük hədiyyədir. Eldənizi 17 yaşımdan tanıyıram. İlk dəfə Lütfi Məmmədbəyovun Xalq teatrında tanış olmuşduq. Bir-birimizi sevdik və bu gün də o sevgimiz davam edir. Mənim ona həmişə ehtiyacım olub. İnsan lazımlı olduğunu biləndə bunu qiymətləndirir. O da lazımlı olduğunu bilir. Ondan yaxşısını tapa bilməyəcəkdim. (gülür)

“Xoşbəxt qadın, xoşbəxt ana, xoşbəxt aktrisa-hansında özünüzü daha çox tapmısınız”, – sualını xalq artisti belə cavablandırıb:

“Çalışmışam balansı qoruyub saxlayım. Amma həyatımda daha çox insan olmağa üstünlük vermişəm”.

Aktrisa sənətdə həyata keçməyən ən böyük arzusundan da danışıb:

“Həmişə arzulayırdım ki, teatr səhnəsində Janna Dark olum. Amma bu arzum baş tutmayıb. Bununla belə, həyatda heç nəyə təəssüflənməmişəm. Şükürlü insanam”.

Cəvahir