Tədbirlərin birində xalq artisti, tanınmış rejissor Oqtay Mirqasımovu həyat yoldaşı ilə birgə gördük.
İxtisasca ədəbiyyatçı olan və 40 ildən artıq Bakı Slavyan Universitetində dərs deyən Nailə Mirqasımova Yenicag.az-ın suallarını cavablandırmaqdan imtina etmədi.
– Yaradıcı insanın xanımı olmaq çətindir. İllərdir ki, bu ailəni qoruyub saxlayırsınız, bu mənada yük kimin üzərinə daha çox düşüb? Sizin, ya Oqtay müəllimin?
– Əlbəttə yük daha çox xanımın üzərinə düşür. Kişilər hamısı eyni tipdədir, xanımlar fərqlidir. Dözümlüsü var, dözümsüzü var. Mənim üçün birinci növbədə ailəm dayanıb.
– Yaradıcı insanlar kaprizli olur. Oqtay müəllimin kaprizlərinə çoxmu göz yummusunuz?
– Olub, dözmüşəm, bəzi şeylərə göz yummuşam. Əsas həyat yoldaşın sənə hörmət bəsləyirsə, qalan xırda şeylərə göz yummalısan.
– Hansı xüsusiyyəti sizi onun ən bağışlanmaz səhvini belə bağışlamağa vadar edib?
– Oqtay hər zaman həyatında birinci yerə məni qoyub. Hətta bu məni hərdən narahat da edib. İstəmişəm uşaqlarım məndən birinci olsun. Amma o məni fərqləndirib. Mən də bunu qiymətləndirmişəm. Ona görə də düz 53 ildir bir yerdəyik, bu az zaman deyil.
– Bəs sevgi?
– Elə sevgiyə görə. Sevgi və hörmət hissi.
– Məşhur kişilərin yanında hər zaman gözəl xanımlar da olur axı. Xəyanətə münasibətiniz necə olub?
– Normal baxmışam. Kişidirsə, xəyanət də olmalıdır. Bir qadın deyirsə ki, ona xəyanət edilməyib, yalandır. Ancaq kişilərdir, dözmək lazımdır.
– Səhvini üzünə vurmusunuzmu?
– Yox, buna ürəyim gəlməyib.
– Güclü xanımlar qısqanclığı biruzə vermirlər, bəs siz?
– Doğrudur. Düşünmürəm, həyatımda elə bir hadisə ola bilərdi ki, ailəmi dağıdım. Ailə mənim üçün həyatımda ən vacib şey olub.
– Heç küsüb atanızın evinə getdiyiniz vaxtlar olub?
– İlk övladımız dünyaya gələn vaxtlarda nəsə aramızda xırda mübahisə düşdü, küsdük. Səbəbi yadımda deyil. Qızımı da götürüb, atam evinə getdim. Dedim ki, küsüb gəlmişəm. İki saatdan sonra Oqtay dalımca gəldi. Bir-iki saat söhbətdən sonra dedi ki, evə gedirik. Atama dedim ki, Oqtay məni aparmağa gəlib. Atam sərt şəkildə mənə dedi ki, get, amma bu sonuncu dəfə küsüb gəlişin olsun. Bir də küsüb mənim evimə gəlsən, ayağını heç vaxt o evə basmayacaqsan. Mənim küsüb evdən getməyim birinci və axırıncı dəfə oldu. Atam dedi ki, üzümü qara eləmə, ya gəlmə, ya da gəlmisənsə, geri qayıtma.
– Sizcə, ailənin uzunmüddətli olmasında, daha doğrusu kişini yanında saxlamaq üçün qadın gözəlliyi önəmlidirmi?
– Əlbəttə yox. Gözəllik bəlkə də onuncu yerdə dayanır. Səbr çox önəmlidir. Bir də qadın tapmaca kimi olmalıdır. Hər dəfə bir xüsusiyyəti ilə maraqlandırmağı bacarmalı, münasibətləri adiləşdirməyə qoymamalıdır. Oqtay indiyə qədər deyir ki, pilləkənı qalxanda evdə məni hansı sürprizin gözləyəcəyini düşünürəm.
– Yəni adiləşmirsiz və onu ilk ailə qurduğunuz dönəmlərdə olduğu kimi maraqlandırmağı bacarırsınız?
– Əvvəlkindən də artıq.
Cəvahir
Foto: Cəmalə