!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xankəndi ilə bağlı suallar və verilməyən cavablar haqqında - İlham İsmayıl yazır

!Reklam – Yazi

Ermənistan nəyin ərəfəsindədir? İlk baxışdan zənn etmək olar ki, tezliklə Azərbaycanla sərhədlərin demarkasiyası və ərazi bütövlüyünün tanınması, ardınca da Türkiyə ilə sərhədlərin açılması, diplomatik əlaqələrin yaradılması ərəfəsindədir və Armen Sarkisyan da bu tarixi hadisələrin iştirakçısı olmaq istəmədiyi üçün istefa verdi. Amma real heç bir siyasi hərəkətlənmə bu istiqamətdə yoxdur.

Azərbaycanın qələbəsindən sonra uzun illərdir beyinləri zəhərləmiş mifik “böyüklük” ideologiyasının iflasa uğramasından tutmuş, hərbi, siyasi, iqtisadi baxımdan dövlət və millət olaraq hərtərəfli böhran dövrünü yaşayan ermənilər hansı məkrli, hiyləgər siyasəti başlamağı düşünürlər? Baş nazir Paşinyanın Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq haqqında verdiyi pozitiv mesajlar nə qədər səmimidir və reallaşması tezliklə mümkündürmü? Sonuncu sualı doğuran səbəb Paşinyanın indiyədək verdiyi bəyanatların həyata keçməsi istiqamətində real addımın atılmaması və ya yarımçıq olmasıdır. Müharibənin bitməsindən 15 ay keçməsinə baxmayaraq, nə sərhəddə, nə Qarabağda, nə yolların açılmasında heç bir problem həll olunmayıb. İndi də separatçı rejimin liderləri ilə Ermənistanın siyasi müxalifəti, daha çox keçmiş prezidentlər kəskin bəyanatlarla çıxış etməyə başlayıblar.

“Mən gəlmişəm bir daha bildirəm ki, Artsax heç vaxt Azərbaycanın hissəsi olmayacaq. Və dağıdıcı müharibəyə baxmayaraq, kapitulyasiyaya baxmayaraq, hələ də buna imkan var”.

Əvvəllər bu tip bəyanatları daha çox separatçı rejim liderlərinin dilindən eşidirdik, indi keçmiş prezident Serj Sarkisyan da xüsusi bir inamla bu məzmunda bəyanat verib. Doğrudan da, “kapitulyasiyaya baxmayaraq” hardandı bu inam düşməndə? Bunlar inamı, gücü erməni toplumundan almırlar, zatən bu xalq heç vaxt özünə inanmayıb, həmişə başqasına sığınaraq problemlərini həll etməyə çalışıblar və tarixən də bu işi sığındıqlarına xəyanət yolu tutmaqla ediblər.

Əlbəttə, hər zaman olduğu kimi indi də ən böyük dayaq olaraq Rusiyanı görürlər. Qarabağda yerləşdikləri bir gündən real sülhə tərəf bir addım belə atmayan Rusiya sülhməramlılarının hərəkətləri yalnız separatçıları deyil, İrəvandakıları da stimullaşdırır. Üstəlik, bir tərəfdən də Qərbdən gələn mesajlar ümidləndirir. Fransa dövlətinin mövqeyi bəllidir. Bir neçə ay olardı ki, ABŞ-nin Ermənistandakı səfiri xanım Linn Treysi ötən il göstərdiyi aşırı formada ermənipərəstliyinə fasilə vermişdi. Bu il ilk dəfə yanvarın 31-də səfir xanımın yenidən köhnə siyasətinə qayıtması müşahidə olundu. İki ölkə arasında diplomatik münasibətlərin yaranmasının 30 illiyi ilə əlaqədar səfir Treysi Baş nazirin müavini Tovmasyanla görüşüb. Görüş haqqında yayılan xəbərdə deyilir:

“Baş nazirin müavini Dağlıq Qarabağ münaqişəsinin yekun və hərtərəfli həllində ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-nin rolunu və missiyasını bir daha təsdiqləyib. Səfir Treysi baş nazirin müavini ilə razılaşıb ki, Dağlıq Qarabağın statusu məsələsi həll olunmayıb və bu proses ATƏT-in Minsk Qrupunun həmsədrliyinin mandatı çərçivəsində həyata keçirilməlidir”.

Göründüyü kimi, söhbət sadəcə Minsk Qrupunun mandatına davam etməsindən getmir, ABŞ səfiri deyir ki, Dağlıq Qarabağın status məsələsi həll olunmayıb. Heç inandırıcı deyil ki, xanım Treysi Azərbaycan dövlət başçısının “heç bir status olmayacaq” bəyanatından xəbərdar olmasın. Səfirin açıqlamasını erməni mediası geninə-boluna yayımlayır.

Katolikos II Karegin də ABŞ-yə səfər etdi. Katolikoslar – Aram və Qareginin son vaxtlar çağırışları və səfərləri də revanşist siyasətlə bağlıdır. Erməni kilsəsi həmişə Azərbaycana, Türkiyəyə düşmənçilik ideologiyasının başında gəlib, üstəlik, terrorun da.

Ermənilərin ayaqlanmasında səbəbkarlar yalnız kənar qüvvələrmi? Bəlkə, özümüzdə də axtaraq bizi narahat edən səbəbləri, günahları.

Baxmayaraq ki, heç bir nəticə hələlik yoxdur, amma istər-istəməz sual yaranır ki, Zəngəzur dəhlizi, sərhədlərin delimitasiya və demarkasiyasına indiyədək ayrılan siyasət niyə paralel olaraq Xankəndi və ətrafı ilə aparılmır? Lavrov deyəndə ki, Qarabağ məsələsinin sərhəd mübahisələrinə aidiyyatı yoxdur, biz bu bəyanatı fürsət bilib 15 aylıq susqunluğu poza bilərdikmi? Özümüzü Lavrova dəstək verirmiş kimi göstərib (hələ sərhədlər, sülh müqaviləsi, anklav kəndlər öz yerində), Qarabağda – nəzarət etmədiyimiz ərazilərimizdə tezliklə suverenliyimizi reallaşdırmaq üçün yol xəritəsini Rusiya sülhməramlılarına təqdim edəcəyimizi bəyan edə bilərdikmi? Necə ki, Lavrov sərhədlərin delimitasiyası üçün ermənilərin yeni təklif verdiklərini bildirmişdi, biz də planlarımızdan ibarət paketin mövcudluğunu və tezliklə Rusiya sülhməramlılarına çatdırılacağını bildirsəydik, kim narahat olacaqdı? Təbii ki, ermənilər. Ola bilsin daha effektli forma tapmaq olar, bunu işin içində olan səlahiyyətlilər daha yaxşı bilir, amma əsas odur ki, marağımızın mahiyyəti əks olunsun.

Burada 10 noyabr 2020 üçtərəfli razılaşmanın müddəalarına əsaslanaraq yol xəritəmizin hüquqi sənədlərə və ümumiyyətlə, beynəlxalq hüquqa dayandığını göstərmiş olurduq. Qarabağdan hamı – Rusiya, ABŞ, Fransa rəsmiləri, Ermənistan rəhbərliyi, separatçı rejim liderləri danışır, yalnız biz rəsmi mövqe bildirmirik. Separatçı rejimi, rəsmi, qeyri-rəsmi İrəvanı, diasporanı, bütün erməniləri, məlum dövlətləri status söhbətlərinə ruhlandıran məhz bu susqunluq deyilmi?

Getdikcə cəmiyyətdə suallar artır və bu vəziyyətdən qərəzli şəkildə istifadə edənlər də var, həqiqi narahatçılıq keçirənlər də. Kəlbəcərə Murovdan çəkilən tunel, Laçın dəhlizinin yeni yolu müsbət tərəfləri ilə yanaşı, həm də narahatçılığı artırır. Bu nəyə işarədir? Deməli, biz keçmiş Dağlıq Qarabağa dövlət nəzarətimizi tezliklə bərpa etmək imkanında olmadığımızdan Ağdərə yolu ilə Kəlbəcərə getmək perspektivi görünmür. Və ya yeni Laçın dəhlizi yolunun çəkilməsi də göstərir ki, yaxın zamanlarda Qarabağ probleminin tam həll olunması da böyük şübhə altındadır. Ağdam-Şuşa yolu isə heç yada salınmır.

Rusiya və Ermənistanın maliyyə yardımı ilə qarşıdakı illərdə, əsasən, Xankəndi və Ağdərədə daha çox əhali məskunlaşdırmaq üçün mənzil tikintisinin aparılması, başqa işlərin görülməsi planlaşdırılır və bundan sonra status məsələsini reallıq olaraq qarşımıza qoymağa çalışacaqlar. Həm də nəzərə alaq ki, bizim məcburi köçkünlərin də keçmiş Dağlıq Qarabağdakı doğma yurdlarına qayıtması gündəmdə deyil, müzakirə olunmur. Suallar çox, cavablar isə…

Xatırladaq ki, bu ay Xocalı qətliamının 30 ili tamam olur.

İlham İsmayıl

www.yenicag.az

630
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv