!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xarici universitetlərin Azərbaycanda tanınmayan DİPLOMLARI: “Tələbə ixtisas seçimi edərkən...”

!Reklam – Yazi

“Əgər tələbə xaricdə qiyabi və əyani-qiyabi təhsil alırsa, amma həmin ixtisas Azərbaycanda yalnız əyani əsaslarla təşkil olunursa, o zaman diplom tanınmır”.

Bu fikirləri xaricdə təhsil almış bəzi tələbələrin diplomalarının Azərbaycanda tanınmamasın səbəbləri haqda danışan təhsil eksperti Kamran Əsədov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, xaricdə təhsil alan azərbaycanlıların təqribən yarısının diplomunun ölkəmizdə tanınmamasının əsas səbəbi həmin məzunların məlumatsızlığıdır:

“Bu gün Azərbaycanda keçirilən qəbul imtahanlarında keçid balı toplaya bilməyən abituriyentlər xarici ölkələrdə, daha çox qardaş Türkiyədə distant və ya fərdi qrafik üzrə təhsil almağa üz tuturlar. Xarici təhsil xidməti göstərən bəzi şirkətlər valideyn və abituriyentlərin məlumatsızlığından istifadə edərək, onları bu formada təhsil almağa yönəldirlər. Həmin universitetlər və ixtisaslar Azərbaycan tərəfindən tanınır, amma təhsil alma forması bizim normativ hüquqi aktlara uyğun olmadığı üçün onların diplomları tanınmır.

O şirkətlər valideyn və abituriyentə Təhsil Nazirliyi tərəfindən həmin universitetin tanındığını əsas kimi göstərirlər. Hətta bu barədə nazirliyin müvafiq idarəsinin rəsmi saytında məlumat da yerləşdirilib. Amma onlar unutmamalıdır ki, universitetin ölkəmizdə rəsmi qaydada tanınması onun təhsil alma formasının da tanınması anlamına gəlmir. Hal-hazırda xarici ölkələrdə yalnız əyani və qiyabi təhsil alanların diplomları tanınır.

Qiyabi təhsil alanlar semestr ərzində azı 15 gün, əyani təhsil alanlar isə 90 gün həmin ölkənin ərazisində olmalıdırlar. Tələbələr lazımi araşdırma aparmadan və kifayət qədər məlumat əldə etmədən xaricdə təhsilə can atırlar. Sonda isə illərini, zamanlarını boş yerə sərf edirlər və Azərbaycanda tanınmayan, keçərsiz olan diplom əldə edirlər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi qaydaları”nın 3.7-ci bəndinə əsasən, diplomların tanınmasına aid mənfi qərar bir neçə xüsusi hallarda verilə bilər: Bunlardan birincisi tələbənin ali təhsil müəssisəsində tələb olunan müddətdən az vaxt keçirməsi, ikincisi isə təhsilin məzmunu mənimsəmək üçün tələb olunan minimal dil biliklərinin olmamasıdır.

Bu situasiya ilə qarşılaşmamaq üçün İELTS və ya TOEFL sertifikatınızın olması sizə çox kömək edəcək. Ən əsas göstəricilərdən biri isə odur ki, əgər sizin əyani və ya qiyabi təhsil aldığınız ixtisas Azərbaycanda yalnız əyani formada tədris olunursa, o halda diplom tanınmır.

Xarici diplomların Azərbaycanda tanınmasını həyata keçirdən Təhsildə Keyfiyyət Təminatı Agentliyi öz rəsmi saytında bildirir ki, tanınan universitetlərin siyahısı nə Təhsil Nazirliyi, nə də ki TKTA tərəfindən müəyyənləşdirilməyib. Yəni tələbə xarici diplomların tanınması məsələsini düşünərkən, universitet və ölkə seçimində sərbəstdir. Universitet və ölkə seçimi sərbəst olsa da, diqqət olunası məqam təhsil alacağınız universitetin öz ölkəsində tanınması ilə bağlıdır.

Digər və ən önəmli məsələ diplom və əlavəsinin leqallaşması ilə əlaqədardır. Leqallaşma mütləqdir, yəni bu möhür olmadığı halda, diplom tanına bilməz. Əgər tələbə qiyabi və əyani-qiyabi təhsil alırsa, amma həmin ixtisas Azərbaycanda yalnız əyani əsaslarla təşkil olunursa, bu zaman diplom tanınmır.

Yəni tələbə ixtisas seçimi edərkən, onun tədris formasına da fikir verməlidir. Yekun olaraq, əgər xaricdə tədris olunan ixtisas Azərbaycanda hər hansı bir ixtisasla ekvivalentlik təşkil etmirsə, təhsil qiyabi (Ukrayna xaric) və ya distant əsaslarla tədris olunursa, diplom və diplom əlavəsi leqallaşmırsa, universitet öz ölkəsində tanınmırsa, həmin diplomlar Azərbaycanda da tanınmayacaq”.

Nuray Məmmədzadə

www.yenicag.az

1924
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv