Xəzər dənizinin Kürə qarışması ilə bağlı RƏSMİ AÇIQLAMA

Son günlərdə Kür çayında suyun səviyyəsinin düşməsi və Xəzər dənizində küləyin sürətinin artması şirin su ilə duzlu suyun qarışmasına səbəb olub.

Yenicag.az xəbər verir ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Dilqəm Şərifov Trend-ə baş vermiş bu təbiət hadisəsinin suvarma işləri görən sahibkarlara heç bir problem yaratmadığını deyib. O qeyd edib ki, Kür üzü Xəzərə axdığı üçün sular yalnız qovuşma hissədə qarışıblar:

“Kür suyunun səviyyəsi aşağı düşəndə, istər istəməz, dənizin səviyyəsi yuxarıda qalır. Bu zaman külək dəniz suyunu Kürə tərəf vurur və iki suyun qarşıması baş verir. Ancaq xoşbəxtlikdən iki suyun qarışması yalnız Kür və Xəzərin qovuşmasının müəyyən hissəsində olur. Belə olduğu halda suvarmada istifadə olunan sularla duzlu su çox qarışmır”.

D.Şərifov əlavə edib ki, Kür suyunun səviyyəsinin enməsi suvarmaya mənfi təsir göstərir:

“Kür suyunun aşağı düşməsinə səbəblərdən biri də ilkin mənbələrdi. Belə ki, Türkiyə və Gürcüstanda yağıntıların az olması suyun aşağı düşməsinə gətirib çıxarır. Kür suyunun səviyyəsi aşağı olduğu zaman isə bizim ASC-yə aid olan nasoslar suyu lazımi səviyyədə darta bilmir, bu da suvarmada müəyyən çətinliklər yaradır”.

COP29