Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Rusiya Xarici İşlər naziri Sergey Lavrovun İrəvanda keçirilən mətbuat konfransı zamanı Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı sualı cavablandırarkən səsləndirdiyi fikirlərinə münasibət bildirib.
XİN-in Mətbuat xidmətindən Yenicag.az -a verilən məlumatda qeyd olunub ki, ölkəmizin Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təklif olunan hər hansı planın tərkib hissəsini təşkil edir:
“Hər zaman qeyd etdiyimiz kimi, bir daha vurğulamaq istərdim ki, yalnız bu bölgədən didərgin salınmış azərbaycanlıların Dağlıq Qarabağda öz evlərinə geri qayıtması münaqişənin Azərbaycan Respublikasının sərhədləri daxilində bölgənin hər iki, azərbaycanlı və erməni icmalarının sülh və təhlükəsizlik şəraitində birgə yaşamasını nəzərdə tutan yüksək səviyyəli özünüidarəetmə statusu əsasında həlli üçün real imkanlar aça bilər. Bunun üçün isə ilk növbədə, münaqişənin həlli ilə bağlı substantiv danışıqlar aparılmalı və Ermənistanın işğalçı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonundan çıxmalıdır”.