Xızı rayonunda top mərmisi tapılıb.
ANAMA-dan Yenicag.az-a verilən məlumata görə, martın 30-da saat 16:41-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 16:45 -də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Xızı rayonu, Sitalçay kəndi ərazisində mərminin tapılması barədə məlumatlar daxil olub.
“Məlumatlara əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə əkin sahəsinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd 125 mm-lik top mərmisi (OF-26) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Aşkar olunmuş mərminin ətrafında 2 000 kv.m əraziyə yeraltı baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib”, – məlumatda qeyd olunub.
Ümumilikdə, Agentlik tərəfindən yanvarın 1-dən martın 30-dək Ağdam, Ağcabədi, Ağstafa, Abşeron, Beyləqan, Füzuli, Tərtər, Qazax, Naftalan, Goranboy, Yevlax, Xızı, Şəmkir, İsmayıllı, Lənkəran rayonları, Bakı, Gəncə və Sumqayıt şəhərləri ərazisində 9 ev və həyətyanı sahəyə, 4 əkin sahəsinə, 1 fərdi yaşayış evinin qarşısına, 1 ferma ərazisinə, 8 otlaq sahəsinə, su kanalına, kənd qəbirstanlığının yaxınlığına, məişət tullantıları ərazisinə, yol kənarına, RPŞ-nin inzibati ərazisinə, hərbi hissənin yaxınlığına, Yuxarı Qarabağ kanalına, beton zavod və bazar ərazisinə baxış keçirilib, 2399 ədəd partlamamış hərbi sursat, 2 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 33 115 kv.m ərazi yoxlanılıb.