“Palmali” Şirkətlər Qrupu, “Yeni Çağ” Media Qrupu və İstanbul Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin təşkil etdiyi Kampaniya İstanbul Universitetində baş tutur.
Yenicag.az xəbər verir ki, kampaniya soyqırım qurbanlarının bir dəqiqəlik sükutla yad edilməsindən sonra Türkiyə və Azərbaycan himnlərinin səsləndirilməsi ilə açıq elan edilib.
Ardınca Xocalıda baş verən soyqırımla bağlı videoçarx nümayiş edilib.
Layihənin koordinatorları Aqil Ələsgər, Nihad Allahyarlı və Rəşid Mustafazadə kampaniya ilə bağlı ümumi məlumat veriblər.
Açılış nitqi söyləyən İstanbul Universitetinin rektor müavini, prof. dr. Sedat Murat qeyd edib ki, bütün türk dünyası Xocalının ağrı-acısını öz qəlbində hiss edir. O, qondarma erməni soyqırımından da söz açaraq bildirib ki, türk milləti heç bir vaxt torpaqlarında yaşayan heç bir millətə qarşı təzyiq göstərməyib.
Daha sonra Milli Məclisin üzvü Sona Əliyeva çıxış edərək Xocalının Azərbaycan üçün əhəmiyyətindən bəhs edib. O bildirib ki, türk milləti yıxıldıqdan sonra ayağa qalxmağı yaxşı bacarır. Millət vəkili həmçinin, ötən il 100-cü ildönümü qeyd olunan Azərbaycan Xalq Cumhuriyyəti haqqında danışaraq, dövlətçiliyimizin güclü təməllər üzərində qurulduğunu deyib.
Millət vəkilinin ardınca isə TBMM üzvü Saffet Sancak Bosniya-Hersoqovinada baş verən soyqırımla Xocalı soyqırımını müqayisə edib.
“Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov isə çıxışında onun üçün erməninin pisi, yaxşısı olmadığını söyləyib və bildirib ki, düşmənlə modern dünyaya uyğun üsullarla mübarizə aparmaq lazımdır. O, bu mübarizədə ən çox gənclərin məsuliyyət daşıdığını vurğulayıb və kampaniyaya qoşulan bütün gənclərə təşəkkür edib.
Kampaniyaya mənəvi dəstək verən tanınmış sənətçilər, jurnalistlər və ictimai xadimlər Xocalı həqiqətlərinin dünyaya çatdırılması üçün hər şeyə hazır olduqlarını deyiblər. Türk sənətçi Hülya Avşar öz tarixinə sahib çıxmağın türk millətinin qanında olduğunu söyləyib. Ahmet Şafak Azərbaycan-Türkiyə qardaşlığından söz açıb və iki ölkə münasibətlərinin bütün türk dünyasına örnək olduğunu dilə gətirib. O, bir çox bəstəsini Azərbaycanda qələmə aldığını deyib.
Xatırladaq ki, “Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası zamanı könüllülər #hocalıiçinpaylaş və #shareforkhojaly həştəqləri ilə sosial şəbəkədə həm Türkiyə, həm də dünya üzrə ilk sıralara daxil olmağı hədəfləyirlər. Üzərində “Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyasının xüsusi geyimi olan və sosial media üzrə xüsusi təlim keçmiş könüllülər gün ərzində bu həştəqlərlə Xocalı Soyqırımı başda olmaqla, Qarabağ həqiqətlərini dünyaya çatdırmaq üçün çalışacaqlar.