!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ya "Dədə"miz olmalıdır, ya da ağlamağa ana-bacımız - Çingiz Özgür yazır

!Reklam – Yazi

İstənilən adamın bir “beyin siyahısı” var. Bu siyahıda görəcəyi işlər qərarlaşıb. Görəcəyi önəmli işlər. Kiminin siyahısında bir iş var, kimində beş məsələ düzülüb, kiminçünsə bu siyahı ona qədər çıxır. Bəzən çox qarmaqarışıq olur bu siyahı. Günorta hansısa tanıdığının yası, axşamsa kiminsə toyu yer alır siyahında. Hadisələr o qədər fərqliliklə və çeşidliklə düzülür ki, insan gün ərzində qəlibdən qəlibə düşməli olur. Xəstəxanada kimisə ziyarət edərkən narahat, yasda qəmgin, toyda şən. Yaradılışın mükəmməlliyi bunların hamısını yaşamağa imkan verir. Amma bəzən…

Düz üç gündür beyin siyahımızda yazılan hər şey pozulub, yerini Türkiyədəki zəlzələ və gətirdiyi faciə doldurub. Bundan başqa nə bir işimiz qalıb, nə düşündüyümüz, nə də düşünə biləcəyimiz. “Beyin siyahımız”ın ilk onluğunu fəlakət və bu fəlakətin yaşatdığı faciələr tutub. Başqa mövzudan danışana, başqa şeylər haqda düşünənə qəribə baxırıq. İndi bizim bircə mövzumuz var.

Faciənin miqyası gözlər önündədir. Əsrin fəlakəti yaşanır bölgədə. Zəlzələ, dağıntı, şaxta, yolsuzluq. Bunları saytdan bu yazını oxuya biləcək hər kəs bilir, fərqindədir. Belə vaxtlarda, adətən, ilk olaraq “mən demişdim” deyənlər ortaya çıxır, sonra belələrinin sayı o qədər artır ki, çarəsizlik içində olan xalqda ikrah yaranır və danışan hamı qınaq obyektinə çevrilir. Danışmağın heç nəyə yaramadığı dönəmdə, faciənin şokunu adlada bilməyən insanlara ekranlardan tənbeh yağdırmaq, təbii ki, qınaq yaradacaq. Deyilənlər, yazılanlar indiki zaman üçün heç nə kəsb etmir. Amma gələcək üçün deyilən hər bir söz, hər bir öyüd nəzərə alınmalıdır. “Bir daha olmayacaq”, “bizdə olmayacaq” düşüncələri ən zərərli düşüncələrdir. Ekspertlər, bilicilər dinlənilməli, amma dinlənilməklə da qalınmamalı, deyilənlərdən nəticə çıxarılmalıdır.

Mən özümü də narahat edən sualların cavabını axtarıram neçə gündür. İndi bir növ səsli düşünəcəyəm bu yazıda. Məsələn, elə götürək faciənin miqyasını. “Niyə bu qədər böyük ölçüdə dağıntı baş verdi?” sualının cavabını əksər insan Türkiyədə hər zaman aktual olan “kötü müteahhit” – yəni “pis mühəndis”də axtarır. Bəli, binaların tikintisində nəyinki zəlzələnin, heç bir təbii fəlakətin nəzərə alınmaması, necə gəldi, tələm-tələsik tikilməsi bugünkü dağıntıların səbəblərindən biridir. Əsas səbəb isə başqadır. Məsələ budur ki, Türkiyənin böyük bir bölgəsini əhatə edən regionda ard-arda iki böyük zəlzələ baş verib. Biz bunu dəfələrlə oxuyub keçirik, fərqinə varmırıq, amma əsas səbəb məhz budur. Belə şiddətli iki ardıcıl zəlzələ, demək olar ki, indiyə qədər müşahidə edilməyib. Birinci zəlzələdən sonra binalarda uzun müddət hiss edilən və edilməyən titrəmə yaşandığı bəllidir. Məhz bu titrəmə anında ikinci böyük zəlzələ baş verib. Düşünün ki, sola doğru titrəmə hərəkətində olan binada, sağdan sola doğru ikinci bir titrəmə, həm də yeddi bal yarımdan yuxarı gücdə bir titrəmə baş verir.
Orta məktəb fizikasından da bilirik, yer üzərindəki bütün cisimlər onsuz da rəqs edir. Əgər yaddaşınız sizə bunu xatırlamağa əziyyət verirsə, onda əsgərlərin körpüdən keçərkən niyə nizamlı addımla keçmədiyini yada salın. Nizamlı addımla addımlayan əsgər bölüyünün uçurduğu körpü hadisəsini xatırlayın. İndi düşündüklərinizi Türkiyə zəlzələsindəki hadisələrlə birləşdirin. Binaların öz rəqsi hərəkəti, birinci zəlzələdən sonrakı “rəqs” və bu zaman əks tərəfdən gələn, daha şiddətli ikinci titrəmə. Fəlakətin böyüklüyünün, dağıntının miqyasının əsl səbəbi məhz budur.

İkinci səbəb, şübhəsiz ki, insan amili, yəni tikinti aparan şirkətlərin yarıtmazlığıdır. Burada tikintidən sonra mənzillərdə təmir aparılarkən ustaların savadsız və etinasız yanaşması, əsas beton dayaqların zədələnməsi də ciddi nüanslardandır. Bu hallar, mütləq ki, hər binada ən azı bir neçə mənzildə var. Niyə var, niyə insanlar öz əli ilə öz məzarını qazır, təbii ki, savadsızlıq və görməmişlikdən. Bakıda Sovet vaxtı tikilən 4-5 otaqlı evlərdə azmı otaqların arası açılıb, geniş salonlar yaradılıb. Bu zaman binanın əsas dayaqları, binanı saxlayan betonlar nəzərə alınıbmı? Əlbəttə ki, yox. Bəli, biz bütün məsələlərdə qardaş xalqıq!

Türkiyədə olanlar, diqqət edənlər yaxşı bilir. Əksər şəhərlərdə addımbaşı rast gəlinən “oto ekspertiz” yazılarını görürük. Azərbaycan dilinə “avto ekspertiza” kimi uyğunlaşdırılan bu söz, avtomobillərin dəyərləndirilməsi, ekspertizadan keçirilməsi deməkdir. Bəli, Türkiyə şəhərlərində Avtomobil alıb-satanlar üçün yüzlərlə belə yer fəaliyyət göstərir. İnsanlar aldıqları avtomobilin rahatlığından benzin sərfiyyatına, təhlükəsizliyindən, ehtiyat hissə qiymətlərinə qədər hər şeyi araşdırır, sonra alırlar. Amma gəlin görək ev alınarkən belə bir xidmət varmı? Varsa, nə qədər adam bu xidmətdən istifadə edir? İnşaata olan hər hansı idarənin nəzarətini demirəm, bu idarələr Türkiyədə də elə bizdəki kimi işləyir, bu, sirr deyil. Söhbət hərtərəfli peşəkar mütəxəssislərdən ibarət özəl qurumdan gedir. Bizim ölkədə də ehtiyac olan qurum. Hətta deyərdim, Türkiyədən daha çox ehtiyac var. Belə bir özəl qurum olarsa, insanların bu quruma müraciət etməsi belə bəs edər ki, bundan sonrakı tikililərdə şirkətlər məsuliyyətli olsun. Əks halda, tikdiklərinin alınmayacağını bilmələri bəs edər. Amma ki hanı?

Əlqərəz, bu dəfə, sözün əsl mənasında, zəlzələdən-vəlvələdən minlərlə adam həyatını itirib, yaralanıb, evsiz-eşiksiz qalıb. Yaşanan faciənin bu qədər böyük miqyasda olmasının bir böyük səbəbi də var: Türkiyə xalqı İşıkaranı unutmuşdu. Əhməd Mete İşıkaranı. Türkiyənin “Deprəm Dədə”si unudulmuşdu. Və bu unudulmanın cəzasını təbiət çox ağır verdi.

Kim idi Əhməd Mete İşıkara? Böyük bilim adamı, geologiya uzmanı və maarifçisi, nağıllardakı “ağ saçlı kişi”lər kimi mehriban və xeyirxah bir insan idi. Türkiyənin əsas rəsədxanası olan Kandilli Rəsədxanasının başçısı, zəlzələ üzrə mütəxəssis idi. 1999-cu ildə Türkiyədə yaşanan zəlzələdən sonra cəmiyyəti zəlzələ ilə bağlı maarifləndirmə yolunda gördüyü işlərə görə Türk xalqı ona “Deprəm Dədə” adını vermişdi. İşıkara zəlzələdən panikaya düşməyi yox, zəlzələ ilə yaşamağın yollarını öyrədirdi xalqa. Zəlzələnin necə baş verdiyini, səbəblərini, zəlzələ anında nə etmək lazım gəldiyini öz şirin ləhcəsi ilə ekranlardan başa salırdı. Məktəblərdə, Universitetlərdə görüşlər keçirirdi. Əsasən, uşaqlar və gənclər tərəfindən sevilən İşıkaranın uşaqlar yaxşı başa düşsün deyə cizgi filmi belə çəkilmişdi. Hansı bölgələrdə nələrə diqqət etmək lazım olduğunu, binaların hansı dayanıqlıqda olmalı olduğunu dəqiqliyi ilə deyirdi. “Dəprəm Dədə”nin zamanında Türkiyədə “zəlzələ çantası” olmayan ev çox az olardı. Bu çantanın içində nələrin olmasını da birbəbir izah edirdi bu gözəl insan. Nə qədər ki həyatda idi, bütün fiziki probleminə, xəstəliyinə baxmayaraq, bir an belə dayanmırdı dədə. Dünya maarifçilərin, elmin çiyinlərində dayanır, şəksizdir. Türkiyədə zəlzələ elmi məhz bu fiziki zəif, yaşlı insanın çiyinlərində idi. Deyirdi, danışırdı, göstərirdi, izah edirdi. Əgər cəmi beşcə dəqiqə vaxtınız varsa, “Deprem” çizgi filminə baxın, mən dediklərimdən daha artığını orada görəcəksiniz.

Düz on ildir Əhməd Mete İşıkara dünyada yoxdur. 2013-cü ildə “çeşidli orqan yetməzli”yindən dünyasını dəyişdi. “Dəprəm Dədə” həyatdan gedəli onun özü də, dedikləri də yavaş-yavaş unudulmağa başlandı. Zəlzələ ilə Türk xalqını “dost edən” insanın yoxluğunun onuncu ilində yeni bir “düşmənlik” başlandı. Bu dəfə ən böyüyü. İşıkaranın dediklərinə əməl edilsəydi, faciənin miqyası qat-qat aşağı ola bilərdi. Ona görə başda yazmışdım ki, bu gün deyilənlər gələcək üçün gərəklidir. Türkiyə öncə İşıkarasız, sonra isə işıqsız qaldı, qaranlığa qərq oldu, can məmləkətimiz!

İndi Türkiyəyə yeni bir “Dədə” lazım. İşıq üçün, aydınlıq üçün! Zəlzələni anlamaq, başa düşmək və zəlzələ ilə “dost” olmaq üçün yeni bir “Dəprəm Dədə” yə ehtiyac var. Nəinki Türkiyədə, elə bizdə də. Hətta bizdə Türkiyədən daha çox ehtiyac var dədəyə!

Ya bir DƏDƏmiz olmalıdır, ya da ki, çoxlu ana-bacımız. Ağlamağa…

www.yenicag.az

466
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv