!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yaqub Babayev - 65: Klassik Azərbaycan ədəbiyyatının görkəmli tədqiqatçısına təbrik

!Reklam – Yazi

Azərbaycan filologiyasının, xüsusilə də ədəbiyyatşünaslıq elminin inkişafında mühüm xidmətləri olan görkəmli alim, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, filologiya elmləri doktoru Yaqub Məhərrəm oğlu Babayevin 2023-cü il oktyabrın 12-də 65 yaşı tamam olur.

Yaqub Babayev 1958-ci ildə Gədəbəy rayonunun Dəyəqarabulaq kəndində anadan olmuşdur. Doğulduğu kənddə 8 illik məktəbi (1973) və Rüstəm Əliyev (indiki Miskinli) kənd tam orta məktəbini bitirmişdir (1975). O, 1976-1980-ci illərdə Gəncə Dövlət Pedaqoji Universitetində (o zamankı KDPİ) ali təhsil almış və bir müddət İsmayıllı rayonunda pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Yaqub müəllimin elmə olan marağı, xüsusilə ədəbiyyatımızı dərindən araşdırmaq səriştəsi onu rahat buraxmamış və bu həvəs gənc müəllimi yenidən Bakıya gələrək 1985-1988-ci illərdə ADPU-nun əyani aspiranturasında təhsil almağa sövq etmişdir.

Böyük həvəslə diqqətini və zamanını öz dissertasiyasına ayıran gənc tədqiqatçı təhsil müddətində mövzu üzərindəki işini yekunlaşdırır. Beləcə Yaqub müəllim 1989-cu ildə professor Məmməd Məmmədovun elmi rəhbərliyi ilə “Azərbaycan uşaq nəsrinin inkişafı tarixindən (1905-1920)” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsi almışdır. 2011-ci ildə isə “Anadilli Azərbaycan şeirinin poetikası (XIII-XIV əsrlər)” adlı doktorluq dissertasiyasını uğurla müdafiə edib filologiya elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür.

1990-cı ildən həyatını Azərbaycan Dövlət Pedaqoji Universitetinə bağlayan Yaqub Babayev otuz ildən çoxdur ki, bu ali təhsil ocağında elmi-pedaqoji fəaliyyətlə məşğuldur. O, 1990-1992-ci illərdə ADPU-nun “Folklorşünaslıq” laboratoriyasında kiçik elmi işçi, 1992-1994-cü illərdə baş elmi işçi vəzifələrində çalışmış, 1994-1998-ci illərdə Azərbaycan ədəbiyyatı tarixi kafedrasında müəllim işləmişdir. Daha sonra 1998-2003-cü illərdə həmin kafedranın, 2003-2011-ci illərdə isə Folklor və qədim dünya ədəbiyyatı kafedrasının dosent vəzifəsində çalışmışdır. İki kafedra birləşdiyi üçün yenidən Azərbaycan ədəbiyyatı tarixi kafedrasında (2011-2015) calışmışdır. 2015-ci ildən Ədəbiyyat və onun tədrisi metodikası kafedrasında fəaliyyətini davam etdirən alim 2017-ci ildən həmin kafedranın professorudur.

Y.Babayev ayrı-ayrı vaxtlarda uşaq ədəbiyyatı və folklorla məşğul olsa da, o daha çox ədəbiyyat tarixçisi kimi tanınmışdır. Buna görə də alimin elmi yaradıcılığını üç istiqamətdə dəyərləndirə bilərik:

1. Yaqub Babayev uşaq ədəbiyyatının tədqiqatçısı kimi. Öncə də qeyd etdiyimiz kimi, müəllifin namizədlik dissertasiyası uşaq ədəbiyyatı mövzusuna həsr olunmuşdur. Onun bu istiqamətdəki yaradıcılığına 1992-ci ildə M.Məmmədov və T.Cavadovla birlikdə yazdığı “Pedaqoji mühit və uşaq ədəbiyyatı” adlı dərs vəsaitini, həmçinin 1998-ci ildə yenə M.Məmmədov və T.Cavadovla birlikdə tərtib etdiyi “Azərbaycan klassik uşaq ədəbiyyatı antologiyası” kitabını aid etmək olar.

2. Yaqub Babayev foklor toplayıcısı və ya folklorşünas kimi. Yaqub müəllim istər ADPU-nun “Folklorşünaslıq” laboratoriyasında çalışdığı müddətdə, istərsə də sonrakı illərdə folklor materiallarının toplanması və nəşri işində yaxından iştirak etmişdir. Sanki alim bütün yaradıcılığı boyunca folklordan ayrılmamış, onu daim araşdırmalarının mərkəzində saxlamışdır. Xüsusilə də Yaqub müəllim tədqiqatdan kənarda qalan, ictimaiyyət tərəfindən az bilinən folklor materiallarını, aşıq ədəbiyyatının nümayəndələrinin poetik irsini toplayıb nəşr etdirməklə məşğul olmuşdur. Bu sırada onun müxtəlif illərdə Miskin Vəlinin küllüyyatını toplayıb nəşr etdirməsi folklorşünaslığımıza dəyərli töhfədir: Miskin Vəli, Növrəs İman. İki ustad (1996), Üç el şairi (1999), Miskin Vəli. Şeirlər, dastanlar (2016).

3. Yaqub Babayev klassik Azərbaycan ədəbiyyatının tədqiqatçısı kimi. Qeyd etdiyimiz kimi, Yaqub müəllim uşaq ədəbiyyatı və folklorla məşğul olsa da, onun elmi yaradıcılığının mərkəzində klassik Azərbaycan ədəbiyyatı dayanır. Alim bu istiqamətdə sanballı monoqrafiya, dərs vəsaiti, dərslik və məqalələrin müəllifidir. Onun “Təriqət ədəbiyyatı: sufizm, hürufizm” adlı dərs vəsaiti (2007; 2011), “Ana dilli Azərbaycan ədəbiyyatının təşəkkülü və epik şeirin inkişafı (ХIII-ХIV əsrlər)” (2008), “ХIII-ХIV əsrlər anadilli lirik şeirimizin inkişaf yolu” (2009) adlı monoqrafiyaları, “Azərbaycan ədəbiyyatı tarixi (XIII-XVIII əsrlər)” (2014; 2018) adlı dərsliyi tədqiqatçıların və tələbələrin stolüstü kitablarıdır.

Bunlardan başqa, Yaqub müəllim həmin sahə üzrə ADPU-da pedaqoji fəaliyyətlə məşğul olduğundan bu yöndə bir çox tədris vəsaitləri və proqramlar da hazırlamışdır. Onlara 2005-ci ildə hazırladığı “Orta əsrlər Azərbaycan ədəbiyyatı (magistr hazırlığı üçün)”, 2015-ci ildə tərtib etdiyi “Füzulinin poetikası (magistr hazırlığı üçün), 2018-ci ildə hazırladığı “ХIII-ХVIII əsrlər Azərbaycan ədəbiyyatı tarixi” adlı proqramları aid edə bilərik.
Yaqub Babayev ümumilikdə bir dərsliyin, iki dərs vəsaitinin, dörd fənn proqramının, iki monoqrafiyanın, dörd toplama və tərtib kitabının, 150-dən artıq elmi və elmi-publisistik məqalənin müəllifidir. Türkiyə, Qazaxıstan, Türkmənistan, Rusiya, İran, Ukrayna kimi müxtəlif ölkələrdə keçirilən elmi konfransların materiallarında, yaxud həmin ölkələrin nüfuzlu elmi jurnallarında onun klassik ədəbiyyatımızın aktual problemlərinə və ayrı-ayrı ədəbi şəxsiyyətlərə həsr olunmuş 15-dən çox elmi məqaləsi dərc olunmuşdur. Həmçinin respublikamızda keçirilən beynəlxalq və respublika səviyyəli elmi konfranslarda klassiklərimizlə bağlı maraqlı məlumatları elmi ictimaiyyətin diqqətinə çatdırmışdır.
Yaqub müəllim televiziya və mətbuatdakı çıxışları ilə diqqət çəkir. Uzun illərdir ki, Mədəniyyət TV-də yayımlanan “Məclisi-üns” verlişində mütəxəssis kimi çıxış edən ədəbiyyatşünas alim həm də Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvüdür.
Yaqub Babayev məhsuldar və səmərli elmi-pedaqoji fəaliyyətinə görə dəfərlərlə müxtəlif mükafatlara və fəxri adlara layiq görülmüşdür. O, 2014-cü ildə ADPU-da “İlin müəllimi” seçilmiş, 2017-ci ildə Türksoyun “M.P.Vaqif” medalını almışdır.

Ədəbiyyatşünaslıq sahəsindəki xidmətlərinə görə 2015-2016-cı illərdə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə, 2019-cu ildə Mədəniyyət Nazirliyinin nüfuzlu “Qızıl kəlmə” mükafatına layiq görülmüşdür. 2021-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə “Əməkdar müəllim” fəxri adını almışdır.
Yaqub Babayev ölkəmizin aparıcı ədəbiyyatşünas alimlərindən biri kimi bəzi elmi şura və komissiyaların üzvü kimi fəaliyyət göstərir. Belə ki, o bir müddət AAK-ın filologiya elmləri üzrə ekspert şurasının üzvü olmuş, hazırda isə AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin nəzdində mövcud olan Dissertasiya Şurasının üzvüdür.

Ömrünün 40 ilindən çoxunu pedaqoji fəaliyyətə həsr edən Y.Babayev həm də ölkəmizin tanınmış pedaqoqlarından biridir. Elmi yaradıcılığında uğurlu qələm sahibi olduğu kimi, onun müəllimik fəaliyyəti də gələcəyin müəllimləri üçün sözün əsl mənasında örnəkdir. O, APDU-da pedaqoji yönümlü ixtisaslarda təhsil alan tələbələrə klassik irsimizi layiqincə tədris edir, böyük ədəbi şəxsiyyətlərimizin yaradıcılığını müasir gəncliyə sevərək, yorulmadan öyrədir, onlara mənəvi dəylərimizi aşılayır. Yaqub müəllimin dərsləri yalnız kitbalardakı bilikərdən ibarət deyil, o həm də yeni nəslə həyat dərsi öyrədir, onların yüksək mənəvi keyfiyyətlərə malik vətəndaşlar olmaları üçün əlindən gələni əsirgəmir. Çünki ədəbiyyatşünas alim klassik irsimizi ilk növbədə mənəviyyat xəzinəsi hesab edir (Heç şühbəsiz ki, əsil ədəbiyyatçının ilk missiyası da bu olmaldır!) və yetişməkdə olan nəslin mənəvi zənginliklər içərisində cəmiyyətə xidmət etməsini vacib sayır. Yaqub müəllimin ədəbiyyat və mənəviyyat dərslərini böyük heyranlıqla dinləyən bütün tələbələri bu dəyərli müəllimə böyük rəğbət göstərir, illərin məzunları bu peşəkar müəllimdən dərs aldıqlarından qürur hissi keçirirlər.
Yaqub müəllimin fəaliyyəti gənc müəllimlər və tədqiqatçılar üçün də bir nümunədir. ADPU-nun SABAH qruplarının müəllim kollektivinin əksəriyyətinin gənc olduğunu nəzərə alsaq, burada dərs deyən çox təcrübəli və tanınmış pedaqoqlardan biri kimi Y.Babayevin öz gənc həmkarlarına isti və səmimi münasibəti, onlara verdiyi qiymətli tövsiyələr, rəhbərlik etdiyi doktorantlara və magistrantlara göstərdiyi xüsusi qayğı bu nəcib alimin cəmiyyətdəki əsil ziyalı möveyindən xəbər verir.

Yaqub müəllimi anadan olmasının 65 illiyi münasibətilə ürəkdən təbrik edir, yaşının və yaradıcılığının müdrik çağında ona möhkəm cansağlığı, elmimizin və təhsilimizin inkişafı naminə fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq. Yubileyiniz mübarək, dəyərli alimimiz!

Ramil Bayramov, Pərvin Eyvazov

BDU-nun “Türkoloji araşdırmalar” ETL-in elmi işçiləri

www.yenicag.az

882
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv