Bu gün “Fairmont Baku” otelində Ankara Ticarət Palatasının (ATO) dəstəyi ilə ATO Yaradıcı Sənayelər və Markalaşma Xüsusi İxtisas Komissiyası (KOSGEB) və Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) birlikdə təşkil etdiyi “Yaradıcı sənayedə ixracat turu” görüşlərinin açılış mərasimi keçirilib.
Yenicag.az xəbər verir ki, mərasimdə Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fateh Kaçır, Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı, ATO sədrinin müavini, Türkiyə Şəhər Şuralarının sədri Xəlil İbrahim Yılmaz, KOSGEB sədrinin müavini Rəcəb Kılıç, ATO-nun Yaradıcı Sənayelər və Markalaşma Xüsusi İxtisas Komissiyasının sədri Berat Quzu, ASK sədri Məmməd Musayev, Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) İdarə Heyətinin sədri Camal Yanğın çıxış edərək iki ölkə arasındakı iqtisadi-ticari əlaqələrin inkişaf perspektivlərini dəyərləndiriblər.
Nazir Mehmet Fateh Kaçır çıxışında Azərbaycanı ixracat hədəfi olan ölkə qismində görmədiyini, qardaşlığımızın daha da möhkəmlənməsi üçün istehsal gücümüzü birlikdə artırmağın və dünyaya birgə açılmağımızın zamanının yetişdiyini qeyd edib.
Toplantıda çıxış edən Xəlil İbrahim Yılmaz iqtisadi artımı şərtləndirəcək yeni sektorların və fəaliyyət sahələrinin tanıdılmasının əsas məqsədləri sırasında olduğunu bildirib.
Azərbaycan-Türkiyə iqtisadi-ticari əlaqələrinin genişləndirilməsinin perspektivlərindən danışan Yılmaz iki ölkə arasında bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduğunu vurğulayıb.
KOSGEB sədri Berat Quzu bütün ölkələrdə dövlətin yaradıcı sənaye qurumlarının mövcudluğunu xatırladaraq ticarət dövriyyəsinin genişləndirilməsində həmin quruluşların mühüm rol oynadıqlarını diqqətə çatdırıb.
Berat Quzunun sözlərinə görə, ümumi həcmi 2 trilyon dollar olan yaradıcı sənayenin bazar payı orta hesabla 300 milyard dollardır. Bu isə sadəcə Türkiyədə 1,5 milyon potensial iş yeri anlamına gəlir. Göstərilən rəqəm qlobal əmək bazarının təqribən 3,3 faizinə bərabərdir.
Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı Azərbaycanla Türkiyənin “Bir millət, iki dövlət” prinsipindən vahid dövlət platformasına keçməkdə olduğunu bildirərək artıq hər iki qardaş ölkə vətəndaşlarının eyni həssaslıqla davrandıqlarını söyləyib.
ASK sədri Məmməd Musayev və ATİB rəhbəri Camal Yanğın da çıxışlarında iş adamlarının üzərinə düşən məsuliyyətdən bəhs ediblər.
Açılış mərasimindən sonra iki ölkənin iş adamları arasında əməkdaşlıq imkanları müzakirə olunub.
www.yenicag.az