!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yaşamaq istəyiriksə, yaratmalıyıq... - Cəfər Cabbarlının doğum gününə

!Reklam – Yazi

20 mart 1899 Cəfər Cabbarlının doğum günüdür.

Yaşam insanın doğulduğu andan son nəfəsini verdiyi vaxta qədərki zaman kəsiyidir. Bu zaman ərzində şəxsin yaşayış tərzi onun həyat yoluna çevrilir. Həmin həyat yolu bəzilərində uzun, bəzilərində isə qısa olur. Hər kəs uzun bir ömür arzulayır, lakin kəmiyyət-keyfiyyət meyarı yaddan çıxmamalıdır. Yaşam içərisində fərq yaratmaq, tarixə adını ölməz şəxsiyyət olaraq həkk etmək hər kəsə nəsib olmur. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair, yazıçı və dramaturq Cəfər Cabbarlı üçün də bu fikirlər uyğundur. Cəmi 35 il yaşayan dramaturq (1899-1934) yaradıcılığı ilə özündən sonra gələn nəsillər üçün ölməzliyin nümunəsinə çevrilmişdir.

Fenomenal təfəkkür sahibi, qüdrətli dramaturqun sənət uğrunda apardığı münaqişələr, qaldırdığı problemlərin bir çoxu bugünkü zamanla səsləşir.  Yeni ilə köhnə, azadlıq ilə istismar, eqoizm ilə altruizmin mübarizəsi ideyası Cabbarlı sənətinin uzunömürlüyünü təmin edən cəhətlərdir.

Ədibin yaradıcılıq yolu poeziya ilə başlayır, nəsr və dramaturgiya ilə davam edir. Ədəbiyyat aləminə ilk addımlarını 1905-ci ildə daxil olduğu 7-ci Müsəlmani və rus məktəbində atır. Burada Süleyman Sani Axundоv, Abdulla Şaiq, Rəhim bəy Şıxlinski, Əlməmməd Mustafayev kimi maarif fədailərindən dərs alır və müəllimləri məktəbli Cəfərin formalaşmağında böyük rol oynayırlar. 1915-ci ildə “Məktəb” jurnalında “Bahar” adlı ilk şeiri nəşr olunur. Yaradıcılığının əvvəllərində yazdığı “Aslan və Fərhad”, “Mənsur və Sitarə”, “Əhməd Qumru” kimi əsərləri müəllifin maarifçilik dünyagörüşünün ifadəsi idi. Akademik Məmməd Arifin “Cabbarlının şeir və hekayələri” adlı məqaləsində də müəllifin yazıya olan eşqinin tərənnümünü görmək mümkündür: “Uzun zaman “hələ uşaqsan” deyə burjua-mülkədar mətbuatı qapılarından qоvulan Cabbarlı ruhdan düşməyir, hekayələr və hətta pyeslər yazmağa başlayır”.
Cəfər Cabbarlının öz düşüncələrini, həyata baxış tərzini ən şəffaf halıyla gördüyümüz əsərləri isə heç şübhəsiz, dram əsərləridir. O, 1915-ci ildə ilk dram əsəri olan “Vəfalı Səriyyə”ni yazmağa başlayarkən qənaətlə tоpladığı qəpiklər hesabına ucu nazik perоlu bir qələm, qalın və təkcızıq vərəqli, yığcam bir cib dəftərçəsi aldı. Və hər şey elə bundan sonra başladı. Dövrünün görkəmli tənqidçisi Seyid Hüseyn də Cəfər Cabbarlı haqqında xatirələrində gənc Cəfərin yazmaq eşqi ilə dolu, bununla belə, mədəni, təvazökar bir xarakterə malik olduğunu bildirirdi. “Solğun çiçəklər” (1915), “Trablis müharibəsi”, “Ədirnə fəthi” (1917), “Nəsrəddin şah” (1916) kimi əsərlərində məharətlə süjet qurmaq və fərdi-psixoloji xarakterlər yaratmağı ona olan oxucu rəğbətini artırdı. Ədib əsərlərində insan faciəsinin səbəblərini arayır və bunları şəxsin xarakterində, mühitin onun üzərindəki təsirində, bəzənsə də anadangəlmə psixologiyasında axtarırdı.
Cəfər Cabbarlı yaradıcılığının bir qismi Azərbaycan Xalq Cümhuriyyətinin varlığı illərinə təsadüf edir. “Azərbaycan bayrağına”, “Sevdiyim”, “Sevimli ölkəm”, “Salam” və s. şeirlərinin misralarında Cümhuriyyətə məhəbbətini qəlbində yaşadan vətənpərvər ruhun səsi duyulur. Üçrəngli Bayrağımız, türkçülük ideyası, turançılıq məfkurəsi ön planda verilir:

Bu göy boya Göy Moğoldan qalmış bir türk nişanı,
Bir türk oğlu olmalı!
Yaşıl boya islamlığın sarsılmayan imanı,
Ürəklərə dolmalı!
Şu al boya azadlığın, təcəddüdün fərmanı,
Mədəniyyət bulmalı.

“Yaşamaq istəyiriksə, yaratmalıyıq. Səhnəmiz yox, fəqət olmalıdır. Onu da mən yaradacağam”. Cəfər Cabbarlı bu fikirləri 1921-ci ildə “Oqtay Eloğlu” romantik faciəsində yazanda 23 yaşı var idi. Hisslərin, duyğuların, arzu və istəklərin dolu-dolu yaşandığı yaşlarında ədib “Oqtay Eloğlu”nu yazana qədər böyük həyat yolu keçmiş, dövrün sınaqlarından çıxmağı bacarmışdır. Elçin Əfəndiyev də “Şəxsiyyət və istedad” kitabında Cəfər Cabbarlı yaradıcılığını yüksək qiymətləndirib. Ədibin coşğun və vətəndaş qayəli romantik-realizmi Azərbaycan dramaturgiyasını milli ədəbiyyatın, daha dəqiq desək mədəniyyətin qabaqcıl, işıqlı, bədii-estetik cəhətdən qüdrətli qollarından birinə çevirmişdi. Həyat reallıqlarını, ictimai münasibətləri bədii həqiqətin libasında daha geniş auditоriyaya çatdırmaq, habelə insanları düşündürmək, оnlara problemlərdən çıxış yоlları aramaqda kömək etmək üçün dram janrının о dövrdə böyük imkanları və perspektivi var idi.
Cəfər Cabbarlı da bunu dərk edir və teatrın inkişafını bütöv bir millətin yüksəlişi olaraq görür: “Teatrо – ölkənin bulunduğu mədəni yüksəkliyi, mədəniyyət dərəcəsini göstəriyоr. Teatrо yüksək bədii bir dərəcədədirsə, (deməli) ölkə də ümumən gözəl inkişaf etmişdir. Mədəniyyət – elm və sənətdən ibarətdir. Teatrо isə sənətin başqa qismlərini birləşdiriyоr”.

“Aydın” və “Oqtay Eloğlu” pyeslərində müəllif xalqın yaşaması, özü-özünün təsdiqi üçün milli-mədəni intibahın başlıca şərt olduğunu oxucuya çatdırmışdır. Mühəndis Aydının (“Aydın”) sevdiyi qadın olan Gültəkinlə olan çalxantılı münasibəti, onun xarakterindəki boşluqlar əsas obrazın özü ilə konfliktə girməsinə gətirib çıxarır. Buna görə Aydın intiqam həvəsi olan, ittihamçı obraz səviyyəsindən yuxarı qala bilmir. Oqtay (“Oqtay Eloğlu”) isə xalqını dahilər, sənətkarlar, şəxsiyyətlər yetişdirməyə çağırır. Lakin doğma səhnəni boş görən çılğın xarakterə malik aktyor sarsılır. Oqtayın hər bir düşüncəsi “teatr” ideyalı üzərinə qurulu olsa belə mühit onu qəbul etmir. Saf sevgi hissləri bəslədiyi Firəngiz də onun daxilində baş verən qarşıdurmaları səngitmir və gözəl idealların məhvinə gətitib çıxarır. Cəfər Cabbarlı bu iki böyük milli ziyalı tipinin faciəsini bədii və fəlsəfi baxımdan şərh etmişdir. Vətənə, xalqa, milli mədəniyyətə və sənətə xidmət yolunda hər cür fədakarlığa hazır olan bu qəhrəmanlardakı parlaq romantika, nəcib xəyalpərvərlik hadisələr axarında az keçmir ki, həyatın sərt daşlarına dəyərək çiliklənir. Hər iki əsər AXC-nin süqutu ilə meydana gələn milli kədərin motivlərindən yaranmışdır. Hər iki əsər faciəvi bir finalla, sarsıdıcı bir sonluqla tamamlanması da təsadüfi deyildi.

1920-ci ildə Sovet hakimiyyətinin qurulması ilə birgə Cəfər Cabbarlı yaradıcılığında fərqli, yeni bir səhifə açılır. “Sevil”, “Almaz”, “Dönüş”, “Yaşar” kimi əsərləri mədəni inqilab dövrünün ən qiymətli əsərlərindəndir. “Od gəlini”, “1905-ci ildə” əsərlərində isə müxtəlif əsrlərdə xalqımızın başına gətirilən faciələr, milli tale və birlik problemləri əks olunmuşdur. O, bu əsərlərlə milli vətəndaşlıq borcunu yerinə yetirirdi. Ümumiyyətlə, Cəfər Cabbarlı yaradıcılığı bir neçə fərqli ideologiyanın vəhdətindən yaranmışdır və onun sehri də məhz bundan ibarətdir. Yaşadığımız dövrdə müxtəlifsəslilik, birgəyaşayış, qloballaşma kimi amillər yazıçının əsərlərinin aktuallığını qoruyub saxlayır.

Cəfər Cabbarlının ədəbi irsi hər zaman dövlət və xalq tərəfindən qorunmuşdur. Hələ Sovet dönəmində ümummilli lider Heydər Əliyev də Cəfər Cabbarlı yaradıcılığını yüksək qiymətləndirmiş, Azərbaycan mədəniyyəti və teatrına verdiyi töhfələrə görə ona olan dərin hörmətini ifadə etmişdir. Bu diqqətin fonunda görkəmli sənətkarın ev-muzeyi 23 mart 1982-ci ildə açıldı. Müstəqillik tariximiz dövründə də dövlət tərəfindən ədibin yaradıcılığına diqqət və qayğı göstərilir. Azərbaycan Respublikasının Prezidenti 17 dekabr 2018-ci il tarixində “Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncamın icrasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə silsilə tədbirlər həyata keçirilib. Dramaturgiyamızın təşəkkülü və yüksəlişi tarixində yeni mərhələnin təməlini qoyan ədibin əsərləri milli teatrda uzun illər boyu tamaşaçıların estetik zövqünün formalaşmasında əvəzsiz rol oynayıb və oynamağa davam edəcəkdir.
Məşhur italyan şairi Dante “İlahi komediya”sında ortalama insan ömrünün təqribi 70 il olduğunu bildirib, Cəfər Cabbarlı isə onun yarısı qədər yaşasa belə, xalqı üçün bütöv ədəbiyyat yaradıb. Məhz buna görə görkəmli dramaturqumuz Azərbaycan ədəbiyyatında əbədiyaşarlılıq qazanıb…

Həyat Hacıyeva

www.yenicag.az

278
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv