!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Yaz sessiyasında bizi gərgin və maraqlı iş gözləyir" - Sahibə Qafarova

!Reklam – Yazi

 Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.

Yenicag.az spikerin çıxışını təqdim edir:

“Hörmətli deputatlar, ötən ilin yekunları barədə mən sizə məlumat vermişdim. Qısaca olaraq qeyd edim ki, 1 il ərzində Milli Məclisin 38 iclası keçirilmiş, 222 qanun və qərar qəbul edilmişdir.

Parlamentin fəaliyyəti möhtərəm Prezidentimiz İlham Əliyevin uzaqgörən daxili və xarici siyasətini qanunvericilik səviyyəsində dəstəkləməyə yönəlmişdir. Ölkənin ictimai-siyasi həyatının mühüm məsələlərinə münasibət bildirilmişdir.

Hörmətli həmkarlar !

Milli Məclisin beynəlxalq fəaliyyəti sessiyalar arasındakı dövrdə də davam etmişdir. Yanvarın 17-də Monteneqro parlamentinin sədri cənab Aleksa Beçiçin başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisdə olmuşdur. Görüşlər zamanı bir sıra məsələlər müzakirə edilmişdir. Mən həmkarıma məlumat verdim ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində əzəli torpaqlarını Ermənistanın işğalından azad etmişdir. BMT Təhlükəsizlik Şurasının uzun illər kağız üzərində qalan qətnamələrini Azərbaycan öz gücü ilə həyata keçirmiş, ərazi bütövlüyünü bərpa etmişdir.

Qeyd etdim ki, Ermənistanın 30 illik işğalından azad edilmiş ərazilərimizdə quruculuq və bərpa işləri aparılır. Biz Qafqazın bu bölgəsində, Azərbaycan Prezidentinin dediyi kimi, müharibədən deyil, sülhdən danışmaq istəyirik. Ümid edirik ki, Sülh Sazişi tezliklə imzalanacaqdır.
Monteneqro parlamentinin sədri ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədiyini vurğuladı. O, Monteneqronun Azərbaycanın dostu olduğunu deyərək, ölkəmizin əldə etdiyi nailiyyətlər münasibəti ilə xalqımızı təbrik etdi.

Görüş zamanı bir sıra digər məsələlər, o cümlədən parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, deputatların beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əməkdaşlığının və dəstəyinin davam etməsinin əhəmiyyəti barədə fikir mübadiləsi aparıldı.

Hörmətli həmkarlar, yanvar ayının sonlarında Milli Məclisin nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında iştirak etmişdir. Sessiyada nümayəndə heyətinin rəhbəri hörmətli Səməd Seyidov AŞPA-nın Monitorinq komitəsi sədrinin birinci müavini seçilmişdir. İcazə verin, bu münasibətlə həmkarımızı ürəkdən təbrik edək, dəyərli fəaliyyətində ona yeni uğurlar arzulayaq.

Hörmətli həmkarlar, yaz sessiyasında bizi gərgin və maraqlı iş gözləyir. Sessiyanın qanunvericilik planı hazırlanmışdır və bu gün müzakirə ediləcək.

Bu sessiyada biz qanun layihələrini müzakirə etməklə yanaşı, Konstitusiyanın və qanunların tələbinə uyğun olaraq, Nazirlər Kabinetinin hesabatını dinləyəcəyik.

Bundan əlavə, Milli Məclisin iclaslarından birində 2021-ci ilin dövlət büdcəsinin icrası haqqında məsələ müzakirəyə təqdim ediləcək. Sessiyada Hesablama Palatasının, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun, İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) və bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən müvafiq qurumun illik hesabat və məruzələri də dinləniləcək.

Bu sessiya ərzində də Milli Məclisin beynəlxalq əlaqələrini daha da möhkəmləndirmək və inkişaf etdirmək üçün lazımi tədbirlər görüləcək. Bu məqsədlə üzv olduğumuz beynəlxalq təşkilatlarda fəaliyyətimiz ardıcıl davam etdiriləcək, bir sıra xarici səfərlər həyata keçiriləcək, xarici ölkələrin parlament sədrləri və nümayəndə heyətləri isə Bakıda qəbul ediləcək. Həm Bakıda, həm də xarici ölkələrdə bizim iştirakımızla beynəlxalq tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Hörmətli deputatlar, əminəm ki, Milli Məclisin yaz sessiyası yüksək səviyyədə keçəcək. Sessiyada sizin hamınıza uğurlar arzulayıram”.

www.yenicag.az

448
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv