!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yeganə Əmiraslanova: "Qardaşımı Almaniyadan göndərilən məktubla həbs ediblər" - MÜSAHİBƏ

!Reklam – Yazi

Hazırda Almaniyada yaşayan jurnalist Yeganə Əmiraslanova onun fəaliyyətinə görə qardaşının cəzalandırılması və hüquq sistemindəki boşluqlar barədə videomüraciət edib. Məsələnin ciddiliyini nəzərə alaraq Yeganə Əmiraslanovaya suallar ünvanladıq.

Yenicag.az Yeganə Əmiraslanova ilə müsahibəni təqdim edir:

– Yeganə xanım, “Facebook” səhifənizdə videomüraciət etmisiniz. Qardaşınızın məsələsinə keçməzdən öncə sizə qarşı olan bu hücumun səbəbini bilmək istəyərdik.

– Almaniyada yaşayıram. Azərbaycan vətəndaşı olmağımla yanaşı, eyni zamanda, Almaniya vətəndaşıyam. Mənə qarşı hücum, qarayaxma kampaniyası 2013-2014-cü ildə baş verib. Buna səbəb bir təşkilatın yaranması, qısa zamanda dağılması və məni orada günahkar bilmələri olmuşdu. Bu barədə çox danışmaq istəmirəm. Elə həmin illərdən bəziləri mənimlə düşmənçilik aparır.

– Bu mövzuda danışmaq istəmirsinizə, keçək qardaşınızın probleminə. Firudin Dugi adlı şəxs qardaşınızı ittiham edib. Qardaşınızla onun hər hansısa bir əlaqəsi olub?

– Qardaşım Almaniyaya maşın almaq üçün gəlmişdi. Gələndə öz maşınını satmışdı. Qardaşım təsərrüfatla məşğuldur, siyasətdən, ictimai fəaliyyətdən xəbərsiz bir insandır. Qardaşım Almaniyaya gəlib Firudin Duginin “Mercedes” markalı maşınını 26 minə aldı. 16 minini yerində ödəmişdi, sonra da 10 minini ödədi. Qardaşım daha sonra bir neçə dəfə gəlib maşın almışdı. Maşın aldğı avtosalonda qardaşımın pul verməsi, qəbzlər, video görüntüləri, Gürcüstandan maşınları özünün götürməsinə dair bütün sənədləri lazımi orqanlara təqdim etmişik. Firudin Dugi sadəcə olaraq vasitəçi olub. O da alman dilini bildiyi üçün. O daha uzun illər idi ki, Almaniyada yaşayırdı. Onun hətta burada taksi şirkəti də var idi. Artıq yoxdur. Ona qarşı çox sərt tədbirlər görüldü.

2015-ci ildə Firudin Dugi ilə şəxsi zəmində aramızda olan problemlərimizə görə gördü ki, mənə Almaniyada heç nə edə bilmir. O, Almaniyaya gələn qaçqınları başına toplayırdı, onları qara işlərə cəlb edirdi. 9 avrodan çox verilən puldan yalnız 5 avrosunu həmin şəxslərə verirdi. Həmin o adamların hamısına şərt qoyurdu ki, “Feacebook” səhifəsi açsınlar. Mənimlə bağlı paylaşdıqlarının altında həmin şəxslər əleyhimə yazırdılar. 3 il müddətinə bunları şikayət edirdim. Ancaq ciddi bir cəza vermirdilər. Gördü, Almaniyada məni mənəvi cəhətdən sındıra bilmədi, Azərbaycanda hansısa yolla əlaqələr qurub, mənim heyfimi qardaşımdan almağa başladı.

Qeyd etmək istəyirəm ki, Firudin Dugi 1996-1997-ci illərdə heç kimə xəbər vermədən Almaniya gəlib və 2016-cı ilin noyabr ayına kimi ailəsinin və yaxınlarının ondan xəbərləri olmayıb. 20 il müddətində o adamdan xəbər olmadığı üçün ailəsi belə onu ölmüş bilib. İttiham aktında ifadə verən Firudin Duginin bacısı və digər qohumları bildiriblər ki, yalnız 2016-cı ildə onun yaşadığından xəbərdar olublar. Vəkillərim və mən nə qədər çalışdıq, Firudin Dugi haqqında heç bir arxivdən məlumat ala bilmədik. O adam bütün keçmişini sildirib. Hətta bunu özü etiraf etmişdi.

– Firudin Duginin Almaniyadakı statusu nədir?

– O şəxsin Almaniyadakı statusu vətənsizdir. Çünki o hansı ölkədən gəldiyini deməyib. Ona görə də bəziləri onun türkiyəli, bəziləri isə cənubi azərbaycanlı olduğunu düşünür. Onu üzə çıxardıq ki, o, Azərbaycanda oxuyub, Gəncədə universitetdə oxuyub. O şəxs Azərbaycandandır, sadəcə keçmişi sildirib.

O adam Azərbaycandakı dövlət qurumlarında adamlar tutub. 2018-ci ilin sentyabrın 13-də qardaşım Azər Əmiraslanovu şəhərin mərkəzində hüquq-mühafizə orqanları saxlayıb. “Teleteatr”ın bir neçə metrliyində qardaşım şəxsi avtomobilini bacımın iş yerinin qarşısında saxlayan zaman qəfildən 6-7 nəfər hücum çəkib, qardaşımı ən qatı cinayətkar kimi tutub kobudcasına dövlət nömrə nişanı olmayan maşınla aparıblar.

Daha sonra məlumat əldə etdim ki, həmin görüntülər Almaniyaya gəlib. Firudin Dugi bir kafedə 5-6 nəfərə həmin görüntüləri göstərib ki, baxın Yeganə Əmiraslanovanın qardaşının başına nə oyun gətirtmişəm.

5 gün qardaşımdan xəbərimiz olmadı. Mənə məlumat verəndə dedim ki, buradan heç nə edə bilmərəm, DİN-in 102 xidmətinə zəng vurun. Bütün əlaqələrimi işə saldım ki, xəbər tutum, 5 gün ərzində heç bir məlumat ala bilmədim. Sonradan məlumat aldıq ki, Nəsimi Rayon Məhkəməsinin hakimi Elman İsayev 17 sentyabr 2018-ci il tarixdə artıq Kürdəxanı təcridxanasında olan qardaşımın iştirakı təmin edilmədən haqqında həbs qəti-imkan tədbiri seçilməsi barədə qərar verib.

Qardaşımı niyə saxladıqlarını bilmirdik. Yalnız 3 aydan sonra ondan xəbər tutduq. 3 ay sonra digər qardaşımla həbsdə olan qardaşım görüşəndə ona deyib ki, burada ona qırmızı xətlə axtarış veriblər və tutublar. Qardaşımı çox pis saxlayıblar. Sonradan məlumat aldım ki, qardaşımın başına gələn hər şeylə bağlı Firudin Dugiyə məlumat gəlirmiş.

İttiham aktını alana qədər məhv oldum. Qardaşım 2018-ci il sentyabr ayının 13-də oğurlanmışdı, ancaq onun haqqında həbs qəti imkan tədbiri 17 sentyabr 2018-ci ildə çıxıb və qardaşımın iştirakı olmadan. Qardaşım 7 aya qədər həbsdə oldu.

Almaniyada ola-ola iki vəkil tutdum. Onun maddi tərəfini kənara qoyuram, mənəvi cəhətdən işgəncə görürdüm. Əyani üzləşdirmə olmadan kiminsə təqsirləndirilən şəxs qismində tanınması hüquq sisteminə təhqirdir. Qardaşımı Almaniyadan göndərilən bir məktubla həbs ediblər. Firudin Dugi Almaniyadan bacısına bir məktub göndərib və bildirib ki, həmin məktubu Baş Prokurorluğa, Dövlət Təhlükəsizlik Xidmətinə və DİN-ə göndərsin.

Məktubun məzmununda mənim haqqımda bəhs edilib. Guya Almaniyada oturum almaq üçün fəaliyyət göstərirəm. Faktiki olaraq həmin vaxt iki il idi ki, vətəndaşlıq almışdım. Mənim adımdan çıxış edib keçmişdi qardaşıma. Guya qardaşım 200 min avroluq ziyan vurub. Əslində, o 200 min avro məsələsində özünü “ilişdirib”. Almaniya dövlətinə müraciət etdim. Maliyyə şöbəsi yoxlamalar keçirdi və onun hər şeyini müsadirə etdi.

Qardaşım Firudin Dugi ilə nəinki üzbəüz, heç görüntülü üzləşməsi belə keçirilməyib. Bir məktubla qardaşım həbs olunmuşdu.

Daha sonra Bakı şəhər Yasamal Rayon Məhkəməsi (hakim Hüseyn Səfərov) 29.12.2019-cu il tarixində belə qərar çıxarıb:
“Əmiraslanov Azər Səftər oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən, Əmiraslanov Azər Səftər oğluna cəza təyin edilməsin”.

Heç bir dəlil sübut olmadan, adi bir məktubla qardaşımı tutdurdular.

Qardaşıma bəraət almaq məqsədilə hökmdən yuxarı instansiyalara şikayət etdik. Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlasa da, Ali Məhkəmənin hakimi, mərhum İnqilab Nəsirov bu qurama cinayət işini təkrar baxış üçün Apellyasiya Məhkəməsinə göndərdi. İki ildən artıq idi, iş Apellyasiya Məhkəməsində baxılmamış qalırdı.

Vəkilimiz vasitəsilə məlumat aldıq ki, iyunun 9-da, yəni sabah şikayətimizə baxılacaq. Hətta “Skype” vasitəsilə də olsa, iddiaçı Firudin Duginin ifadəsi alınacaq.

– Bu gün məhkəmə baş tutmalı idi.

– Qardaşıma bəraət almaq üçün bütün hüquqlarımızdan istifdə edəcəyik. Heç maddi və mənəvi təzminat da lazım deyil. Bəraət almaq üçün dayanmayacağıq. Qardaşım həbsdə gördüyü əzab-əziyyətdən yatağa düşüb. Yeriyə bilmir.

Bu günə proses təyin olunmuşdu, ancaq məlum oldu ki, təxirə salıblar. Bu nəinki Azərbaycan hüquq sisteminə, beynəlxalq hüquq sisteminə təhqirdir.

Qardaşımın üzərindən dələduzluq maddəsinin olmasını əsla qəbul etməyəcəyik. Ədalətli qərar çıxarılana kimi bütün hüquqlarımızdan istifadə edəcəyik.

Öz başıma gələn işlərə görə heç vaxt Avropa Məhkəməsinə müraciət etməmişəm. Əslində, bunun üçün əlimdə kifayət qədər əsasım var idi. 2005, 2006 və 2010-cu illərdəki parlament seçkilərində namizədliyimi vermişdim. Bir dəfə namizəd olduğum Gədəbəy 103 saylı Seçki Dairəsinin nəticələrini Konstitusiya Məhkəməsinə qədər gedib ləğv elətdirdim. Ancaq Avropa Məhkəməsinə müraciət etmədim. Bu, prinsip məsələsidir. Mənə görə qardaşıma şər atılması ilə barışmayacam. Lazım gəlsə, qardaşıma bəraət almaq üçün Avropa Məhkəməsinə də müraciət edəcəm.

Qardaşımın adından dələduzluğu götürmək üçün prinsipial davrandığım məsələdən də keçməyə hazıram.

Düzünü bilmək istəyirsinizə, heç istəmərəm. Ona görə də ölkə rəhbərliyinə müraciət edirəm ki, qardaşıma atılmış şər böhtanın təmizlənməsi üçün adil davranılsın.

Ümid edirəm ki, məsələ Azərbaycan daxilində öz həllini tapacaq…

Səxavət Məmməd

www.yenicag.az

1638
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv