!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yeni DÜNYA NİZAMI: "Həm sərhədlərin, həm də beynəlxalq münasibətlərin dəyişdirilməsi..." - Politoloq

!Reklam – Yazi

“Qarşıdurmalar, ziddiyətlər, mürəkkəb vəziyyət bir yerdə toqquşub son nəticəsini verməlidir. Düşünürəm ki, bu elə Ukrayna məsələsi ilə başlayıb. Davamı gələcək. Bundan sonra dünyanın yenidən nizamlanmasının şahidi ola biləcəyik”,

Bu fikirləri dünyada baş verən proseslər, qütbləşmələr, dünyanın siyasi xəritəsinin yenidən çəkilməsi ehtimallarını dəyərləndirən politoloq Nəsimi Məmmədli Yenicag.az-a açıqlamasında səsləndirib.

Nəsimi Məmmədli bildirib ki, dünya artıq köhnə nizamla idarə oluna bilmir, ona görə də yeni nizam gəlməlidir:

“SSRİ dağıldıqdan sonra dünyada faktiki olaraq birqütblü sistem yaranmışdı. Bu, ABŞ-nin lokomotivliyi ilə özünü göstərirdi. Bu sistem təqribən 2011-ci il “Ərəb baharı”ndan sonra başladı və proseslər fonunda yavaş-yavaş zəifləməyə doğru getdi. Çinin güclənməsi ilə ABŞ-nin birqütblü qalması xeyli dərəcədə arxa plana keçməyə başladı. ABŞ-də Trampın hakimiyyətə gəlməsi də bu məsələdə rol oynadı. Faktiki olaraq qlobal nəzarət iddiaları azaldı. Trampın siyasətində qlobalistlərlə eyni cür düşünmədiyi açıq görünürdü. Bu, ABŞ-nin özünün də mövqelərinə ciddi təsir göstərməyə başladı. Artıq belə bir qənaət yaranırdı ki, dünyada çoxqütblü nizamın olmasına ehtiyac var. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyir ki, dünya beşdən böyükdür. BMT Təhlükəsizlik Şurası faktiki qərar qəbul etmək imkanını itirib. Çünki veto hüququ olan dövlətlər bir-birinin maraqlarına uyğun gələn və ya ziddiyət təşkil edən məsələlərdə veto qoyurdular. BMT Təhlükəsizlik Şurası İraq-Küveyt müharibəsindən sonra faktiki olaraq ölkələrə müdaxilə ilə bağlı hansısa bir qərar qəbul edə bilməyib. ABŞ, Rusiya hansısa dövlətlərə özbaşına müdaxilə edib. Ona görə də dünyada çoxqütblü nizam üçün sanki yeni fürsətlər yarandı.

Rusiyanın əlində nüvə və strateji silahları var. Hər zaman da elan edir ki, strateji sabitlik üçün qaranti əlindəki nüvə silahıdır. ABŞ deyir ki, strateji sabitlik üçün qaranti insan hüquqları və demokratiyadır. Bu ziddiyyət Avropa qitəsində toqquşdu.

Açıq baxmaq lazımdır. Dünyada yeni bir nizama ehtiyac var. Qarşıdakı onillikdə ABŞ-nin da zəifləyəcəyi istisna deyil. Bu tendensiya davam edəcəksə, ABŞ-nin özü də o zirvədə uzun müddət qala bilməz. Çin faktoru da var. Eyni zamanda, dünyada bizim nəzərə almadığımız bəzi məsələlər də var. Misal üçün, qlobal ekoloji problemlər, kiber hücumla bağlı yeni yanaşmalar. Dünyada artıq yeni münasibətlər sistemi formalaşıb. Ukrayna-Rusiya müharibəsi davam edir. Hələ sonda nə olacağı bəlli deyil. Düşünürəm ki, dünyada birqütblü sistemin son dövrüdür. BMT özü də funksionallığını xeyli dərəcədə itirib. Beynəlxalq hüququn yenidən tənzimlənməsinə, beynəlxalq münasibətlərin yenidən format olunmasına ehtiyac var. Hesab edirəm ki, yeni bir dünya görmək ərəfəsindəyik”.

Dünyanın siyasi xəritəsinin dəyişməsi ehtimalına gəldikdə isə politoloq bunları deyib:

“Birinci Dünya Müharibəsinin də, İkinci Dünya Müharibəsinin də səbəblərini dərindən analiz edəndə siyasi xəritələrin dəyişməsi qənaəti ortaya çıxır. Dünya müharibəsi daha çox dövlətlərin iştirakı ilə, daha çox insan resuslarının səfərbər olması və ölməsi ilə ifadə olunur. Üçüncü Dünya Müharibəsi heç də Birinci və İkinci Dünya Müharibəsilə eyni olmayacaq. Dünyanın bir çox dövlətləri Rusiyaya qarşı vahid mövqe ifadə edir. Görünən odur ki, həm sərhədlərin, həm də beynəlxalq münasibətlərin dəyişdirilməsi ilə bağlı yeni bir dönəm ortaya çıxıb. Dünyada həm də qlobal iqtisadi böhran var. Sənaye inqilabları bir-birini əvəz edir. Düşünürəm ki, dünyanı yeni iqtisadi yüksəliş dövrü gözləyir”.

Səxavət Məmməd

www.yenicag.az

720
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv