!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yeni tikililərdə zəlzələ qorxusu: 7-8 ballıq zəlzələlər Bakıda ciddi fəsada yol aça bilər? - AÇIQLAMA

!Reklam – Yazi

Türkiyədə baş verən zəlzələlər tikinti şirkətlərinin fəaliyyətinin sərt şəkildə tənqid olunmasına yol açıb. Bu fonda Azərbaycanda da yeni tikililərin keyfiyyəti müzakirə olunur. Əksər insanlar düşünür ki, Azərbaycanda tikilən yeni tikililər olduqca keyfiyyətsizdir və zəlzələ olarsa, insanların həyatını təhlükə altına salacaq. Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Baş direktoru Qurban Yetirmişli isə bildirib ki, 2019-cu ilə qədər aparılan inşaat işlərində Respublika Seysmoloji Xidmət Mərkəzinə müraciət olunurdu, amma indi Mərkəz müraciətlər almır.

Mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Yenicag.az-a açıqlamasında bildirib ki, Azərbaycanda inşa edilən yeni tikililərin keyfiyyətinə nəzarət yüksək səviyyədədir. Bu baxımdan bina evində yaşayan vətəndaşların narahtlığına əsas yoxdur:

“Türkiyədə baş verən zəlzələlərdən açıq şəkildə görünür ki, seysmik zonada tikilən binaların əksəriyyəti həqiqətən də keyfiyyətsiz şəkildə tikilib. Çoxmənzilli yaşayış binaları dağılanda hansı tikinti materiallarından istifadə olunduğunu açıq şəkildə görmək olur. Həmin binaların çoxunda beton armaturlardan istifadə olunmayıb və ona görə də fəsadları həddindən artıq çox oldu. Dağılan binaların arasında uçmamış binalar da var. Bu, onu göstərir ki, həmin binalar standartlara uyğun şəkildə inşa olunub.

Azərbaycana gəlincə, yeni tikililərdə müxtəlif problemlər mövcuddur. Xüsusən də sənədləşmə, binaların gec təhvil verilməsi ilə bağlı problemlər qabarıqdır. Lakin keyfiyyət məsələsində ciddi nöqsanların olduğunu düşünmürəm. Çünki yeni tikililərin təxminən 70 faiz hissəsi beton və dəmir armaturlardan tikilir. Arakəsmə hissələr isə kərpicdən inşa edilməlidir. Əgər Azərbaycanda zəlzələ baş verərsə, yeni tikilən hündürmərtəbəli binaların dağılması ehtimalı çox aşağıdır. Yəni 7 və ya 8 ballıq zəlzələlər elə də ciddi fəsada yol aça bilməz. Onu da qeyd edim ki, bina inşasında Respublika Seysmoloji Xidmət Mərkəzinin rəyi alınmasa da, aidiyyəti qurumlar tərəfindən yeni tikili binalara nəzarət gücləndirilib və torpağın təyinatı ilə bağlı müvafiq rəy alınır. 2018-ci ildən etibarən tikinti işləri ilə bağlı bütün səlahiyyətlər Şəhərsalma və Arxitektura Komitəsinə verilib. Əgər nəzərdə tutulan tikinti standartlardan kənardırsa, inşasına icazə verilmir. Bundan başqa, Fövqəladə Hallar Nazirliyinin aidiyyatı qurumları binanın bünövrəsinin qazılmasından dam örtüyünə qədər hər mərtəbədə yoxlama işləri aparırlar. Belə ki, beton tökülən zaman komissiya əməkdaşları yoxlama üçün gəlirlər. Bu baxımdan yeni tikililərdə zəlzələ qorxusu yoxdur”.

Gülşən Şərif

www.yenicag.az

408
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv