!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Yeni xəstəlik ağır nəticələrinə görə əvvəlki hadisələrlə müqayisə oluna bilməz” - MÜSAHİBƏ

!Reklam – Yazi

Yenicag.az Milli Məclisin deputatı – parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərovun Oxu.Az-a müsahibəsini təqdim edir:

– Hazırda koronavirus (COVID-19) pandemiyası beynəlxalq hüquq sahəsində də tədbirlərin görülməsini zəruri edir. Sizcə, beynəlxalq hüquq da pandemiya ilə bağlı hansı addımlar atılmalıdır?

– Pandemiyalara qarşı beynəlxalq konvensiyanın hazırlanması zamanın təxirəsalınmaz tələbidir. Koronavirus infeksiyasının sürətlə yayılması bu ilin 11 martında Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) pandemiyanın elan olunmasına məcbur etdi. Yayılma miqyasına, coğrafiyasına, infeksiyaya yoluxan şəxslərin və qurbanların sayına görə növbəti pandemiya bu qəbildən olan əvvəllər baş vermiş hadisələri geridə qoydu.

Son 60 ildə planeti beş pandemiya bürüsə də, 2020-ci ildə müşahidə edilən yeni xəstəlik öz ağır nəticələrinə görə əvvəlki hadisələrlə müqayisə oluna bilməz. Məsələ burasındadır ki, koronavirus pandemiyası ictimai səhiyyə sahəsində beynəlxalq əhəmiyyətli fövqəladə vəziyyət yaratsa da, onu təkcə səhiyyə problemi kimi qiymətləndirmək bu qlobal təhdidin xarakterinə uyğun olmazdı. “Bloomberq” ekspertlərinin proqnozlarına əsasən, koronavirus infeksiyasının bütövlükdə planetimizi əhatə etməsinə görə, dünya iqtisadiyyatına vurulan ziyanın məbləği 2,7 trilyon dolları aşa bilər.

Müqayisə üçün qeyd etmək olar ki, bu rəqəm Böyük Britaniyanın ümumi daxili məhsuluna bərabərdir. Mövcud hadisələrin təhlili beynəlxalq birliyin İkinci Dünya Müharibəsindən sonra ən ağır böhranla üzləşməsinin əyani sübutudur. Faktiki olaraq, dünya bu gün beynəlxalq münasibətlər sisteminin yeni, misli görünməyən fundamental transformasiyasının astanasındadır. Nəzərə almaq lazımdır ki, hətta iqtisadi cəhətdən inkişaf etmiş ölkələr belə epidemiyanı nəzarətə almaqda çətinlik çəkirlər. Belə şəraitdə dünya dövlətlərinin birlikdə, hərtərəfli əməkdaşlıq edərək, pandemiyanın qarşısını alacaqlarını gözləmək olardı.

– Beynəlxalq müstəvidə koronavirusla mübarizədə ölkələr həmrəylik nümayiş etdirə bilirmi? Belə fövqəladə vəziyyətin yaratdığı gərgin münasibətlər sistemində Azərbaycanın mövqeyi necədir?

– Beynəlxalq miqyasda koronavirusla mübarizə sahəsində müşahidə etdiyimiz vəziyyət birgə yanaşma, həmrəylik və birgə səylərdən çox uzaqdır. Buna misal kimi Avropa İttifaqını göstərmək kifayətdir. Ümumi məqsədlərdən çıxış edən və böyük tarixə malik olan bu birlik səviyyəsində çaşqınlıq müşahidə edilir, üzv dövlətlər yalnız öz daxili resurslarından istifadə edərək, vəziyyətdən çıxmağa can atırlar.

Cərəyan edən hadisələrin fonunda Prezident İlham Əliyevin rəhbərliyi altında koronavirus infeksiyası əleyhinə ölkəmizdə həyata keçirilən kompleks tədbirlər öz qətiyyətliliyi və səmərəsi ilə başqa dövlətlərlə müqayisədə ciddi şəkildə fərqlənir. Yeni təhdidin qarşısının alınması məsələləri Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir. Epidemiyanın lokallaşdırılması və onunla ciddi mübarizə tədbirlərinin həyata keçirilməsi istiqamətində Nazirlər Kabineti yanında operativ qərargah mühüm işlər görür.

Koronavirus infeksiyası ilə mübarizə səhiyyə, iqtisadiyyat, əhalinin sosial müdafiəsi və digər sahələri də əhatə edən istiqamətlər üzrə aparılır. Bu mübarizədə əhalinin sağlamlığının qorunması prioritet olsa da, eyni zamanda, epidemiyanın neqativ nəticələrinin qarşısının alınması üçün misli görünməyən tədbirlər həyata keçirilir.

Qeyd etmək lazımdır ki, əgər ölkəmiz və bir sıra başqa dövlətlər tərəfindən atılan müsbət addımlar, ümumilikdə beynəlxalq birliyin və beynəlxalq təşkilatların birgə səyləri ilə müşahidə edilsəydi, pandemiya ilə mübarizənin səmərəsi əhəmiyyətli dərəcədə artardı.

– Pandemiyanın yaratdığı qlobal böhranın səbəbləri çoxdur – iqtisadi durğunluq, ticari münasibətlərin pozulması, turizmin inkişafdan qalması… Siz bu böhranın yaranma səbəblərini başqa hansı arqumentlərlə izah edərsiniz?

– Dediyiniz kimi, qlobal səviyyədə yaranmış böhran vəziyyətinin çoxsaylı səbəbləri var, ancaq onların sırasında xüsusi olaraq pandemiyalarla mübarizəni tənzimləyən beynəlxalq konvensiyanın olmamasını göstərmək vacibdir. Hazırkı pandemiya paradoksal bir vəziyyətin əyani sübutudur. Təhlükəli infeksion xəstəliklərlə mübarizədə dövlətlərin qarşılıqlı əməkdaşlığının hüquqi tənzimlənməsində ciddi boşluq mövcuddur.

Təsəvvür edin ki, bugünədək ÜST egidası altında yalnız bir müqavilə hüquq sənəd – 21 may 2003-cü il tarixli Tütün əleyhinə Çərçivə konvensiyası qəbul edilib. Bu konvensiyanın Preambulasında bildirilir ki, tütün epidemiyasının yayılması insanların sağlamlığı üçün ciddi nəticələrə səbəb olan və mümkün qədər geniş beynəlxalq əməkdaşlıq tələb edən qlobal problemdir.

Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması əhəmiyyətli problemə toxunmaqdır. Bununla yanaşı, pandemiyalarla mübarizəyə həsr edilən konvensiyanın qəbul edilməməsi ağır nəticələrlə müşahidə olunan beynəlxalq təşkilatların fundamental səhvidir. İnfeksion xəstəliklərin trans-sərhəd yayılmasının qarşısının alınması məqsədilə Ümumdünya Səhiyyə Assambleyasının 58-ci sessiyası 2005-ci ildə konsensus əsasında Beynəlxalq tibbi-sanitar qaydalar qəbul edib.

Lakin koronavirus infeksiyasının sürətlə yayıldığı dövrdə mövcud reallıqları nəzərə almayan bu qaydalar faydalı olmayıb. Məlum olduğu kimi, sonuncu dəfə ÜST 2009-cu ildə dünyanın 74 ölkəsində müşahidə olunmuş donuz qripi – H1N1 virusunun yayılması ilə bağlı pandemiya elan edib. Epidemik ocaq ilk olaraq Meksikada meydana gəlsə də, sonradan ABŞ və başqa dövlətləri hədəfə alıb. ÜST-ün məlumatına əsasən, 19 000 insan bu xəstəlikdən həyatını itirib.

26 ölkəni təmsil edən, 60-dan çox mütəxəssisi birləşdirən beynəlxalq tədqiqatçılar qrupu isə bu rəqəmin 200 min olduğunu bəyan edib. Əslində, donuz qripinin yayılması və ağır nəticələri pandemiyalar əleyhinə yeni qlobal müqavilənin hazırlanması üçün ciddi impuls olmalı idi. Təəssüf ki, beynəlxalq birlik sonuncu pandemiyadan lazımi nəticə çıxarmadı. Hazırkı vəziyyətdə yeni infeksion təhdidlə mübarizənin ağırlığı, əsasən, hər bir dövlətin öz üzərinə düşdü.

Çoxsaylı qərb nəşrlərində və rəsmi bəyanatlarda koronavirus infeksiyası ilə mübarizə “müharibə” adlandırılır. BMT-nin Baş katibi Antonio Quterreş 19 martda jurnalistlərlə videokonfrans zamanı bəyan etdi ki, hazırda bütün dünya koronavirusla müharibə vəziyyətindədir.

Silahlı münaqişələr dövründə dövlətlərin istifadə etdiyi üsullar, vasitələr, onların öhdəlikləri fundamental xarakter daşıyan 1899 və 1907-ci il tarixli Haaqa konvensiyaları, 1949-cu il tarixli dörd Cenevrə konvensiyaları və onların əlavə Protokolları ilə təmsil olunan beynəlxalq humanitar hüquq normaları çərçivəsinə daxil edilib.

Pandemiya ilə “müharibə” şəraitində isə dövlətlərin fəaliyyətinin, hüquqlarının və vəzifələrinin adekvat beynəlxalq-hüquqi tənzimlənməsi mövcud deyil. Hadisələrin inkişafı əyani formada göstərir ki, ictimai səhiyyə sahəsində beynəlxalq əhəmiyyətli fövqəladə vəziyyətin yarandığı dövrdə pandemiyanın nəzarətə alınması üçün çoxtərəfli əməkdaşlıq mütləq xarakter daşımalıdır.

İnkişaf etmiş dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən infeksiyanın qarşısının alınmasında acizlik nümayiş etdirilir. Belə bir situasiyada təcili olaraq pandemiyalarla mübarizə haqqında yeni beynəlxalq konvensiyanın hazırlanmasına start verilməlidir. Bu, uzunmüddətli işdir və mövcud vəziyyətdə vaxt itkisinə yol vermək olmaz.

– Maraqlıdır ki, BMT Təhlükəsizlik Şurası hələ də susqunluq nümayiş etdirir. Bu susqunluğu stimullaşdıran amillər nələrdir?

– Bəli, təəccüb doğuran haldır ki, hətta universal beynəlxalq xarakter daşıyan BMT-nin Təhlükəsizlik Şurası  pandemiya ilə bağlı öz mövqeyini bildirməyib. Halbuki iyirmi il əvvəl – 17 iyul 2000-ci ildə BMT Təhlükəsizlik Şurası AIDS/QIÇS pandemiyası ilə bağlı 1308 saylı, 18 sentyabr 2014-cü ildə isə ebola ilə mübarizəyə həsr olunmuş 2177 saylı qətnamələr qəbul edib.

Koronavirus infeksiyasının sürətlə yayılması dövlətlər tərəfindən bu təhdidlə mübarizədə istifadə etdikləri üsulların və vasitələrin bir çox hallarda yetərli olmadığını göstərir. Buna görə də beynəlxalq birliyin və beynəlxalq təşkilatların səylərinin birləşdirilməsi böyük əhəmiyyət kəsb edir. Bu istiqamətdə yeni beynəlxalq-hüquq sənədi – “Pandemiyalara qarşı mübarizə haqqında” konvensiyanın qısa zamanda hazırlanıb qəbul edilməsi vacib addımlardan biri olardı.

www.yenicag.az

6274
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv