Azərbaycanın partiya sədrləri, millət vəkilləri və tanınmış ekspertləri Yenicag.az-a 10 illik yubiley münasibətilə təbriklərini ünvanlayıblar.
Keçmiş təhsil naziri Firudin Cəlilov:
“Azərbaycanın çağdaş mediasında obyektivliyinə görə müntəzəm izlədiyim 3-4 saytdan biri Yeniçağ-dır. Saytınızda diqqəti cəlb edən, rəğbət doğuran əsas məqam milli dəyərlərə çox həssaslıqla yanaşmağınızdır. Ona görə də Yeniçağ-ın mətbuatımızda özünəməxsus yeri var.
10 il bir sayt üçün ciddi tarixdir, yetkinliyin göstəricisidir. Bu münasibətlə Yeniçağ-ın baş redaktoru Aqil Ələsgəri, saytın kollektivini ürəkdən təbrik edirəm, daha böyük uğurlar arzulayıram”.
Müsavat başqanı Arif Hacılı:
“Etiraf edək ki, ölkənin mövcud şəraitində müstəqil medianın varlığı və rahat fəaliyyəti kifayət qədər çətinləşib. Yaranmış vəziyyətdə istər siyasi, istərsə də iqtisadi səbəblər sayt rəhbərlərinin, onların kollektivinin sərbəst fəaliyyətinə ciddi əngəl yaradır.
Buna baxmayaraq, fəaliyyətinin 10 illiyini qeyd edən Yenicag.az nəşri ölkə mətbuatında öz yeri, öz mövqeyi olan bir media orqanına çevrilməyi bacarıb. Saytınız bir çox hallarda cəmiyyətə operativ informasiya çatdırılmasında önə keçərək, sanbalını göstərir.
Sizi bu yubileyiniz münasibətilə təbrik edirəm və arzulayıram ki, saytınız indiki şəraitdə öz mövqeyini qorusun, cəmiyyətin informasiya təminatında üzərinə götürdüyü missiyanı uğurla davam etdirsin”.
Millət vəkili Çingiz Qənizadə:
“Yenicag.az ölkə mətbuatında obyektivliyi və prinsipial mövqeyi ilə seçilən saytdır və sizinlə əməkdaşlığımızı şərtləndirən başlıca amil də budur. Saytınızın mediada özünəməxsus yeri var və məsələlərə yanaşmağınızda fərqiniz, üslubunuz hiss olunur.
Bu barədə danışarkən Yeniçağ-ın dövlətə və dövlətçiliyə münasibəti xüsusi qeyd olunmalıdır. İctimai əhəmiyyətli problemləri işıqlandırarkən, bu cəhət xüsusilə nəzərə çarpır. Bütün hallarda Yeniçağ öz prinsipial və obyektiv mövqeyi ilə seçilir.
Cənab Prezident də jurnalistləri özünün köməkçisi adlandırmaqla, medianın cəmiyyətdəki rolunu xüsusi qeyd edib. Yeniçağ saytı da bu kriteriyaya uyğun gələn mətbuat orqanıdır.
Sizi 10 illik yubileyiniz münasibətilə təbrik edirəm, uğurlarınız bol olsun”.
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu:
“Sizin üçün əlamətdar hadisə olan 10 illik yubileyiniz xeyirli olsun. Yeniçağ Azərbaycan mediasında öz yeri və sözü olan, hadisələri, prosesləri, problemləri obyektiv işıqlandıran bir saytdır.
Sizi təbrik edərək gələcək fəaliyyətinizdə uğurlar arzulamaqla yanaşı, Yeniçağ-ın və bütün nəşrlərimizin xalqımızı tezliklə qələbə xəbəri ilə sevindirməyini diləyirəm”.
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev:
“Azərbaycanın mövcud şərtlərində bir media orqanının ayaqda qalması və öz auditoriyasını, yayım coğrafiyasını genişləndirməsi fenomenal haldır. Bu mənada Yenicag.az öz fəaliyyəti ilə cəmiyyətin rəğbətini qazanan bir sayta çevrilib.
Yenicag.az-ın fəaliyyətində diqqəti cəlb edən əsas məqam milli dəyərlərə hörməti və Türk-İslam təəssübkeşliyinin hər imkanda ifadə olunmasıdır. Azərbaycanın və qardaş Türkiyənin indiki mürəkkəb vəziyyətində belə çətin missiyanı üzərinə götürən Yenicag.az doğrudan da bir örnəkdir.
10 illik yubileyini qeyd edən Yenicag.az ölkə mediasında öz yerini tutmuş bir saytdır. Yubiley münasibəti ilə kollektivinizi səmimiyyətlə təbrik edir, fəaliyyətinizdə uğurlar arzulayıram”.
Sabiq təhlükəsizlik zabiti İlham İsmayıl:
Müasir dövrün mətbuatı o qədər çeviklik tələb edir ki, klassik jurnalistikadan fərqli olaraq elektron media dayanmadan oxucunu özünə cəlb edən informasiya axtarışındadır.
İctimai-siyasi həyatın bütün sahələrini –siyasətdən idmana , əyləncəyə qədər gərək elə maraqlı əhatə edəsən ki, oxucu hər zaman sayta daxil olmağın ehtiyacını hiss etsin.
Bu gün 10 illiyini qeyd edən Yeniçağ.az bu tələbləri ölkənin media bolluğunda bacarıqla yerinə yetirir. Yalnız informasiya ilə deyil, Yenicag.az-ın publisistikanın müxtəlif janrlarına – məqalə, reportaj, müsahibə, xəbər kimi populyar janrlara yer verməsi izləyiciləri özünə cəlb edən amillərdən biridir.
Bu mənada saytla əməkdaşlıq etməkdən hər zaman ekspert kimi məmnunluq duymuşam. Yenicag.az saytının yaradıcı kollektivini yubiley münasibətilə təbrik edir və daha peşəkar səviyyədə yaradıcılıq uğurları arzulayıram”.
Sabiq korpus komandiri, polkovnik Şair Ramaldanov:
“Yenicag.az mənim dəyər verdiyim saytlardan biridir və sizinlə çox məmnuniyyətlə əməkdaşlıq edirəm. İş elə gətirib ki, bu gün Yenicag.az-ın 10, mənimsə 60 illik yubileyimdir. Mənə görə, bu, çox xoş bir təsadüfdür.
Medianın əsas vəzifəsi cəmiyyəti məlumatlandırmaq və maarifləndirməkdir. Yenicag.az bu işin öhdəsindən gələn saytlardan biridir. Sizə gələcək fəaliyyətdə uğurlar arzulayıram”.
TOBB İqtisadiyyat və Texnologiya Universitetinin dosenti Toğrul İsmayıl:
“Daha neçə illər uğurlu obyektiv və operativ xəbərlər verməyinizi diləyirəm. Bütün kollektivə bu yolda yorulmadan, əzmkar bir şəkildə davam etməyi arzulayıram. Uğurlarınız daimi olsun”.
Azərbaycanın Rusiyadakı sabiq səfiri Hikmət Hacızadə:
“Bütün yubileylər çox əlamətdardır. İndiki vaxtda bir media orqanı üçün 10 il fəaliyyətdə olmaq asan deyil. Yenicag.az bu gün ortadadırsa, deməli, potensialı buna imkan verir. Sizi təbrik edirəm, sükanı belə saxlayın”.
Politoloq Əlabbas Məhərrəmov:
“Azərbaycan mətbuatında xüsusilə, son aylarda Yenicag.az-ın özünəməxsus dəst-xəttini görməmək mümkün deyil. Etiraf edim ki, mediada müşahidə olunan ümumi tendensiya fonunda Yenicag.az-ın bu uğurlu sıçrayışı çox sevindiricidir. O baxımdan, saytınızla əməkdaşlıq etməkdən çox məmnunam.
10 il bir mətbuat orqanı üçün çox yüksək göstərici olmaqla bərabər, həm də əlamətdar tarixdir. Ümid edir və inanıram ki, Yenicag.az gələcək fəaliyyətində bu tempi daha da artıracaq.
Sizə daim inkişafda olaraq öz mövqeyinizi qoruyub saxlamağı arzulayır, yaradıcılıq uğurları diləyirəm”.