Yerli “sabun operaları”nın bir seriala sığmayan dərdi və peşəkarların yolunu kəsən “ucuz”lar – Cəvahir Nehru yazır
“Muhteşem yüzyıl”, “Diriliş Ertuğrul”, “Kuruluş Osman”, “Kırmızı oda”, “Kara Sevda”, “İstanbullu Gelin”, “Çukur”, “Payitaht Abdülhamid”…
Türkiyənin saysız-hesabsız istehsalçı şirkətləri hər il çəkdikləri seriallarla reytinqləri üstələmək, bazarı ələ almaq məqsədi ilə müxtəlif layihələrə milyonlarla sərmayə qoyur.
Çəkilən xərc də necə deyərlər, mayasını artıqlaması ilə çıxarır. Dünya bazarındakı gərgin rəqabətə davam gətirən həmin seriallar isə istehsalçılara milyardlarla pul qazandırır.
Hətta elə seriallar var ki, cəmi bir neçə bölümü yayımlandıqdan dərhal sonra ildırım sürətilə xarici ölkələrə satılır. Bu seriallar həm də yerli aktyorları dünya çapında tanıdır. Eyni zamanda, yaradıcı heyətə daxil olan sıravi işçilərdən tutmuş baş rol ifaçılarına qədər hər kəs aylarla, illərlə sabit qaydada maaşlarını, qonorarlarını alırlar.
Azərbaycanda da seriallar çəkilir. Amma biz bu işi nəinki biznesə çevirməyi bacarmışıq, heç yerli bazarı belə formalaşdıra bilməmişik. Görünən acı reallıq da bundan ibarətdir ki, Azərbaycanda serialı biznesə çevirmək üçün hələ çox iş görülməlidir.
Dünya bazarı barədə düşünüb, xəyallarımızı suya salmaqdansa, elə gəlin yerli bazardan başlayaq. Məlum, keyfiyyətli iş həm də müəyyən büdcə tələb edir. Sərmayə ayırıb, bu işə peşəkarları cəlb etmək lazımdır ki, ortaya sanballı iş çıxarmaq mümkün olsun.
Bunun üçün ilk növbədə ssenaridən başlamaq lazımdır. Bizdə çəkilən seriallar cəmiyyətə, izləyici kütləsinə heç bir mesaj ötürmür. Onların sən deyən məna yükü də yoxdur. Bu yerdə uzağa getməyək, yenə də qardaş ölkənin seriallarını misal gətirim. Onlarda milli mətbəx, tarix, ailə dəyərləri, mədəniyyət, musiqi təbliğ olunur, maraqlı süjet xətti ilə tamaşaçını ekrana kilidləyə bilir.
Amma təəssüf ki, bunun eynisini yerli seriallarımıza şamil edə bilmirik. Səbəblər çoxdur. Dediyim kimi, ssenaridən çox şey asılıdır. Təsadüfi insanların yazdığı yüngul, bayağı məişət səviyyəli ssenari əsasında çəkilən serialda hansı məna yükünü, hansı sosial mesajı görmək olar?
Hələ bu serialı hansı rejissor ərsəyə gətirir, hansı aktyorlar çəkilir, bu, ayrıca dərddir. Peşəkarlar qalıb qıraqda, küçədən keçən gözəgəlimli qızları gətirib zorla aktrisa etməyə cəhd göstərirlər. Bu yersiz cəhdlərin də nəticəsində ortaya uğursuz iş çıxır.
Hansı seriala baxırsan, qışqır-bağır, ”söyüşün biri bir qəpiyə”, mənasız, bayağı, “duzsus” söhbətlər… Bunun da səbəbləri var. Özünə dəyər verən peşəkar seriala çəkilmək üçün layiq olduğu qonorarı tələb edir, amma istədiyi pul ona verilmir. Nəticədə seriallara qeyri-peşəkarlar pulsuz çəkilirlər ki, bu da rejissora sərf edir.
Hələ seriala çəkilib tanınmaq üçün rejissora pul ödəyən aktrisalarımız da az deyil. Sadalasaq, yerli serialların dərdi bir seriala sığmaz… Amma nə qədər ki bu bazarı formalaşdıra bilməmişik, hələ də başqa ölkələrin çəkdiklərinə baxacağıq. Ancaq Azərbaycan tamaşaçısı “o əjdaha”dan bizdə də olmasını istəyir…
Cəvahir