!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yıxılan ağaca balta vurulmasa... - Çingiz Özgür yazır

!Reklam – Yazi

Dostlar, yaxın durun, təzə söhbət edəcəm.   

Dörd günlük tətildən, iki günlük bayramdan çıxmışkən, soyuq başla danışaq. Bir məsələ məni yaman narahat edir, yəqin sizi də. Bizə bəzi şeyləri səhv öyrədiblər, vallah. Deyim, eşidin.

“Sizin heç eks-naziriniz öldümü???”

Yox e, demək istədiyim bu deyildi. Heç bu cümlə də mənimki deyil, bir Türk şairindən, elə türklər demiş uyarladım. Amma, sizin ya mənim fərqi yoxdur, təzəlikdə bir eks-nazir öldü. Allah rəhmət eləsin, Fazili deyirəm. Eks vergilər naziri Fazil Məmmədovu. Davamı necə idi o şeirin? “Mənimki bir kəs öldü. Apardılar, yıxadılar..” Hə, tam belə oldu.

Elə ki, keçmişdə böyük vəzifə tutan bir adamın ölüm xəbəri yayıldı, biz cəmiyyət olaraq iki yerə bölünərik. Bir hissəmiz rəhmətliyin əmvatı haqda bütün bildiklərini nəql edər, hələ yuyulmamış meyidi “yaş yuyub, quru sərər”, digər hissə isə o biriləri “yıxılana balta vurmaq”da ittiham edər və deyər ki, bu çox pis hərəkətdir. Hətta konkret misallarla bu hərəkətin yaxşı iş olmadığını deyənlər də var. Bunların da çoxu, o rəhmətliyi müdafiə etmək istəyən, lakin müdafiəyə bir şey tapmayanlar olar. Bir xeylisi də, hər hansı formada ölənin diriykən etdiklərindən pay tutan, ən kiçik miqyasda belə olsa, o əməllərə şərik olanlar olar.

Mənə qalsa, bu düşüncənin özü səhvdir. Yıxılan ağaca balta vurmamaq daha böyük problemlərə gətirib çıxarır, biz bunu kənd uşağı olaraq öz təcrübəmizdən dəfələrlə görmüşük. Məsələn, görürsən böyük bir ağacı daha heç nəyə lazım deyil deyə, meyvə vermir deyə, quruyub deyə kəsmək lazım olur. O halda yerdən mişarlandıqca, yuxarıdan da kəndir bağlanır ki, lazımi istiqamətə çəkilə. Bütün bu tədbirlərlə birgə, ağac tam yıxılmağa yaxın, iki üç yandan möhkəm baltalamaq lazımdır ki, məhz nəzərdə tutulan yerə yıxılsın. Əks təqdirdə, bu lazımsız, qurumuş ağac yıxılarkən binalara, tikililərə xeyli zərər verə bilər. Bax belə.

Odur ki, yıxılan ağac misalı, eks nazirlərimiz, komitə rəhbərlərimiz vəzifədən gedər- getməz sağlığında və hakimiyyətdə olarkən deyə bilmədiklərimizin hamısını demək lazımdır. Bu bizim ümumi işimizin bir xeyli xeyrinədir.

Dostlar yazmasa yadıma düşməzdi, Fazil məllim vergilər naziri olanda mən də çox eşitmişdim. (Baxın, hələ də “ eşitmişdim” deyirəm, ikinci şəxsin dili ilə danışcağam, nə olar-nə olmaz deyə. Amma belə hamınızı cəsarətə dəvət edərəm, əsib coşaram. (Nə isə, özünütənqid də bir yerə qədər.) Şirkətə daxil olan pulun müəyyən bir faizi, məsələn  mənim dostumun şirkəti misalında yeddi faizi vergilərə geri qaytarılmalı idi. Bu “dinmə ver” rəqəmi şirkəti vergilər tərəfdən ola biləcək bütün təhlükələrdən, qada-bəladan qoruyurmuş. Böyük reket jurnalistikanın dili ilə desək, şirkətə qarşı “tam immunitet” yaradırmış.

(Bunu burada qısaca haşiyə olaraq qeyd edim, gələcəkdə o “böyük reketlər” “yıxılanda” tam və açıq-aydın yazaram. Həmin bu “Tam immunitet” böyük reket qəzet və saytların hər hansı bir nazirlikdən, komitədən və ya şirkətdən aldığı rüşvət qarşılığında onlar haqqında bir il ərzində kəsinliklə mənfi heç bir məlumatın verilməməsinə deyilirdi. Sonradan rüşvətlərin xeyli hissəsi rəsmiləşdi, müqaviləyə döndü, ama boynumuza alaq ki, termin olaraq çox uğurlu bir termin yaranmışdı, yəqin ki, hələ də işlədilir.)

Həmin o geri qayıdan pulları yığan idarə Babək prospektinin sonunda yerləşirdi. Binaya girərkən təhlükəsizlik orqanına girirmişsən kimi, çəkiliş və səsyazma olmasın deyə. Binada xeyli otaq varmış telefonlar təhvil alınırmış. Hər otaqda iki, bəzisində üç pul sayan maşın var imiş. Şirkətlərin gətirdiyi çanta–çanta pulları otaqlardakı pul sayan maşınlar, “əjdaha”lar udurmuş. Bəzən pulun çoxluğundan iki-üç “əjdaha” eyni anda işləyirmiş. Bəzən də pul dəstələri növbə ilə birinci maşında, sonra ikincidə, daha sonra üçüncüdə sayılırmış. Görənlər deyir, adamlar işlərinə, yəni faiz yığma işinə elə ciddi yanaşırdılar, qıraqdan baxan deyərdi, bəlkə bu binada ölkənin hərbi doktrinasının müddəaları müzakirə edilir. Adamların uğurunun sirri bunda idi, rüşvəti ciddiyə alırmışlar, qeydiyyatlar aparır, sənədləşdirirmişlər.

İndi hanı e, belə idarələr???

Çox sirli bina imiş, gözü ilə görənlər deyirdi. Əlində böyük çanta üzündə xoşbəxt ifadə ilə girən yekəqarın kişilər – şirkət rəhbərləri boş çanta və üzündə yazıq ifadə ilə geri dönürmüş. Binanın içindəki əjdahalar çox amansız imiş. Günün bütün vaxtları ağızlarını açıb “pul- pul” deyə nərə çəkirmişlər. Necə ki, suyun qabağını kəsən əjdahalar kənddə bir saçıuzun, birçəyi qara qoymurdu qala, eləcə də bu binadakı “əjdaha”lar bircə şirkət qoymazmış qalsın. İyirmi birinci əsrin nağılları bax beləcə qorxuludur.

Ağsaqqal kişilər demiş, siz nələr gördünüz ki?

Deyirlər o bina dövlətin balansında olan bina deyilmiş. Vergilər Nazirliyi o binanı kirayə götürübmüş. Binanın əsl sahibi isə, elə də kənar adam deyilmiş, hamının tanıdığı Əli Həsənov imiş. Di gəl binanın sənəd sünədi də düz deyilmiş. Sözün əsil mənasında  qeyri-qanuni imiş.

Ardıcıllığa baxın:  Əli Həsənov Bakının göbəyində torpaq zəbt edib, qeyri qanuni tikinti aparıb, yekə bir bina tikib. Bu boydana ölkənin o boydana nazirliyinə bina tapılmayıb, gəlib bu qeyri-qanuni binanı Əli Həsənovdan kirayə götürüblər. Bu qeyri-qanuni tikilmiş, qeyri-qanuni kirayə verilmiş binada Vergilər Nazirliyi qeyri-qanuni işlərlə məşğuldur, tas qoyur, rüşvət yığır…

Nağıl dili yüyrək olar, göy guruldadı, ildırım çaxdı, göydən üç daş düşdü. Əvvəl bina, sonra Əli Həsənov, sonra isə Fazil Məmmədov o daşların altında yoxa çıxdı. Bəlkə də ardıcıllıqda səhv edirəm, ama dəqiq olan bir şey var  ki, üçü də yoxa çıxdı.  Bina gedərkən əjdahaları da apardı. İndi bilmirəm, o əjdahalar haradasa yaşayırmı. Bəlkə də bilirəm, amma deyə bilmirəm. Bunun üçün gərək o əjdahaların indiki sahibləri də yıxıla,  biz də baltanı vuraq. Yoxsa elə bilirsiz asandır?

İndi insaflı olun, “yıxılana balta vurmazlar” deyə, mən bunları yazmayımmı? Siz oxumayasınızmı? Oxuduqca da o vergi sistemi, o eks nazir haqda daha nələri-nələri xatırlamayasınızmı?

Siz də bilirsiniz axı, mənim yazdığım dəryada bir damla ola, ya yox. Mənimkinə heç balta vurmaq da demək olmaz, keçən günləri xatırlamaq deyək, o qədər.

Əsl balta vuranlar gəlsin, saplansın baltalar, itilənsin.  Daha qorxulu nağıllar eşidək. Keçmişlərə işıq tutmaq lazım.  Axı “keçmişlər gələcəyin güzgüsüdür”…

www.yenicag.az

629
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv