!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yolu bağlayan TIR-lar: Əsl motiv və səbəblər… - İcazə blankları necə verilir?

!Reklam – Yazi

Məlum olduğu kimi, ötən gün 4 yük maşını Bakının Heydər Əliyev prospektini bağlaması nəticəsində şəhərin əsas yol arteriyasını 4 saat iflic vəziyyətdə saxlamışdı. 

Yenicag.az xəbər verir ki, bu məsələ yük daşımaları ilə bağlı vəziyyətə daha dərindən nəzər salmaq və bəzi məqamları araşdırmağı zəruri edir.

İcazə blankları necə bölünür?

İcazə blankları ölkələr arasında qarşılıqlı razılığa əsasən yük daşımalarının həcminə uyğun müəyyən olunan və beynəlxalq yükdaşımalarını icra etmək üçün tətbiq edilən sənəd növüdür. Bu sənəd ölkələr arasında yük daşımalarının həcmindən asılı olaraq, kvota əsasında müəyyən olunaraq bərabər qaydada mübadilə edilir.

Əvvəlki dövrdə icazələrin verilməsində ciddi problemlər, rüşvətxorluq və s. kimi hallar baş alıb getdiyindən, 2021-ci il ilin iyun ayından Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti beynəlxalq daşıma icazələrinin bölüşdürülməsi  ilə bağlı əsaslı tədbirlər həyata keçirməyə başlayıb. Əsas məqsəd də bu sahədə şəffaf mexanizmin yaradılması, ciddi qüsurların aradan qaldırılması olub. Artıq iddiaların, şayiələrin qarşısını almaq üçün, agentlik icazələrin bölgüsü prosesində yük daşıyıcılarının özlərinin də iştirakını təmin edib. Adi araşdırma bölgü nəticələrinin yük daşıyıcıların assosiasiyasının saytında dərc edildiyini və bu yolla ictimailəşdirildiyini aydın göstərir.

Rəsmi aıqlamada bildirilir ki, yük daşıyıcıları bölgü nəticəsində onlara ayrılmış icazə blanklarını Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən tam maneəsiz əldə edirlər. Ekspertlər bildirirlər ki, sayı məhdud olan icazə blanklarının qabaqcadan real tələbatdan artıq sayda alınması digər yerli daşıyıcıların qanuni mənafelərinə zərər vurur, onların xarici bazarlara çıxışını məhdudlaşdırır və bazardakı mövqelərini zəiflədir. Buna görə də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) ilə sıx əməkdaşlıq şəraitində daşıyıcıların real tələbatını öyrənir.

Bütün bunları nəzərə alaraq icazə blankları məhdud sayda mübadilə edilir. Yəni,  blanklar xarici dövlətlərlə müəyyən edilmiş kvotaya uyğun mübadilə olunduğu üçün müəyyən limit mövcuddur.

“İcazə blankları” hansı meyarlar əsasında verilir? 

Bu səbəbdən də tələbatdan və kvota ilə müəyyən edilmiş saydan asılı olaraq icazə blankları üç kateqoriyaya – “defisit”, “qeyri-defisit” və “xüsusi defisit” kateqoriyalarına bölünüb.
Apardığımız araşdırma nəticəsində müəyyən olunub ki, “xüsusi defisit” icazə blanklarının bölgüsü konkret fakt əsasında daşımanın həyata keçirilməsi üçün tərtib edilmiş beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsinin (CMR) və ya digər təsdiqedici sənədlərin əsasında aparılır. “Defisit” və “qeyri defisit” icazə blanklarının bölgüsü isə daşıyıcıların bazar payı və ya onların nəqliyyat vasitələrinin sayı əsasında həyata keçirilir.

İcazə blanklarının bölgüsü nəqliyyat vasitələrinin sayı əsasında aparıldıqda bölgüdə iştirak edən daşıyıcıların istifadəsində olan nəqliyyat vasitələrinin sayı və bölgüyə çıxarılan icazə blanklarının sayı əsas götürülür. Daşıyıcıların bazar payı “bazar payı metodu” ilə –  icazə blanklarının bölgüsü aparılan tarixə daşıyıcının pozuntusuz istifadə etdiyi “İcazə” blanklarının sayının bütün daşıyıcılar tərəfindən istifadə edilmiş icazə blanklarının sayına nisbəti kimi hesablanır.

Qeyri-defisiti ikitərəfli/tranzit daşımalar üçün icazə blanklarının bölgüsü zamanı daşıyıcıya məxsus nəqliyyat vasitələrinin qeyd olunan istiqamət üzrə edə biləcəyi mümkün maksimum reys sayları nəzərə alınır. Daşıyıcı tərəfindən ay ərzində Rusiya və Türkiyə istiqamətinə maksimum 2.5, İran və Gürcüstan istiqamətinə maksimum 3.5, digər ölkələrə 1.5 reys edə biləcəyi qəbul edilir.

Bəzi daşıyıcılar daha çox defisit və xüsusi defisit icazə blankı tələb edir. Amma bölgü ilə müəyyən edilmiş saydan artıq blankın verilməsi digər daşıyıcının payının azalmasına və haqlı narazılığa səbəb olar. Bunlar nəzərə alınaraq, nazirlik daşıyıcılarla intensiv görüşlər keçirir və bölgünün aparılmasının prinsipləri barədə onlara ətraflı məlumatlar verilir. Məsələn, yalnız ötən üç ay ərzində 4 dəfə 70 nəfərdən ibarət daşıyıcı ilə qrup şəkilində, bir çoxları ilə isə fərdi qaydada görüşlər keçirilib, onlara izahat verilib.

İkitərəfli daşımaları həyata keçirmək üçün icazə blanklarının sayında, eləcə də onların artırılmasında adətən problem olmur. Lakin 3-cü ölkəyə/ölkədən icazə blanklarının sayının artırılmasında ciddi çətnliklər olur ki, bu da həmin ölkələrin öz beynəlxalq avtomobil daşımaları bazarını qorumaq istəyi ilə əlaqədardır. Çünki bir ölkənin digər ölkə daşıyıcılarının icazə blankları kvotasını artırması faktiki olaraq öz daşıyıcılarının bazar payının azaldılmasına gətirib çıxarır. Bu hal Azərbaycanın xarici ölkələrə verdiyi 3-cü ölkəyə/ölkədən icazə blanklarına da aiddir. Odur ki, defisit və xüsusi defisit icazələrinə əsasən məhz 3-cü ölkəyə/ölkədən icazə blankları aid edilir.

Daşıyıcılar arasında çoxtərəfli icazə olan BNF kitabçalarının da bölgüsü aparılır. BNF kitabçaları Beynəlxalq Nəqliyyat Forumu tərəfindən müəyyən edilən kvotaya uyğun olaraq üzv ölkələr üçün ayrılır. 2015-ci ilin may ayında Beynəlxalq Nəqliyyat Forumunun Çoxtərəfli Kvota Sistemi çərçivəsində həyata keçirilən daşımalar üçün Keyfiyyət Xartiyası qəbul edilib.

Keyfiyyət Xartiyası BNF icazələrinin bölgüsü şərtlərini müəyyən edir və onun tələblərinə əsasən BNF kitabçasından istifadə edən daşıyıcılar təsis edilmə, işgüzar nüfuz, maliyyə dayanıqlığı və peşəkarlıq səriştəsi ilə bağlı bir çox tələblərə cavab verməlidir. Bu xüsusda BNF kitabçalarının bölgüsü aparılarkən ilk növbədə bu tələblərə daha çox cavab verən daşıyıcılara üstünlük verilir, ilkin olaraq daşıyıcıların nəqliyyat vasitələri üzrərində istifadə hüququnun olması və sürücülərlə rəsmi əmək müqaviləsinin bağlanılması şərt kimi göstərilir. Bu tələblərə cavab verən daşıyıcılar arasında bölgü aparıldıqdan sonra yerdə qalan BNF icazələri digər daşıyıcılar arasında bölüşdürülür.

Məlumata görə, əvvəlki illərdə təxminən 500 ədəd civarında BNF kitabçası istifadəsiz qalırdı. Bu il tətbiq olunan bölgü mexanizmi nəticəsində bütün BNF icazələri daşıyıcılar arasında paylanması qarşıya məqsəd qoyulub. Məsələ ilə bağlı Azərbaycanın yük daşımalarını həyata keçirən bir sıra şirkətlərin nümayəndələri ilə aparılan söhbət onu deməyə əsas verir ki, artıq əvvəlki dövrdə mövcud olmuş problemlər aradan qaldırılıb və bütün bölgülər şəffaf şəkildə həyata keçirilir.

Belə olduqda sual yaranır, əgər hər şey yaxşıdırsa, fevralın 17-də 4 yük maşınının Bakının Heydər Əliyev prospektini bağlaması və şəhərin əsas yol arteriyasını 4 saat iflic vəziyyətdə saxlaması necə izah oluna bilər?

Heydər Əliyev prospektini iflic etmiş TIR-lar – əsl motiv və səbəblər 

Əvvəllər icazə vərəqələrin bölgüsündə müəyyən qüsurlar olub və bəzi işbazlar mövcud vəziyyətdən öz maraqları üçün istifadə edə biliblər. Hazırda icazələrin bölgüsündə şəffaflıq yaradıldıqdan, icazə (dozvol) sahəsində problemlər aradan qaldırıldıqdan sonra yaranmış vəziyyət müxtəlif yollarla özlərinə üstünlük qazanan, çikli işləməyə adət etmiş şirkətləri qane etmir.  Fevralın 17-də baş vermiş hadisə də məhz əvvəllər mövcud olmuş bu kimi  halların əks-sədasıdır.

Rəsmi açıqlamaya görə, 2021-ci il noyabr ayının əvvəlində “R Group Azerbaijan” MMC-nin rəhbəri Rəmiş Cəfərov Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə qəbula gəlib və xidmətin rəisi tərəfindən qəbul edilib. O, 2021-ci ildə ona ayrılmış BNF kitabçalarını ala bilmədiyini bildirib. Əvvəlcə R.Cəfərova icazələrin verilməsi barədə göstəriş verilib, sonra şirkət  tərəfindən təqdim edilən ödəniş sənədlərinin saxta olduğu müəyyən edilib. Belə ki, müvafiq rüsumların hesaba daxil olmadığı aşkarlanıb. R.Cəfərovdan dövlət rüsumunun ödənilməsi tələb edilsə də, nəticə olmayıb.

2021-ci ilin dekabr ayında 2022-ci il üçün  BNF icazələrinin bölgüsü aparılıb və bölgünün nəticələri Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının saytında  dərc edilib. R.Cəfərovun xidməti aldatmasına baxmayaraq digər şirkətlərə olduğu kimi onun şirkətinə də BNF icazəsi ayırılıb. Lakin R.Cəfərov bu saydan dəfələrlə çox icazə tələb edib və 2021-ci il dekabrın 27-də təzyiq məqsədilə yük avtomobilini Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin qarşısına park edib. 2022-ci ilin yanvar ayında xidmət tərəfindən Nərimanov Rayon Polis İdarəsinə şikayət edilib və polis tərəfindən müvafiq tədbirlər görülərək, məhkəmənin qərarı ilə Rəmiş Cəfərova 15 sutka iş kəsilib. Yalnız bundan sonra RGroup şirkəti dövlət rüsumunu ödəyib. Ancaq bu, R.Cəfərovun birinci qanun pozuntusu deyil, belə hallar onun avtobioqrafiyasında yetərincədir.

Məsələn, 2018-ci ildə R.Cəfərov lizinq müqaviləsi əsasında əldə etdiyi maşını qanunsuz yolla ölkədən çıxardıb. Şikayət olduğu üçün Ədliyyə Nazirliyi  Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə müraciət edərək R.Cəfərova avtomobil nəqliyyatı ilə daşımalar üçün müvafiq icazələrin verilməsinin dayandırılmasını və verilmiş icazələrin etibarsız hesab edilməsinin təmin olunmasını istəyib.

Həmçinin RİİN yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin açıqlamasında qeyd olunurdu ki, R. Cəfərova məxsus 99XE844/99ZA042 avtomobil 2018-ci ildə beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsini saxtalaşdıraraq Türkiyədən Qazaxıstana daşıdığı yükü Gürcüstanda başqa məhsulla əvəz edib və Rusiya ərazisinə keçirib. O, orada yükü naməlum şəxslərə təhvil verib, nəticədə baş vermiş hadisəyə görə bu şirkətə Rusiyanın gömrük orqanları tərəfindən yükün ünvana çatdırılmaması və qara siyahıya salınması barədə xəbərdarlıq edilib. Xarici ölkələrdə beynəlxalq yük daşımalarında icazənin verilməsi məsələsində nöqsanlar, pozuntular xüsusi nəzərə alınır və qanun pozuntusuna yol vermiş şirkətlərə icazələrin verilməsi dayandırılır.

2022-ci ilin üçün icazə bölgüsündə “R Group Azerbaijan” MMC iştirak etməyib və icazə vərəqələri almayıb. Yalnız fevral ın 14-də şirkət xidmətə teleqramla müraciət edərək  avtomobillərinin Türkiyədə yükləndiyini bildirib və icazələr tələb edib. Xidmət tərəfindən onunla əlaqə saxlanılıb və sənədlər istənilib. Xidmətdə 2022-ci ildə icazələrin alınmadığı halda yükləmənin necə baş verdiyi sualı yaranıb. Nəticədə R.Cəfərovun təşkilatçılığı ilə 4 yük avtomobili fevralın 17-də Heydər Əliyev prospektini bağlayıb və uzun müddət intensiv hərəkət olan yolda nəqliyyatın gediş-gəlişi iflic vəziyyətə düşüb.

Beləliklə, “R Group Azerbaijan” MMC-nin rəhbəri Rəmiş Cəfərov kifayət qədər pozuntuya yol verib, onun həyata keçirdiyi daşımaların həcmi isə müvafiq tələblərə cavab vermir. Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən tərəfindən R.Cəfərovdan dəfələrlə lazımi sənədlər istənilib. O isə məsələyə aydınlıq gətirmək, hər hansı izahat vermək, sənədləri təqdim etmək əvəzinə aksiya keçirmək qərarına gəlib. Yani, əvvəlki illərdə müxtəlif vasitələrlə icazələr alan R.Cəfərov bu dəfə istəyinə nail olmayıb və şantaj metodundan yararlanmağa çalışıb. Bu isə artıq hüquq mühafizə orqanlarınnı səlahiyyətinə aid olan haldır. /Qafqazinfo/

www.yenicag.az

687
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv