Azərbaycanda bir avtomobilin qayda pozuntusu digərinə yazılıb.
Yenicag.az-ın məlumatına görə, hadisə Ələt-Astara-İran sərhədi avtomobil yolunun 189-cu kilometrliyində baş verib.
Belə ki, sürət həddi 60 km/saat olan yolda 110 km/saatla hərəkət edən YPX avtomobilinin əvəzinə radara yolun sağ tərəfində baqajı açıq şəkildə dayanan 90-BO-370 dövlət qeydiyyat nişanlı “Mercedes 190” markalı avtomobil düşüb və cərimə bu avtomobilə tərtib olunub.
Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov məsələ ilə bağlı Trend-ə bildirib ki, belə texniki səhvlər çox nadir hallarda baş verir:
“Ümumiyyətlə protokollar avtomatik tərtib olunur. Daha sonra cərimələr çap olunaraq ünvana göndərilir. Ancaq həmin sistemə nəzarət edən şəxslər daha diqqətli olarsa, o məlumatı yoxlayarlarsa, belə səhvlər olmaz”.
Ekspertin sözlərinə görə, bu cür halla qarşılaşan şəxs protokolun surəti əlavə olunmuş ərizə ilə Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etməlidir:
“Əgər söhbət sürət həddinin pozulmasından gedirsə, irdarədə video görüntü olmalıdır. Həmin videoya baxdıqda fakt aydın şəkildə görünəcək”.