!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yüksək faizli bank kreditləri: "İntihar faktları az deyil" - Şərh

!Reklam – Yazi

“Ailə insitutlarının dağılması, boşanmalar, əsəb və stresslərin artmasında borc öhdəliklərinin rolu az deyil”.

Bu sözləri ölkədə istehlak kreditləşməsinin sürətlə artmasını dəyərləndirən iqtisadçı Məhəmməd Talıblı Yenicag.az-a açıqlamasında deyib.

İqtisadçı bildirib ki, istehlak kreditlərinin artması bir neçə amildən asılı ola bilər. Lakin hazırkı vəziyyət daha çox vətəndaşlarımızın sosial vəziyyətinin daha pisə doğru dəyişməsi ilə bağlıdır:

“Xüsusilə də Azərbaycandakı bank faizlərinin yüksək olması fonunda ağır şərtlərin altına çiyin vermək məcburi gedişlərə daha çox oxşayır. İstehlak kreditlərin portfelinə biznes kreditlərindən daha çox tələbin artması əmək bazarında, gəlir mənbələrinin itirilməsi və bir neçə amilin təsiri ilə bağlı ola bilər. Yüksək faizli bank faizlərinin indiki vəziyyəti daha çox istismarçı bank faizləridir. Vətəndaşlar ilkin addım olaraq krediti əllərinə alandan sonra sanki tələyə düşmüş olurlar. Ağır yüklü borc öhdəlikləri daha da ağırlaşır, başqa bir borclanma mənbələri üçün digər kredit qurumlarına müraciət edir. Bir bank öhdəliyi başqa banklarla da müştəri olmaq zəruritini meydana çıxarır”.

Məhəmməd Talıblıya görə, taksit kartlarının dövriyyəyə buraxılması fonunda kredit almaq asanlaşsa da, nəticə etibarilə yük yenə vətəndaşa düşür:

“Müştərilər ilk baxışda komfort zonası kimi görünən bu zolağa həvəslə daxil olurlar. Bir müddətdən sonra isə sözün birbaşa mənasında borc bataqlığına düşmüş olurlar. Belə bir borc “tələsindən” çıxmaq asan olmur. 100 milyard dollarlıq sərvət sahibi Uorren Baffetin dəyərli bir fikri var ki, istehlak kreditləri kasıblar üçün deyil. O daha çox varlılar üçündür.

Burada ilk baxışda paradoks var. Varlının istehlak kreditinə nə ehtiyacı ola bilər?

Əslində varlının gəlirlərində istehlak kreditləri xüsusi çəki yaratmır və asanlıqla əriyib gedir. Amma kasıbların istehlak kreditlərində ağırlıq payı olur və onun yığım etməsinə mane olur. Gəlirlərini əhəmiyyətsizləşdirir. İnkişaf etmiş ölkələrdə istehlak kreditləri illik 3-4 faiz olanda belə, onu götürməyə vətəndaşlar risk etmir. Amma Azərbaycanda kütləvi olaraq bu axına doğru hərəkətlilik var”.

Bahalı istehlak kreditlərinin finans baxımından əzici güc sayılmalı olduğunu vurğulayan iqtisadçının sözlərinə görə, banklar qazandığı halda vətəndaşların bank asılılıqları artır:

“Bu gəlir bölgüsünün qeyri-bərabər nisbətdə dəyişməsinin ən bariz nümunələrindən biridir. Vətəndaşlara tövsiyəm budur ki, borc tələsinə düşməsinlər. Qarşılıqlı etimada əsaslanan faizsiz borclansınlar, amma 25-30 faizlik kommersiya banklarından kredit götürməsinlər. Bunun təkcə iqtisadi əsasları yoxdur və sosial, psixoloji, mənəvi təsirləri var. Ailə insitutlarının dağılması, boşanmaların artmasında, əsəb-stresslərin artmasında, intihar faktlarının olmasında borc öhdəliklərinin az rolu yoxdur”.

Gülşən Şərif

www.yenicag.az

436
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv