!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yurdumuza dəyən naməhrəm əli və ya "heç kəsin girmədiyi" "TikTok"un Azərbaycan qazancı - Çingiz Özgür yazır

!Reklam – Yazi

Xalq olaraq maraqlı işlərimizdən biri də lazımsız bir hadisəyə dəyər vermək, partlayana qədər şişirtmək, amma məhz bunun əksi olan maraqlı və lazımlı informasiyanı görməzdən gəlməkdir.

Bilirəm, bunun əksini sübut etmək üçün bu dəqiqə əlinizdə ən az iki fakt var. Futbol üzrə dünya çempionatına çempion ölkədən az olmayan marağımızLaçın-Xankəndi yolunda bir neçə gündür davam edən aksiyaya ümumxalq dəstəyimiz. Hər iki fakt mənim ilk cümlədə dediyimin əksini göstərir, di gəl təkzib üçün bəs etmir. Mənim də faktlarım var.

Yaxın günlərin söhbətidir, adına “tiktoker” deyilən insanlardan ibarət bir qrup ölkənin ən sayılıb-seçilən universitetlərindən birində tələbələrlə görüşdə olmuşdu. Aləm dəymişdi bir-birinə. Mövqenin biri bir qəpikdən şəbəkələrdə idi. Birtərəfli ittihamlar, qınamalar, söylənmələr. Bəli, fakt özü yaxşı heç nədən xəbər vermirdi, di gəl məsələyə münasibət çox şişirdilir, lazımından artıq dəyər verilirdi. Qarşı tərəfdən cavab yox idi. Uzun müddətdən sonra universitetdə müəllim kimi çalışan bəzi dostların şəxsi mövqelərini yenə də sosial şəbəkədən oxuduq. Bu fikirlərin çoxu ilə razılaşmaq olardı, ancaq “kitab təqdimatına 50 tələbə gətirə bilmirik, amma “tiktoker”lərlə görüşdə zal dolmuşdu” kimi müdafiə cümləsi, yumşaq desək, doğru yanaşma sayıla bilməzdi. O məntiqlə gərək elə başda həmin müəllim dostlarımız olmaqla, hamımız elmin başını buraxıb “TikTok” səhifəsi açaq. (Ağlıma gəlmişkən, heç pis fikir deyil a! Bilmirsiniz e, nələr varmış…)

Hadisəni qısaca izah etməyim sırf məlumat üçün idi. Məni bütün bu ittihamlar içində ən çox düşündürən başqa suallar idi. “Bu qədər ki “tiktoker” deyilən zadın əleyhinə adam var, bəs, görəsən, “TikTok”da olanlar kimlərdir? Ümumiyyətlə, bizim ölkədən bu məşhur şəbəkədə nə qədər adam var?”

Çox şükür, ikinci sualımın cavabı özünü gözlətmədi. Universitetdə görüş hadisəsindən bir neçə gün sonra, keçdiyimiz günlərdə məlum oldu ki, “TikTok” rəsmiləri Bakıya təşrif buyurublar. Görüşlər və danışıqlar baş tutub. Bu barədə feysbuk səhifəsindən məlumat verən İT sahəsinin ağsaqqallarından hörmətli Osman Gündüz yazırdı:

“TikTok” rəsmiləri yenidən(!) Bakıdadır. (Nida işarəsini mən qoyuram, demək ki, müəllimlər daha əvvəl də gəlibmiş – Ç.Ö.) Bu sosial platforma son zamanlar Azərbaycan bazarına ciddi maraq göstərir…”

Osman müəllim paylaşımında mənim özümə verdiyim suala aydınlıq gətirərək bildirirdi:

“Onlar Azərbaycanda “TikTok”un gündəlik auditoriyasının 3 milyon(!) olduğunu qeyd edirlər.” (Yenə də nida işarəsi mənə aiddir. Müəllif bu rəqəmə təəccüblənmiş kimi görünmürdü – Ç.Ö.) Açıqlamanın məhz bu yerində rəqəm adamın boğazına ilişirdi və özünü ümummilli təəccüb şüarı olan “Vay dədəm vay!”ı səsləndirməkdən saxlaya bilmirdin. Ardınca isə növbəti “bomba” gəlirdi ki, bəs şəbəkənin Azərbaycanda ofis açmaq niyyəti var. Hələlik regionda yalnız Rusiya və Qazaxıstanda rəsmi ofisləri var, növbədə isə bizik. Bəli, əhalisi bizdən bir neçə dəfə çox olan ölkələrlə yarışırıq bu sahədə. (Ura!)

Üç milyonu axtarmağa başlamamış qeyd edim ki, bu qədər vacib informasiyanı özündə birləşdirən paylaşımı cəmi 53 nəfər “like” edib, iki rəy yazılıb. “Kitab təqdimatına gələn yoxdur deyə, “tiktoker”ləri gətiririk” məntiqi ilə Osman müəllim çoxdan bu sahənin daşını atıb yaxşı bir şirkətdə SMM işləməli idi. Bu belə.

Digər tərəfdən, “TikTok” rəsmiləri də bizim ölkənin ala gözünə aşiq deyillər. Bəli, “TikTok”da ciddi insanlar, maraqlı məlumatlar, elmi faktlar paylaşan yüzlərlə sahifə var, lakin rəsmilərin gəlişi bu səhifələrin izlənməsi ilə də bağlı deyil, yaxşı bilirik. Məsələ əlbəttə ki, gündəlik üç milyondan çox adamın bu şəbəkədə xərclədiyi pullar, “TikTok”a gələn gəlirdir. Bildiyim qədərilə, bu xərcləmələrin böyük hissəsi canlı yayımda kiməsə atılan hədiyyə şəklində olur. Hədiyyə pul ilə alınır. Atılan hədiyyənin dəyərinin yarısı “TikTok”a çatır. Demək, şəbəkə bizdən belə də az qazanmır. O biri tərəfdən, bütün şəbəkələrdəki kimi, reklamdan da normal pul gəlir. Bu halda aydındır ki, məqsəd şəbəkəyə üzv sayının artırılması və digər sahələrdən də qazanc əldə etməkdir.

Bəs, görəsən, “TikTok”da təqribən nə qədər “para dönür”? Yox, şirkət rəsmiləri o qədər də sadəlövh deyillər ki, bunu bizə açıqlasınlar. Bizimsə bu hesabatı aparmaqçün nə bir düsturumuz, nə də statistik məlumatlarımız var. Əlac qalır ehtimala.

İT mütəxəssisi, texnobloqer Fərid Pərdəşünas bu sualın cavabı ilə bağlı öz feysbuk paylaşımında yazır:

“Təsəvvür edin, 3 milyon istifadəçidən 1 faizi gündəlik 1 manatlıq jeton atsa, aylıq 900 000 manat edir. Bunun yarısının “TikTok”un payı” olduğunu nəzərə alsaq, qalan 450 000 manat yayımcılar arasında bölüşdürülür”. Və dostumuz qeyd edir ki, bu çox kobud və sırf nümunə üçün edilmiş bir hesablamadır.

İndi isə gəlin qorxmayaq, “TikTok”da atılan hədiyyələrin qiymətini təqribi göz önünə gətirək və hörmətli Pərdəşünasın aldığı rəqəmi 10-a vuraq. Dörd milyon beş yüz min! Hətta bir az da, lap o canlı yayımlarda nərildəyən “TikTok” şirləri” kimi cəsarətli olaq, rəqəmi ikiqat da artıraq – 9 milyon! Bəli, əminliklə demək olar ki, “TikTok”un Azərbaycan sektorunda dönən aylıq pul bu rəqəmdən az deyil. Yəni şəbəkənin özünə çatan pulla bərabər hər ay 18 milyondan az puldan söhbət getmir. Sadəcə dəhşətdir!

Hələ dayanın e, yenə başımız qarışdı onun-bunun pulunu hesablamağa, əsas sual qaldı kənarda. Kimdi bu “gündəlik üç milyon ziyarətçi?” Kəndlərdə bikarlıqdan “Pensiyalar qalxır…” söhbətlərinə aldanıb “TikTok”a girənlər? – Yox, bunlar çox azdır. Sayları yüz minin iki-üç qatını keçməz. “TikTok”dan elm öyrəndiyini iddia edən kəsim? – Xeyir, onlar da azdır. “Pensionerlərlə” bərabər yarım milyon olmazlar heç.

Universitetdə “tiktoker”lərlə görüş məsələsinə münasibətə baxdıqda ətrafımızdakı hər kəsin bu sosial şəbəkənin əleyhinə olduğunu görürük. Hamı ciddi adamdır. Hamı ciddi işlərlə məşğuldur. Heç kəs “TikTok” kimi qeyri-ciddi şəbəkələrə vaxt ayırmır. Ümumiyyətlə, oraya girmək ayıbdır. Kimsə o üç milyonun içində deyil…

Digər tərəfdən, şəbəkə haqqında bayaqdan yazmağıma baxmayaraq, mən o “tiktoker” adlanan adamların heç birini üzdən tanımıram, haqlarında heç bir məlumatım yoxdur, yolda-irizdə görsəm, bilmərəm kimdirlər. Lap elə universitetə görüşə gedənləri deyək. Mənə xəbər yazılı formada çatmasa, bilməyəcəkdim, kimdir onlar. Siz də beləsiniz hə? Siz də tanımırsınız eləmi?

Gəlin sizə bir hadisə danışım. Dini çevrələrdə xeyli yaxın tanışı olan bir dostumuz hələ o vaxt, “Lider TV”nin bərkgedən vaxtlarında verilişə dəvət alır. Heç bir dəvəti çevirməmək kimi şakəri olan, məhz bu üzdən də ölkə hüdudlarını aşaraq xaricdəki tədbirlərə gedib-gəlməkdən qalstuku “Türk Hava Yolları”na, pencəyi isə AZAL-a məxsus təyyarədə qalan dostumuz bu dəvətə də “yox” demir. Vaxt gəlib vədə yetişəndə televiziyanın binasına girmək istəyərkən mühafizəçi tərəfindən məlumat alır ki, gəldiyi veriliş Röyanın verilişidir. Dediyim kimi, qəlb qırmaqla heç arası olmayan dostumuz verilişdə iştirak edir. Və o gündən etibarən harada bir dindar dostu ilə rastlaşsa, “O gün də səni TV-də gördüm” sözünü eşidir. Həmin ərəfədə dostumuz yalnız bir verilişdə olduğundan söhbətin hansı verilişdən getdiyini bilir, amma üz vurmur. O yerə qədər ki, hər zaman “naməhrəmlik”dən danışan bir neçə tanışı iştirak edən məclisdə, hamı eyni ifadələri işlədərək dostumuzu televiziyada gördüklərini deyir. Bu vax kişi dözmür, ayağa qalxır:

– Mən deyirəm, dinməyim, olmur. Bəs siz illərdir bizim baş-beynimizi “naməhrəmə baxmağın günahı və cəzası” xütbələri ilə doldurursunuz. Deyirsiniz, olmaz, etməyin, eləməyin. Deyirsiniz, biz özümüz də etmirik. Deyirsiniz, deyirsiniz, oradan da qaçıb Röyanın verilişinə baxırsız hə? Xeyir ola?

Lap elə həmin dostumuz deyən kimidir vəziyyət. Anlaşılan, buradan bizə moizə oxuyursunuz, o tərəfdən hamınız “TikTok”dasınız. Ay sizi…

www.yenicag.az

1023
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv