!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yuxu həddinin aşılması və ya yozulması qadağan yuxular - Çingiz Özgür yazır

!Reklam – Yazi

Serialların əvvəlində necə yazırlar ki, bu filmdə baş verənlərin gerçək həyatla heç bir bağlılığı yoxdur. Filmdəki bütün hadisələr xəyal məhsuludur. Bax, mənim bu yazımda da elədir. Xəyal məhsuludur bu yazı. Lap yuxudur!

Molla Qafar həyətindən çıxıb, həyət divarına bitişik “ofis”inin qapısını dövlət idarəsinin qapısını açan idarə işçisi ədası ilə açanda saat düz doqquza dörd dəqiqə qalırdı. Dörd dəqiqəlik müddətdə döşəkləri düzəldib, stolun üstündəki kitabları səliqəyə saldı və düz saat doqquz tamamda yun döşəyinin üstündə oturub, kürəyini yastığa söykədi. Ərəb əlifbası ilə yazılı kitablardan birini əlinə götürüb elə dərindən oxumağa başladı ki, sanki “yuxu yozmaları”nı deyil, “radiaktiv parçalanma qanunu və yarımparçalanma periodu” barədə elmi məqalə oxuyur. Bu “elmi mütaliə” cəmi 10 dəqiqə çəkdi. On birinci dəqiqədə qapı astaca döyüldü və Usta Qurbanın əvvəlcə qapını açan əli, sonra burnu, daha sonra isə bütün bədəni otağa varid oldu. Mirzə ilə düz üzbəüzdə qoyulmuş stula oturub boğazını arıtladı və mollanın ənənəvi baş işarəsi ilə yuxusunu danışmağa başladı…

Lağ-lağı Sadığın “NASA qərargahı” adlandırdığı, Kefli İskəndərinsə “Silikon vadisi” adını verdiyi bu balaca otağı Qafar kişi son baş verən hadisələrdən sonra tikmiş, vergi ödəyicisi kimi qeydiyyatdan keçirmiş, “xidmət müəssəsi” kimi rəsmiləşdirmişdi. İndi bütün qəsəbə yuxuyozma üçün Molla Qafarın qapısının yuxarı tərəfinə “Röya MQ” yazısını asdığı bu “ofis”ə gəlir, yuxularını danışırdı. Yuxuyozmanın biri cəmi bir manat idi. Əslində, bu məbləğ çox az görünürdü, di gəl illərin Molla Qafarının bir hesab-kitabı vardı əlbət.

Yuxarıda yazdığımız “son baş verən hadisə”nin də açıqlamasını verək ki, oxucularımız intizarda qalmasın. Açıqlama deyəndə ki, heç zad, polislər Molla Qafarı tutub aparmış, bir xeyli incitmiş, bir xeyli də “tərlətmişdilər”. Yayın isti günlərində, polisin zirzəmisində tərləməkdən gedir söhbət, ağlınıza başqa şey gəlməsin. Səbəb isə o idi ki, Molla Qafar evi əməlli başlı “cindarxanaya” çevirmişdi. Qiymətləri də “kəllə çarxa” çıxarmışdı. Məsələn, “Urusetə gedən ərlərin qaytarılması” duası 300-500 manat arasında idi. Ölkənin hər tərəfindən başılovlu Molla Qafarın üstünə, “Mirzə, balamı o xristiyan köpəhqızının cəngindən qurtar, ailəsi əldən gedir”, – deyə gələn analar azı 3 dənə yüzlüyü döşəyin altına qoymasalar dua hasil olmurdu ki, olmurdu.

Bakıda universitet oxuyan tələbə Sərvər tətildə kəndə gələndə bunları görmüş və belə qiymətləndirmişdi: “Bakıda ən böyük kitab sərgisində bir gündə satılan kitablar heç bu qədər eləmir. Ölkədə “yazılı mətn”i ən baha qiymətə satan Molla Qafardır. Bir cümlədən azı 30-40 manat qazanır. İnşallah yazıçılarımızın bu işdən xəbəri olmaz, yoxsa ya hamısı dua yazmağa keçər, ya da intihar edərlər”.

Nə isə ki, polislər gəldi, apardı, gətirdi və kişiyə dua yazmaq qadağan olundu. Molla Qafar da dinc dayanmadı, indi oturub Usta Qurbana qulaq asdığı bu otağı tikdi, başladı rəsmi olaraq “ekstrasens xidməti” göstərməyə. Səhər oldumu, qəsəbənin hər tərəfindən kişilər və qadınlar bir-bir gələr, bir manatını verib, çekini alar və yuxularını danışıb, yozdurardılar. Yuxular təqribən eyni olardı. “Fəlakət gördüm”, “Od-alov içində qalmışdım”, “Zəlzələ olmuşdu”, “Vəlvələ içində qalmışdım” tipində yuxuları Molla bir- birinə oxşar söhbətlərlə “yozub” yola verər və bir qayda olaraq, hamısına sonda “evdən bir şey çıxar” tapşırığını verərdi. Bax, məsələnin ən incə nöqtəsi də elə bu idi. “Evdən bir şey çıxaran” adamlar, bu çıxarılanı yəni nəziri kimə verirdilər? Möhkəm durun, deyirəm. Mollanın öz doğmaca qızı Gülsənəmə. Niyə? Çünki Gülsənəmin rəhmətlik anası, yəni bizim qəhrəmanımız Molla Qafarın zövcəsi, Mir Nazim ağanın tək qızı idi. Bu məşhur seyidin oğlu olmadığından bütün “nifsi”, yəni seyidliyi qızına, qızı da gənc yaşda rəhmətə gedəndə ondan da öz qızına, yəni Gülsənəmə keçmişdi. Bu “təhvil–təslim” əhvalatını camaatın beyninə kim yeritmişdi? Əlbəttə ki, elə Molla Qafarın özü. Bax belə.

İndi mənzərə aydın oldumu? Molla bu boyda qəsəbənin tən ortasında elə bir şəbəkə – ailə biznesi yaratmışdı ki, Marks bilsə, “Kapital”ı pozar, təzdən yazardı. Hərədən cəmi bir manat alırmış kimi görünsə də, hər yuxuyozmadan azı 40-50 manat irəli düşürdü. Qorxulu yuxu görənlər evlərində mal-mülk qoymurdular, daşıyırdılar Gülsənəmin qapısına. Molla da axşam “işdən çıxıb” qızı evində bir qismət çörək yemək adı ilə mal bölgüsünə gedirdi. İş o yerə çatmışdı ki, Gülsənəmin “piyanıska” əri Vəliqulu süfrədə rus arağı yerinə yerli araq gördümü, həmin gün pulun az gəldiyini hiss edib hirslənir, səsin atırdı başına ki, “Nə oldu e, bu boyda qəsəbədə düz-əməlli yuxu görən bir köpəyoğlu tapılmadı bu gün?”

Bütün bunları nağıl etməkdə məqsədim, mənzərəni aydınlatmaq idi. İndi gələk əsas məsələyə. Elə ki, Usta Qurban yuxusunu danışıb, pulunu ödəyib, çekini alıb getdi, Molla Qafar termosundan bir stəkan çay süzdü ki, içə. Elə bu vaxtı qapını ehmalca açan, qəsəbə içində “Cəbhəçi” ləqəbi ilə çağrılan Hüseyn içəri girdi. Molla əlindəki stəkanı kənara qoyub, “yenə gəldi gəlməmiş” pıçıldayıb, qaralmış sifətini Hüseynə çevirdi.

Cəbhəçi Hüseyn sakitcə 1 manatını ödədi, çekini alıb cibinə qoydu və asta səslə danışmağa başladı:

– Bütün gecəni yenə orada olmuşam, Qafar kişi. İnanmazsan e… Əvvəl “altılı masa”nın toplantısına girmişdim, sonra Mühərrəm İncənin seçki qərərgahında idim. Bir ara hətta Kılıçdaroğlu ilə əl-ələ meydana çıxıb, seçiciləri salamlayırdıq. Molla, cavan qardaşımın qəbri haqqı, bir coşqu vardı, bir sevgi vardı gəl görəsən. Hərə bir tərəfdə öz işi ilə məşğul idi, yuxuda belə seçkinin demokratikliyi hiss olunurdu…

– Cəbhəçiliyinə salma, qısa danış.

Mollanın səbri tükənirdi. Düz üç gün idi ki, Hüseyn gəlir, bir manat verib, düz 40-50 dəqiqə yuxu danışırdı. Yuxusu da eyni idi. Hər gün Türkiyədəki seçkilərlə bağlı nəsə görür, kimlərləsə görüşürdü. Birinci gəldiyində, bütün gecəni “Meral Akşeneri dilə tutmaqda olmuşdu ki, vahid namizədə razı olsun”, dünən “Əkrəm İmamoğlu və Mansur Yavaşla müzakirələr aparmışdı”, bu gün də belə. Molla qalırdı kəsilə-kəsilə. Birincisi, siyasi motivli yuxuları yozmaq qadağan edilmişdi. İkincisi, lap qadağan edilməsin, nə yozsun, nə desin axı? Üçüncüsü və ən əsası isə, bu yuxuya görə Molla Qafar necə desin ki, “evdən bir şey çıxar, düşər düşməzi olar!” Bu cümləni də demədisə, demək ki, bir saatı cəmi bir manata çıxırdı mollanın. Halbuki o bir saatda neçə yuxu yozub, neçə nəzir yiyəsi olmaq olardı.

Cəbhəçi Hüseyn hər günkü kimi yuxusunu danışıb, sakitcənə çıxıb getdi. O gedən kimi, Molla qapının şüşəsindəki “açıqdır” elanını “bağlıdır”a dəyişib , çayını içə-içə xeyli fikirləşdi. Birdən hamam vannasından sıçrayan Arximed kimi “Palnomoççi” deyib bağırdı. “Polnomoççi” sözü haradan ağlına gəlmişdisə, sahə müvəkkilini belə çağırırdı illərdir. Əlini telefona atıb kəndin sahə müvəkkilinə zəng elədi.

Molla Qafar Cəbhəçi Hüseynin yuxusunu başından–ayağınacan sahə müvəkkilinə danışıb, sual dolu nəzərlərini onun üzünə dikdi. Sahə müvəkkili əvvəl qızardı, sonra ağardı, sonra isə həm qızarıb həm ağararaq titrəyə-titrəyə telefona əl atdı. Hadisəni olduğu kimi rəisə danışdı. Rəis trubkanın o başından nə dedisə, “baş üstə” deyib, telefonu cibinə qoyub çölə qaçdı.

On beş dəqiqə keçməmişdi ki, Cəbhəçi Hüseynin evinin qabağında polis maşını dayandı. Sahə müvəkkili gələnlərə başı ilə evi göstərib, “evdədir” dedi. İçəri girən polislər Cəbhəçi Hüseynin qollarını qandallayıb polis idarəsinə apardılar. Maşının arxasınca, özündən razı halda gedən sahə müvəkkili ucadan deyinirdi.

– Bəxtəvər başımıza. Görməyə yuxu tapıb. Türkiyə seçkiləri, nə bilim Qılıncdaroğlu, nə bilim Məhərləm İncə… Get indi yat on beş sutka, ağlın başına gəlsin. Qadasın alım rəisin, nə gözəl dedi:

“Bunları başına qoysan, sabah birisigün Tiflisdəki mitinqi də görərlər yuxuda!”

 

www.yenicag.az

693
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv