!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zamanın fövqündə dayanan şəxsiyyət – Gülnar Əsədli yazır

!Reklam – Yazi

Dünya şöhrətli ictimai-siyasi xadim, təcrübəli dövlət başçısı, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli lider Heydər Əliyevin unudulmaz, əziz xatirəsi zaman-zaman yaşamaqdadır. Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli dövlət xadimidir.

Xalqımız yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin şah əsəri, həyat amalının təntənəsidir.

Ölkəmizin hərtərəfli inkişafına misilsiz töhfələr vermiş ümummilli liderin anadan olmasının 100 ili tamam olur. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilmişdir. Dahi öndərin yubileyi ölkəmizdə və onun hüdudlarından uzaqlarda sonsuz sevgi və məhəbbətlə, böyük ehtiramla qeyd edilir.

Əbədiyaşar lider 1923-cü il may ayının 10-da qədim Naxçıvan şəhərində dünyaya göz açmışdır. Heydər Əliyev çoxşaxəli, zəngin dövlətçilik fəaliyyəti ilə Azərbaycan adlı məmləkətə günəş kimi işıq saçaraq şanlı tarix yaratmışdır.

Bu böyük şəxsiyyət, görkəmli dövlət xadimi Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə daim xalqımızın, ölkəmizin işıqlı, parlaq gələcəyini düşünmüş, Azərbaycanı dünyaya tanıtmışdır.

Bakı Dövlət Universitetində təhsil aldığım 1980-ci illərdə biz tələbələr bu qocaman ali məktəbdə oxuduğumuza görə qürurlanırdıq. Çünki respublikanın qüdrətli, müdrik rəhbəri Heydər Əliyev məhz bu universitetin tarix fakültəsində təhsl almışdır.

Bu epizodu xatırlatmaqla demək istəyirəm ki, bu gün hər bir azərbaycanlı xalqımızın xilaskarını, qüdrətli, dahi rəhbəri-Azərbaycanın ən yeni tarixini yazan şəxsiyyəti qürurla, məhəbbətlə öz qəlbində yaşadır.

1969-cu ilin iyul ayında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildiyi dövrdən ömrünün sonuna qədər ölkəmizin inkişafında, tərəqqisində böyük, misilsiz işlər görmüş və tarixə müstəqil Azərbaycanın memarı kimi adını əbədi yazmış Heydər Əliyevin 100 illik yubileyi respublikamızın hər bir guşəsində, təhsil, səhiyyə, mədəniyyət müəssisələrində, bütün təşkilatlarda, özəl qurumlarda təntənə ilə qeyd edilir.

Təcrübəli jurnalist kimi müxtəlif mövzularda yazılar yazmağıma baxmayaraq, etiraf edim ki, fenomen şəxsiyyət, XX əsrin lideri Heydər Əliyevdən yazmağa, söz deməyə özümdə cəsarət tapmıram.

1993-cü ilin yayı Azərbaycan xalqının yaddaşına əbədi həkk olunan tarixdir. Respublikada vətəndaş müharibəsi, ölkənin məhvolma,  müstəqilliyini itirmək təhlükəsi yaranmıışdı. O zaman  xalq çıxış yolunu yalnız Heydər Əliyevin hakimiyyətə gəlişində görür, taleyini ancaq ona etibar edirdi.

Ümummilli lider 1993-cü  il iyunun 15-də Ali Sovetin sədri seçildi və iyunun 24-də Azərbaycan Respublikası prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. Heydər Əliyev Azərbaycan xalqının ona göstərdiyi böyük etimadı, sonsuz məhəbbəti özünün parlaq, titanik fəaliyyəti ilə doğrultdu. O, iki dəfə ümumxalq səsverməsi nəticəsində ölkə Prezidenti seçildi. Üçüncü dəfə 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyi irəli sürülsə də səhhəti ilə əlaqədar seçkilərdə iştirak etmədi.

Müstəqil Azərbaycanın memarı, ölkəmizin inkişaf tarixini yazmış qüdrətli lider 2003-cü il dekabrın 12-də dünyasını dəyişdi. Bu əvəzolunmaz şəxsiyyət cismən Azərbaycandan, onu böyük məhəbbətlə sevən xalqından ayrılsa da, misilsiz fəaliyyəti  ilə qəlblərdə dərin  iz buraxmışdır.

Müstəqil dövlətimizin təməlini qoymuş Heydər Əliyevin  andiçmə mərasimindəki nitqini unudulmaz tarix kimi həmişə xatırlayıram: “Bu gün mənim üçün çox tarixi, əlamətdar gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.”

Bəli, bu dahi şəxsiyyət Azərbaycan dövlətçiliyini zamanın ən ağır, keşməkeşli və çətin sınaqlarından qoruyub daha da möhkəmləndirmiş,  ölkəmizi sürətli inkişaf yoluna çıxartmışdır.

Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli dövlət bayrağını Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq etmiş ulu öndərin uzaqgörən, müdrik siyasəti sayəsində  bu gün həmin üçrəngli bayrağımız onun layiqli davamçısı, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  düşməndən azad edilmiş torpaqlarda əzəmətlə, vüqarla dalğalanır. Bax, budur, ümumilli liderin böyüklüyü, müdrikliyi, qüdrəti!

1971-ci ildə dahi şəxsiyyət öz gərgin səyləri hesabına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin-görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Tarix ulu öndərin uzaqgörənliyini, müdriklyini 44 günlük Vətən müharibəsində əyani təsdiq etdi. Torpaqlarımızı işğaldan azad edən rəşadətli ordumuzun zabit heyətinin böyük əksəriyyəti ümummilli liderin təməlini qoyduğu  Cəmşid Naxçıvanski adına hərbi liseyin  yetirmələri idi.

Milli ordunun formalaşdırılması, nizami silahlı qüvvələrin  yaradılması ulu öndərin adı ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə əlahiddə Azərbaycan korpusunun yarandığı gün-26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü kimi qeyd olunur. Hər il bu tarixin təntənəli şəkildə bayram edilməsi ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən biridir.

Dünyada ərazisinə və əhalisinin sayına görə kiçik ölkə olan Azərbaycan bu böyük şəxsiyyətin uğurlu siyasəti sayəsində dünyada söz sahibi olan, nüfuzlu  bir dövlətə çevrildi. Azərbaycan dahi şəxsiyyətin güclü diplomatiyası sayəsində özünün geosiyasi imkanlarını gerçəkləşdirdi, coğrafi mövqeyi, zəngin təbii ehtiyatları, iqtisadi potensialı hesabına bir çox dövlətlərlə, beynəlxalq qurumlarla əməkdaşlıq etməyə başladı.

Ümummilli liderin 1998-ci il 6 avqust tarixli “Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında”  Fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edildi. Milli mətbuatın inkişafına göstərdiyi dəstəyə görə Heydər Əliyev 2002-ci ildə Azərbaycan Jurnalistlərinin Müdafiə Komitəsi tərəfindən təsis edilmiş “Jurnalistlərin dostu” mükafatına layiq görüldü.

“Hər bir insan üçün onun milli mənsubiyyəti onun  qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” ifadəsi hər birimizin milli qürur rəmzi kim əbədiləşib.

Azərbaycanın fenomen lideri Heydər Əliyevin “Xalq dövlət üçün yox, dövlət  xalq üçün olmalıdır”, ”Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir”, ”Dövlət, ölkə nə qədər çox xalqı birləşdirirsə, bir o qədər zəngin olur. Çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir”, ”Müstəqillik yolu qədər çətin yol yoxdur”, ”Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir” kimi hikmətli fikirləri dilimizin əzbəridir.

Müqəddəs hisslərlə, insani duyğularla baş-başa qalanda Heydər Əliyevin Azərbaycan dövlətinə, xalqına sonsuz sədaqətini, məhəbbətini bir daha duyursan. Bu dahi şəxsiyyətin parlaq siması hər bir gəncin yaddaşında “Heydər baba” kimi əbədiləşib.

Görkəmli dövlət xadimi, fenomen şəxsiyyət Heydər Əliyev dəfələrlə Astaraya səfər etmiş, rayonun sakinləri, zəhmət adamları ilə görüşmüş, onların qayğıları ilə maraqlanmışdır. Müdrik rəhbər daim Astaraya və astaralılara yüksək diqqət və qayğı göstərmişdir. Bu gün həmin qayğını dövlətimizin başçısı cənab İlham Əliyev uğurla, işgüzarlıqla davam etdirir.

Heydər Əliyev kimi dahi insanlar, demək olar ki, yüz ildən bir dünyaya gəlirlər. Onun parlaq zəkası ilə işıqlanan aləm zaman-zaman öz nurunu qoruyub saxlayır. Bu gün ümummilli lider Heydər Əliyev həyatda olmasa da, onun Vətən, xalq yolunda müstəsna xidmətləri yaddaşlarda əbədiləşib, əzəmətli adı əsrlər boyu yaşayacaqdır.

Düşüncələrimi dahi şəxsiyyətin Astara haqqında söylədiyi fikirlərlə tamamlayıram: ”Astara Azərbaycanın coğrafi xəritəsində, Azərbaycanın ictimai-siyasi həyatında, Azərbaycanın iqtisadiyyatında özünəməxsus yer tutur… Müstəqil Azərbaycanın həyatında astaralılar çox əhəmiyyətli rol oynayır. Öz tarixi vəzifələrini yerinə yetirir, Azərbaycanın dövlətçiliyinin  inkişaf etməsi yolunda böyük xidmətlər göstərirlər.”

Bu fikirləri yazarkən dahi şəxsiyyət ani olaraq gözümün önündə canlanır…

Hansı ki, illər öncə Astaraya səfərlərinin birində ümumilli liderimizi lap yaxından görmüşdüm. Xoş təbəssümü, nurlu siması ilə zəhmətkeş insanları salamlayan əvəzsiz şəxsiyyətin mehriban görüşü, şirin danışığı qəlbimizdə ona sevgimizi daha da artırdı.

İllər ötəcək, ulu öndərin qurucusu və memarı olduğu Azərbaycan adlı məmləkətimiz əbədi yaşayacaqdır. Ruhun şad olsun dahi insan, müdrik rəhbər,əbədiyaşar lider!

Gülnar Əsədli,

yazıçı, publisist

www.yenicag.az

240
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv