!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zaur Mirzəzadə ölkə rəhbərliyinə müraciət etdi – “Məni bu şərdən qoruyun”

!Reklam – Yazi

Həbsdə olan Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin direktoru, Xalq.az və Bakutime.az portallarının baş redaktoru , jurnalist Zaur Mirzəzadə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədova, Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərova müraciət edib.

Müraciətdə deyilir:

2016-ci ildə bir qrup işbaz cinayətkar dəstə tərəfindən törədilən cinayət işinə 2021-ci ildə böhtan xarakterli iddialarla mənim də adım əlavə olunub. Buna səbəb isə bu cinayətkar dəstənin üzvü olan Aygün Tarverdiyeva adlı qadınla şəxsi münasibətimin olması və onun məsuliyyətdən yayınmaq üçün məni qurban vermək niyyətidir. Bu gün heç bir əsas olmadan həbsdə olduğum təqdirdə Aygün Tarverdiyeva azadlıqda gəzir, müxtəlif üsullarla məhkəmə instansiyalarına nüfuz edərək, artıq 9 aydır ki, mənim cəmiyyətdən, ailəmdən, sevdiyim işimdən ayrı dörd divar arasında yaşamağıma nail olub. Barəmdə başladılan cinayət işi müstəntiq tərəfindən cəmi 4 iş günü ərzində araşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İbtidai istintaq yalnız mülahizələrə əsaslanaraq məni təqsirləndirilən şəxs kimi tanıyıb. Hansı ki, bu bilavasitə qanun və hüquq pozuntusudur.

Bakı Ağır Cinayətlər Məhkəməsində 7 ay davam edən məhkəmə istintaqında təkzibolunmaz sübutlarla günahsız olduğum sübut edilib, araşdırılan cinayət işi ilə heç bir əlaqəmin olmadığı təsdiqini tapıb və barəmdə bəraət hökmü verilib. Bundan sonra iş üzrə protest verilib və Bakı Apellyasiya Məhkəməsinin hakimi Faiq Qasımov heç bir hüquqi sübut olmadan ibtidai istintaqın şəxsi mülahizələrini əsas götürərək, saxta faktlarla məni 5 il müddətinə azadlıqdan məhrum edib. Əldə etdiyim məlumata görə, Faiq Qasımovun belə bir qərar qəbul etməsinə səbəb cinayət işində adı keçən Aygün Tarverdiyeva ilə maddi maraq qarşısında razılaşmasıdır. Məhkəmə istintaqı zamanı Faiq Qasımov Aygün Tarverdiyevaya cinayətdən və məsuliyyətdən yaxa qurtara bilməyəcəyini dəfələrlə bildirsə də, yekunda onun xeyrinə qərar qəbul edib. Nəticədə isə heç bir əsas olmadan mənim barəmdə 5 il müddətinə həbs qərarı verib.

Bəzi kütləvi informasiya vasitələrində barəmdə sifarişlə dezinformasiyalar tirajlanır. Bu xəbərlərin DİN müstəntiqi Abdulla Müəyyəddinovun və hakim Faiq Qasımovun sifarişi ilə mətbuata ötürülməsi heç kimə sirr deyil. Faiq Qasımovun 5 il azadlıqdan məhrum etmə qərarı heç bir hüquqi əsas olmadan verilib. Rəsmi qurumlar – Dövlət Təhlükəsizliyi Xidməti, Baş Prokurorluq və s. heç bir hüquqi tədbir görülməyib və suni şəkildə məhkəmə prosesləri uzadılıb. İddihamçı qanunlarımızın tələblərinə görə saxta, təhrif olunmuş, heç bir hüquqi əsası olmayan faktlar olduğu üçün ittihamdan imtina edilməlidir. İttihamçının obyektivliyinə şübhə yaranır. Bu cinayət işində korrupsiya əməlləri var. Lakin bu günə qədər araşdırılmayıb. Ali Məhkəmə Faiq Qasımovun əsassız qərarını ləğv etsə də, onunla bağlı heç bir tədbir görülməyib və bu azmış kimi o, məhkəmə sədri təyin edilib. Məhkəmə Hüquq Şürası, Baş Prokurorluq bu halları niyə araşdırmır? Niyə mən 10 aydır kiminsə korrupsiya hərisliyinə görə törətmədiyim əmələ görə cəza çəkməliyəm?

Faiq Qasımovun bu qanunazidd qərarından sonra vəkilim, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Kamran Musayevin vasitəsilə Ali Məhkəməyə əsaslandırılmış və təkzibolunmaz sübutlarla mənim ittiham olunduğum cinayət əməlini törətməməyim barədə hüquqi faktlarla kassasiya şikayəti verilib. 2022-ci ilin dekabr ayının 7-də Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Əziz Seyidovun rəhbərliyi ilə yekunlaşan məhkəmədə Bakı Appelyasiya Məhkəməsinin 17 may 2022-ci il üçün qərarının mənə aid olan hissəsi ləğv edilib. İşə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərib. Bakı Ağır Cinayətlər Məhkəməsinin barəmdə bəraət hökmü elan etməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Bakı Appelyasiya Məhkəməsinin hakimi Faiq Qasımovun haqqımda verdiyi qərarı əsassız sayması günahsız olduğumu bir daha sübut edir.

9 aydır ki, heç bir günahım olmadan azadlıqdan məhrum edilmişəm. Ailəmdən, övladlarımdan, yeganə oğul övladı olaraq ümidini mənə bağlayan xəstə valideynlərimdən, canım qədər sevdiyim dövlətimdən ayrı düşmüşəm. Şəxsi və ictimai reputasiyam zədələnib.

Fəaliyyətim dövründə heç zaman cinayət əməlinə yol verməmişəm. Azərbaycan həqiqətlərinin dünya miqyasında yayılması, 44 günlük vətən müharibəsi dövründə şəhid və qazi ailələrinə yardım edilməsi, parlament jurnalisti olaraq operativ informasiya siyasətinin həyata keçirilməsində, dövlətimizin maraqlarına uyğun informasiya siyasətinin yürüdülməsində fəal iştirak etmişəm. Mən xalqımı və dövlətimi sevirəm. Hansısa korrupsioner istintaq orqanının və korrupsioner hakimin əsassız olaraq məni dörd divar arasına göndərməsinə, ailəmi, valideynlərimi başsız qoymasına, ictimai və şəxsi reputasiyamı zədələməsinə dözmək məcburiyyətindəyəm.

Son ümid yerim Bakı Appaleyasiya məhkəməsidir. İnanıram ki, Bakı Apellyasiya Məhkəməsinin mənim işimə baxacaq hakimləri Faiq Qasımovun hərəkətlərini təkrarlamayacaq, barəmdə çıxarılan ədalətsiz hökmün ləğv edilməsinə qərar verəcəklər.

www.yenicag.az

329
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv