Azərbaycanda 4,4 və 5,3 bal gücündə zəlzələ baş verib.
Yenicag.az xəbər verir ki, yerli vaxtla saat 23:19-da Pirqulu stansiyasından 7km cənubda Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib.
Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub.
Digər 5,3 bal gücündə zəlzələ yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 10 km cənub-qərbdə İsmayıllı ərazisində qeydə alınıb. Yeraltı təkanların ocağı 8 km dərinlikdə yerləşib.
Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5,3 bala qədər hiss olunub.
Baş verən zəlzələ Şamaxı şəhərində ciddi fəsadlara səbəb olub.
Yenicag.az-ın Şamaxı şəhərinə ezam olmuş reportyorunun verdiyi məlumata görə, şəhərdə zəlzələ nəticəsində çoxlu sayda evlərə ziyan dəyib. Şəhərin Azadlıq küçəsində 1 ev yararsız hala düşüb. 2 nömrəli məktəbin pencərələrinin şüşələri yerə tökülüb, divarı isə uçub. Şəhərin 20 qanlı yanvar küçəsində isə 7 evin divarları və pencərələri uçub. Ev sakinləri küçədə qalıblar.
Hadisə yerində olan zaman Şamaxı rayon icra hakimiyyətinin nümayəndələri evlərə baxış keçirib. Sakinlərə sabah saat 7-dən etibarən qeydiyyata alınacaqları barədə məlumat verilib. Yaranmış vəziyyətlə bağlı geniş reportajı sabah saytımızdan oxuya bilərsiniz.
Səxavət Məmməd
Şamaxı şəhəri