!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zəngəzur dəhlizinə İRAN MANEƏSİ: “Bakı ilə Ankara Tehranın pozucu siyasətinə qarşı...”

!Reklam – Yazi

“Ərdoğanın Azərbaycana səfəri bütün digər məsələlərlə bərabər, Zəngəzur dəhlizinə bağlı proseslərin sürətlənməsinə də öz təsirini göstərəcək”.

Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngəzur dəhlizinin açılmasında əsas maneənin İran olmasına dair fikrini şərh edən politoloq Aydın Quliyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Türkiyə-Azərbaycan əməkdaşlığının bundan sonrakı mərhələsinin ən önəmli hədəflərindən biri Zəngəzur dəhlizinin açılmasına nail olmaqdan ibarət olacaq:

“Zəngəzur dəhlizinin açılmasının gecikmə səbəbləri ilə bağlı Türkiyə Prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğanın açıq mətnlə danışması bu işin çox xeyrinədir və belə bəyanatlar həmin dəhlizin açılması yolundakı maneələrin aradan qaldırılmasında indi də, gələcəkdə də müsbət rol oynayacaq.

Əslində, Zəngəzur dəhlizinin açılmasının bu qədər gecikməsinin səbəbləri ilə bağlı bütün maraqlı tərəflərdə aydın təsəvvürlər var. Ermənistan və Rusiya Zəngəzur dəhlizinin açılmasına örtülü tərzdə əngəl yaratdıqğı halda, İran dəhlizin istifadəyə verilməsinə o qədər açıq formada əngəl törədir.

Ona görə də Ərdoğanın bu bəyanatı Zəngəzur dəhlizinin açılmasına yönəlik bütün “arxa qapı”larda baş verən gizli proseslərə işıq salınması baxımından böyük əhəmiyyət kəsb edir. Artıq heç kimdə şübhə qalmayıb ki, Zəngəzur dəhlizinin açılmasına mane olan əsas ölkə məhz İrandır. Bununla yanaşı, Ərdoğan Zəngəzur dəhlizinin tək Azərbaycan, Türkiyə, Ermənistan və başqa ölkələr deyil, həmçinin İran üçün də çox faydalı olacağına dair ortaya aydın mövqe qoydu.

Çünki əgər Zəngəzur dəhlizi indiyə qədər istifadəyə verilsəydi, Türkiyə, Azərbaycan və İranın, eləcə də Londondan Pekinə kimi bütün kommunikasiya xətlərinin tam şəkildə istifadəyə verilməsi, onların işə başlaması mümkün ola bilərdi. O baxımdan, Ərdoğanın prezident seçkilərindən sonra ilk rəsmi dövlət səfərini Azərbaycana etməsi bütün digər məsələlərlə bərabər, Zəngəzur dəhlizinə bağlı proseslərin sürətlənməsinə də öz təsirini göstərəcək.

Təbii ki, Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevlə apardığı söhbətlərdə müzakirə olunan əsas mövzulardan biri məhz Zəngəzur dəhlizinin ətrafında yaranmış vəziyyətdir. Fikrimcə, hər iki prezidentin çıxışında Zəngəzur dəhlizinin açılmasının qaçılmaz reallıq olduğunun vurğulanması Ərdoğanın Bakıya bu səfərinin qırmızı xətlə ortaya çıxan nəticələrindən biridir. O mənada qırmızı xətlə ki, bütün qütblərdən göründüyü qədər, Türkiyə-Azərbaycan əməkdaşlığının bundan sonrakı mərhələsinin ən önəmli hədəflərindən biri Zəngəzur dəhlizinin açılmasına nail olmaqdan ibarət olacaq.

Hər halda, Ərdoğanın Bakıya səfəri çərçivəsində hər iki prezidentin dilindən verilən aydın mesajlardan biri növbəti mərhələdə də Azərbaycan və Türkiyənin xarici siyasətinin daha parlaq, daha fəal şəkildə əlaqələndirilməsinin davam etdirilməsindən ibarətdir. Bu əməkdaşlığın əsas hədəflərindən biri isə Zəngəzur dəhlizi ilə bağlı maneələrin aradan qaldırılmasıdır.

O səbəbdən, gözləmək olar ki, Azərbaycan və Türkiyənin İranın pozucu addımlarının əleyhinə birgə fəal addımları daha da güclənəcək. Artıq Zəngəzur dəhlizinin açılması Azərbaycan ilə Türkiyənin yeni mərhələdə əsas hədəflərindən biri kimi ortaya qoyulub və qarşıdakı dönəmdə dəhlizin istifadəyə verilməsi üçün Bakı ilə Ankaranın birlikdə İranın pozucu siyasətinə qarşı daha effektli birgə addımlarının şahidi olacağıq”.

A.Zeynalov

www.yenicag.az

500
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv