!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zəngəzur-Laçın Dəhlizi ətrafında dönən PROSESLƏR: "Azərbaycan bunu mütləq etməlidir" - ŞƏRH

!Reklam – Yazi

“10 noyabr “Atəşkəs Bəyanatı”, 11 yanvar 2021-ci il tarixli üçtərəfli “Moskva Bəyanatı” və “Soçi Bəyanatı” regionda bütün iqtisadi-nəqliyyat əlaqələrinin açılmasını nəzərdə tutur. Bu sənədlərin heç birində “Zəngəzur Dəhlizi” barəsində qeyd yoxdur”.

Bu fikri “Zəngəzur Dəhlizi”, “Laçın Dəhlizi” ətrafında dönən proseslər, Azərbaycanın alternativ variantları və Qərbin Cənub Qafqaz planlarını şərh edən politoloq Nəsimi Məmmədli Yenicag.az-a açıqlamasında səsləndirib.

Nəsimi Məmmədli bildirib ki, 10 noyabr sənədinin 9-cu bəndində bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi öz əksini tapıb:

“Qurulacaq əlaqələrin konkret necə reallaşacağını indidən demək tezdir. Bu istiqamətdə hələ müzakirələr davam edir, niyyətlər, bəyanatlar səslənir. Tərəflərin ciddi fikir ayrılığı var və konkret qərar qəbul olunması müəyyən vaxt aparacaq.

“Laçın Dəhlizi” ifadəsi isə üçtərəfli rəsmi sənədin 6-cı bəndində qeyd olunub. Təhlükəsizliyi Rusiya sülhməramlı kontingentinin nəzarətindədir. 3 il ərzində yeni hərəkət marşrutunun inşası nəzərdə tutulur. Yeri gəlmişkən, bu altıncı bəndin son abzası bizim zərərimizə olan ən təhlükəli məsələdir. Azərbaycan beynəlxalq hüquqla öz ərazisində sərhəd keçid məntəqəsi və gömrük postu yaratmaq hüququna malikdir. Bunu mütləq etməlidir.

Naxçıvan faktiki olaraq hüquqla Azərbaycanın ayrılmaz bir hissəsidir. Lakin Xankəndi Ermənistanın tərkibində olan, və ya ayrıca dövlət subyekti deyil ki, ora xüsusi dəhliz nəzərdə tutulsun. Əgər Laçından xüsusi dəhliz məsələsi olacaqsa, deməli, Qarabağda erməni anklavı olduğunu qəbul etmiş oluruq.

Əslində indiki diplomatik danışıqlarda bizə xüsusi vacib olmayan iki məsələnin Azərbaycan diplomatiyasında öncüllük təşkil etməsi anlaşılmır. Biri “mina xəritələri” , digəri isə “Zəngəzur Dəhlizi” məsələsidir. Aldığımız mina xərtələrinin 75 faizi saxta çıxıb. Minaları heç o xəritələr əsasında axtarmırıq. Hərbi əsirləri və terrorçuları saxta xəritələrin müqabilində Ermənistana verməyi anlamaq mümkün deyil. Eyni zamanda Zəngəzur məsələsi də hazırda bizə çox da vacib deyil. Naxçıvanla alternativ əlaqələrimiz var.

Ermənistan sərhəddindən və gömrüyündən Rusiya hərbiçilərinin nəzarəti altında keçmək bizə əlavə nə qazandıracaq? Heç nə. İndiki kimi İrandan keçmək daha əlverişlidir. Eyni zamanda həmin istiqamət üzrə dəmiryolu xəttinin inşası da mümkündür”.

Politoloq qeyd edib ki, müharibədən sonra Azərbaycanın qarşısındakı əsas istiqamət diplomatik fəaliyyətin gücləndirilməsidir:

“Soçi görüşü” və “Brüssel görüşü” məhz bu baxımdan qiymətləndirilməlidir. Azərbaycan dünyaya nümayiş etdirir ki, o, sülhə hazırdır. Hamı sülhdən danışır, çağırış edirsə, biz də bu təşəbbüsdən geri qalmamalıyıq. Bu baxımdan Brüssel görüşündə iştirak etmək doğru idi.

Nəticəyə gəlincə, hələ vəziyyət çox mürəkkəbdir. Regionda, xüsusilə də Qarabağ məsələsində 4 maraqlı tərəf var: Rusiya, Qərb, Azərbaycan-Türkiyə ittifaqı və Ermənistan-İran ittifaqı.

Bu maraqları uzlaşdırmaq, qalıcı sülhə və sabitliyə nail olmaq hələ real deyil. Qlobal və regional geosiyasi proseslərin dalğasında bu problemin həllinə yaxınlaşsaq da riskləri də nəzərə almalıyıq.

Rusiya Cənubi Qafqazda əsasən öz nəzarətində olan sabitlik istəyir. Ermənistanın hərbi-təhlükəsizlik qarantiyası kimi alternativsiz olduğunun mesajlarını verir. Cənub Qafqazın söz sahibi olduğunu hər kəsə qəbul etdirməyə çalışır. Buna əsasən nail olub”.

“Qərb Cənub Qafqazda siyasi-iqtisadi təsirini saxlamaq və mümkün olarsa, genişləndirmək istəyir, – deyən politoloq əlavə edib ki, Qərb strateji müttəfiq kimi Gürcüstan və Ermənistanı seçib, Azərbaycandan isə tam imtina etməyib:

“Azərbaycan-Türkiyə ittifaqı qalıcı və uzunmüddətli sülh istəyir. Xarici maraqları nəzərə almaqla ərazi bütövlüyünün təsdiqinə və regional əməkdaşlığa nail olmağı hədəfləyir. Qərbin siyasi-hüquqi təsirlərinin qarşısını almağa çalışır.

Ermənistan Rusiyanın vasitəsi ilə öz hərbi təhlükəsizliyini təmin etmək, qərblə siyasi-iqtisadi və diplomatik münasibətləri dərinləşdirmək istəyir, Qarabağ iddiasından imtina etmədən sülh sazişi imzalamağa çalışır. ATƏT-i prosesdə aktivləşdirmək və danışıqlarda vaxt udmaq, yeni status-kvo əldə etmək niyyətindədir. İran regionda Rusiyanın maraqlarını qəbul edir. Azərbaycan və Türkiyənin regionda güclü təsirini və Qərbin olmasını istəmir.

Hələ ki maraqlı tərəflərin hamısı az-çox öz istəklərinə nail olub. Amma bu, qalıcı hal deyil”.

Səxavət Məmməd

www.yenicag.az

681
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv