yenicag.az

Elçin Behbudovdan sonra işgəncə faktlarını kim araşdırır?

Elçin Behbudovdan sonra işgəncə faktlarını kim araşdırır?

Müəllif: Redaktor

Editor

Ötən gün bloger Mehman Hüseynov məhkəmədən cərimə olunaraq azadlığa çıxdıqdan sonra jurnalistlərə açıqlamasında fiziki zorakılığa məruz qaldığını deyib. Ümumiyyətlə, hüquq-mühafizə orqanları tərəfindən tətbiq edilən bütün fiziki və mənəvi zorakılıq beynəlxalq və Azərbaycan qanunvericiliyi ilə qadağan edilib. Amma blogerin irəli sürdüyü ittihamın nə dərəcədə doğru olub-olmadığı araşdırma predmetidir.

Vaxtı ilə müvəqqəti saxlama məntəqələri, təcridxanalar və cəzaçəkmə müəssisələrində işgəncələrin araşdırılması ilə məşğul olan İşgəncələrə Qarşı Azərbaycan Komitəsi adlı qurum vardı. 2015-ci ildə komitənin sədri Elçin Behbudov dünyasını dəyişdikdən sonra faktiki olaraq, bu sahə ilə maraqlanan vətəndaş cəmiyyəti institutu yoxdur. Qurumun sədrliyinə iddia edənlər- Elçin Behbudovun həyat yoldaşı Elmira Behbudova və Elşad Həmidov arasında baş verən şəxsi çəkişmələr isə işgəncələrlə bağlı məsələləri diqqətdən kənarda saxlayıb.

Məsələ ilə bağlı Yeniçağ.az-a danışan “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, işgəncə faktlarının araşdırılması ilə bağlı rəhmətlik Elçin Behbudovun sədri olduğu təşkilat mütəmadi olaraq müvəqqəti saxlama məntəqələrində, təcridxanalarda, cəzaçəkmə müəssisələrində monitorinqlər keçirib:

Əliməmməd Nuriyev ile ilgili görsel sonucu“Bu sahədə bir boşluq var. Amma onu da deyim ki, həmin təşkilatda texniki-təşkilati işlər görülür. Mediada gedən yazılardan bəllidir ki, müəyyən mübahisəli məsələlər var və yəqin ki, buna nöqtə qoyulacaq və qurum öz fəaliyyətini davam etdirəcək. Eyni zamanda onu da qeyd etmək lazımdır ki, təkcə İşgəncələrə Qarşı Azərbaycan Komitəsi deyil, həm də digər hüquqmüdafiəsi təşkilatları da var. Onlar insan hüquq və azadlıqlarının qorunması istiqamətində bu gün də fəaliyyətlərini davam etdirirlər. Bu təşkilatlar hər zaman məsələləri dövlət qurumlarının diqqətinə çatdırırlar. Əgər işgəncə ilə bağlı məlumat varsa, ilk növbədə bu informasiya dəqiqləşdirilməlidir. Eyni zamanda işgəncə faktlarının araşdırılması ilə bağlı Baş Prokurorluğun əmri var. O cümlədən BMT-nin və Avropanın işgəncələr əleyhinə qurumları var ki, onlar da mütəmadi olaraq Azərbaycana səfərlər edir, vəziyyəti araşdırırlar”.

Ə.Nuriyev deyib ki, işgəncə faktı ilə bağlı sürətli reaksiyanın verilməsi informasiyanın açıqlanmasından sonra başlayır: “Dünən bununla bağlı informasiya verildi. Bildiyimə görə, Mehmanın açıqlamasından sonra hüquq-mühafizə orqanları hərəkətə keçiblər, müvafiq araşdırmalar başlanıb. Həqiqətin ortaya çıxması üçün məsələni araşdırmağa başlayıblar. Şübhəsiz ki, işgəncə faktı ilə bağlı informasiya açıqlanırsa, bu, araşdırılmalıdır. Məsələdə günahkar olan insanlar məsuliyyətə cəlb edilməlidir. Çünki məsələ obyektiv araşdırılmasa, Azərbaycanı sevməyən bir sıra beynəlxalq qurumlara əlavə dəlil vermiş olacağıq. Ən başlıcası isə biz öz insanımızı qiymətləndirməliyik və obyektiv yanaşma olmalıdır ki, hər kəs vətəndaşımıza verdiyi qiyməti görə bilsin”.

 

BƏXTİYAR
Yeniçağ.az

Xəbərlər, Cəmiyyət, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti