www.sinerjipro.net

SinerjiProWide
Reklam

Gürcüstan yenidən seçkilərə hazırlaşır. Oktyabrın 21-də Gürcüstanda yerli özünüidarəetmə seçkiləri keçiriləcək. Bu seçkilərdə həm bələdiyyə sədri və üzvləri, eyni zamanda, icra başçıları seçiləcək.

Yenicag.az xəbər verir ki, Gürcüstan-Azərbaycan Media Mərkəzinin sədri Amil Hacıyev seçkiöncəsi vəziyyəti dəyərləndirib:

“Gürcüstanda seçkilər proporsional və majoritar qaydada seçilir. Hər bir partiya bələdiyyə üzvlüyünə proporsional qaydada 15 namizəd irəli sürür.

Əvvəlki seçkilərlə müqayisədə, hazırda əhali arasında seçkiyə maraq və aktivlik aşağıdır. Buna səbəb inamsızlıq və iqtidarın qələbə şanslarıdır.

Ümumilikdə, seçkilərdə 10-dan çox partiya və seçki bloku mübarizə aparacaq. Amma əsas mübarizə hakim “Gürcü arzusu”, “Vahid Milli Hərəkat” və “Avropalı Gürcüstan” partiyaları arasında gedəcək.

Bunların içərisində ən şanslısı hakim partiya sayılır. Əsasən, müxalifət partiyaları kimi, daha çox sosial bazaya malik olması və ikincilik uğrunda savaşacaq.

Mixeil Saakaşvilinin əsas tərəfdarlarından olan Gigi Uqulava həbsdən azad olunduqdan sonra David Bakradze və Georgi Bokeriya ilə birləşdi, “Vahid Milli Hərəkat” partiyasından ayrılaraq, “Avropalı Gürcüstan”ı yaratdılar.

Hazırda bu partiya 21 deputatla parlamentdə təmsil olunsa da, millət vəkilləri “Vahid Milli Hərəkat” partiyasından seçilənlərdir. Bu, Uqulava-Bokeriya cütlüyünün ilk sınağıdır. Maraqlıdır ki, Bakradze burada ikinci plana keçib. Bu partiyanın Tbilisi merliyinə namizədi isə Yelena Xoştariyadır və şəhərdə kifayət qədər tanınır.

“Vahid Milli Hərəkat” partiyası isə parçalandıqdan sonra gücünü itirmədiyini sübut etməlidir. Saakaşvilinin adı bu partiyaya əlavə kömək deməkdir.

Sadə vətəndaşlar arasında hələ də partiyaya kifayət qədər simpatiya var. Tbilisi merliyinə namizəd olan Zaal Udumaşvili isə sevilən və “Rustavi 2” telekanalından hamının tanıdığı biridir.

Hakim “Gürcü Arzusu” partiyası şanslı sayılsa da, xeyli itkiləri var. Hakimiyyətdə olduğu illərdə heç nə ilə yadda qala bilməyən partiya yalnız milyarder İvanişvilinin puluna ümid edir. Bir sıra sosial yardımların dayandırılması, İvanişvili və partiya tərəfindən vədlərin yerinə yetirilməməsi inamı sarsıdıb. Məhz buna görə hazırda hakim partiya “V bank” gedişi edib. Kaxa Kaladzenin namizədliyi bunu sübut edir. Üstəlik, baş nazir Georgi Kvirikaşvili, xarici işlər naziri Mixail Canelidze və maliyyə naziri Dmitri Kumsişvli triosu Kaladzeni sevmir. İvanişvilinin sağ əlinin Gürcüstan baş nazirinin birinci müavini və energetika naziri vəzifələrindən imtina edərək, merliyə namizəd olması bu səbəbdən qaynaqlanır.

Gürcüstan azərbaycanlıları üçün bu seçki digərlərindən fərqlənir. İlk dəfə əhalisinin 91 faizini azərbaycanlıların təşkil etdiyi Marneulidə bütün namizədlər azərbaycanlılardır.

Hakim partiyanın son anda dəyişiklik edərək, azərbaycanlı namizədə üstünlük verməsi sırf məğlubiyyətin bir addımlığından qayıtmaq deməkdir. Temur Abazovu marneulilər tanımasa da, azərbaycanlı olması əlavə xal qazandırır.

Ötənilki seçkilərdə qəhrəman səviyyəsinə qalxan Əhməd İmamquliyev isə sıfırdan başlayır. “Vahid Milli Hərəkat” partiyasından ayrılaraq, “Avropalı Gürcüstan” partiyasına qoşulması birmənalı qarşılanmır. Üstəlik, Mixeil Saakaşvilinin siyasətini tənqid etməsi onun nüfuzunun aşağı düşməsinə səbəb olub.

Ən fəal təbliğat kampaniyası aparan İmamquliyev seçicilər arasında hələ də “Vahid Milli Hərəkat” partiyasının nümayəndəsi kimi tanınır. Görüşlərində dəfələrlə “Səsimiz, həmişəki kimi, Mişanındır”, – deyə seçiciləri ona müraciət edir.

“Vahid Milli Hərəkat” partiyasının bu seçkidə ikinciliyi qazanacağını proqnozlaşdırırıq. Azərbaycanlılar arasında simpatiyasını itirməyən partiya hakim koalisiyanın itirdiyi səsləri əldə edib. Bu baxımdan, elə də məşhur olmayan namizəd Rəhim Əsgərovun Temur Abazovla ikinci tura gedəcəyi gözlənilir.

Üstəlik, Marneulidə hakim partiyanın bələdiyyə üzvlüyünə proporsional qaydada irəli sürülən namizədlərin siyahısında azərbycanalıların olmaması da “Vahid Milli Hərəkat” partiyasının lehinədir.

Azərbaycanlıların yaşadığı Dmanisi, Qardabani kimi ərazilərdə isə namizədlər gürcüdür. Bolnisidə yalnız “Vahid Milli Hərəkat” partiyası azərbaycanlı Samirə İsmayılovanın namizədliyini irəli sürüb. Parlament seçkilərində son anda gürcü rəqibinə uduzan İsmayılovanın yenə də ikinci olacağını proqnozlaşdırırıq.

Ümumilikdə bu seçkilərdə yenə “Gürcü Arzusu” partiyasının qələbə qazanacağı gözlənilir. Azərbaycanlılar yaşadığı regionlarda isə ən yaxşı halda hər bir bələdiyyədə 3-4 azərbaycanlı təmsil olunacaq”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 563
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."