www.sinerjipro.net

SinerjiProWide
Reklam

Milli Məclisin bu gün keçirilmiş plenar iclasının cari məsələlər bölümündəki çıxışlar əsasən, Avropa Şurası ilə münasibətlərə həsr olunub.

Yenicag.az xəbər verir ki, müzakirələrdə ilk söz alan Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun son sessiyasında ölkə əleyhinə qətnamələrin qəbulunu qərəzli münasibətlə əlaqələndirib:

“Açıq deyim ki, AŞPA-nın son sessiyası əvvəlkilərdən fərqli olaraq bizim üçün o qədər də asan keçmədi. Bu, yalnız Azərbaycanla bağlı hazırlanan sənədlə bağlı deyildi.

Bunun haradan qaynaqlandığı, haradan ortaya çıxdığı bizim üçün hələ də sualdır. Bu gün Avropa Şurası daxilində elə tendensiya yaranıb ki, onlar hansısa ölkəni hədəf seçib, öz problemlərini həll edirlər.

Hazırda Avropa Şurasının monitorinqi altında 10-dan çox ölkə var, ancaq hədəfə Azərbaycan götürülür. Təsəvvür edin ki, sessiyanın bir neçə günü Azərbaycana həsr edilmişdi. Avropa Şurasının baş katibi Azərbaycana təzyiq göstərməyə çalışır, sağlam insanlar da bu siyasətin girovuna çevrilirlər”.

S. Seyidov daha sonra Ukraynanın AŞ PA-dakı nümayəndə heyətinin bəzi üzvlərinin Azərbaycan əleyhinə qətnamələrə səs vermələrinin səbəblərinə də toxunub:

“Həmin deputatlar Ukrayna müxalifətini təmsil edirlər. Ukrayna prezidenti Poroşenkonun partiyasından olan deputatlar səsverməyə qatılmayıblar”.

Türkiyənin AŞPA-dakı nümayəndə heyətinin bir neçə üzvünün də Azərbaycan əleyhinə qətnaməyə səs verməsinə toxunan Seyidov bunun səbəbini bildiklərini və belə halların ikitərəfli münasibətlərə təsir etməyəcəyini deyib.

Nümayəndə heyətinin rəhbəri çıxışının sonunda qeyd edib ki, Azərbaycan Avropa Şurasının belə qərəzli münasibətinə dözməyəcək:

“Azərbaycanın uğurlu siyasətinə görə ölkəmizə qarşı təzyiqləri artırıblar. Bizi bu yollarla AŞPA kimi tribunadan məhrum etmək istəyirlər. Bütün bu məsələləri nəzərə almalıyıq. Bununla belə, nümayəndə heyəti AŞPA-da fəaliyyətini davam etdirəcək”.

Ondan sonra çıxış edən deputatlar Rüfət Quliyev və Elmira Axundova ukraynalı deputatlarla əlaqə yaratdıqlarını diqqətə çatdırıblar. Onların sözlərinə görə, Ukraynanın hakim partiyasından olan millət vəkilləri müxalifətçi deputatların Azərbaycan əleyhinə qətnaməyə səs verdiklərini kəskin pisləyiblər və bununla bağlı rəsmi mövqe bildirəcəklər.

Deputatlar Fazil Mustafa və Zahid Oruc isə öz çıxışlarında Azərbaycanın Avropa Şurasından çıxaraq, nüfuzlu beynəlxalq tribunanı ermənilərin ixtiyarına buraxmasının məqbul olmadığını vurğulayıblar. Z. Orucun fikrincə, Azərbaycan AŞ-ni tərk edərsə, ermənilər bir çox məsələləri, o cümlədən, qondarma “DQR”-in tanınması məsələsini beynəlxalq gündəmə çıxaracaqlar.

Deputat Tahir Kərimli də AŞ-nin Azərbaycana qərəzli münasibətini pisləyərək, ölkənin bəzi məsələlərdə düşdüyü “girov”luqdan çıxmasına çağırıb:

“Əgər Avropa Şurası Azərbaycanı öz sıralarından çıxartmaq istəyirsə, onda Azərbaycan bunu gözləmədən Avropa Şurasından çıxmalıdır. Biz türk canlı, İslam imanlı və Avropa qiyafəliyik. Ancaq Avropa bizim nə göy, nə də yaşıl rəngimizi görmək istəyir. Bəs, bizim Qafqaz vüqarımız harada qaldı?

Bilirik ki, Roma İmperiyası əxlaqsızlığa görə dağıldı. Bəs biz niyə əxlaqsızlıqdan dağılan imperiyaların diktəsi ilə yaşamalıyıq?”

Səslənən fikirləri ümumiləşdirən sədr Oqtay Əsədov isə Azərbaycanın hadisələrin inkişafından asılı olaraq, lazım bildiyi qərarı qəbul edəcəyini deyib.

Deputatlar yenidən söz alan Səməd Seyidovun səslənən fikirlərin ümumiləşdirilərək AŞ rəhbərliyinə göndərilməsinə dair təklifini dəstəkləyiblər.

A. Zeynalov

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1004
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."