"Yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımının şərtləri" müzakirə olunub

“Yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımının şərtləri” müzakirə olunub

Müəllif: Redaktor

Baş Redaktor

Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) bu gün “Yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımının şərtləri” mövzusunda konfrans təşkil edib.

Yenicag.Az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “Yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımının şərtləri” mövzusunda konfrans və seminarların təşkili” layihəsi çərçivəsində baş tutub.

Konfransı açan layihənin koordinatoru Müşfiq Ələsgərlinin sözlərinə görə, layihə çərçivəsində Mingəçevir (Qərb bölgəsi) və Masallıda (Cənub bölgəsi) seminarlar keçirilib. Bundan başqa, “Yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımının şərtləri” adlı vəsait hazırlanaraq çap edilib və seminar iştirakçılarına paylanıb:

“Bakıda konfransın keçirilməsi məsələnin daha geniş auditoriyaya çıxarılması və mövzunun aktual saxlanılmasına xidmət edir. Çünki xəbər istehsalçılarının “yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımını məhdudlaşdıran məqamlar”a yanaşmaları problemlidir.

Cinayət hadisələrinin iştirakçısına, yaxud qurbanına çevrilmiş yetkinlik yaşına çatmayanların ad və soyadlarının, ünvanlarının dəqiqliklə təqdim edilməsi, valideynlərinin, himayəçilərinin, hüquq təmsilçilərinin rəyini nəzərə almadan bu tip məlumatların ictimailəşdirilməsi ciddi problemlərə yol açır, cinayət qurbanına çevrilmiş uşaqların gələcək həyatlarını ciddi çətinliklərlə qarşı-qarşıya qoyur.

Bu baxımdan, keçirtdiyimiz seminar KİV işçilərində, xüsusən internet üzərindən xəbər yayan informasiya istehsalçılarında yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımının şərtləri barədə təsəvvür formalaşdırmaqdan ibarətdir”.

Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət konfransda yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımının şərtlərinin pozulması nəticəsində yaranan problemlər barədə çıxış edib. Azərbaycan Jurnalistlər Şəbəkəsinin sədri Ayaz Mirzəyev, Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə, “Millətçilik” qəzetinin redaktoru Sevda Əsgər, JuHİ-nin layihələr meneceri Nəzrin İlhamqızı (Ayralova), TUMİB sədri Çingiz Bayramov, “Region+” analitik jurnalının baş redaktoru Namiq Mailov, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal, “Azadinform” İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev, “Təhsil” Cəmiyyəti İB-nın koordinatoru Taleh Şahməmmədov və digər natiqlər “KİV və uşaq hüquqları” mövzusunda həyata keçirilən layihələrin faydalarından danışıblar.

A. Zeynalov
Yenicag.Az

3-cü-sektor

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti