Reklam

Reklam

2018-ci ilin Qarabağ münaqişəsinin həllində diplomatik, ya da hərb müstəvisində dönüş ili olacağı barədə fikirlər səslənir.

Görəsən, səslənən bu fikirlər nə dərəcədə həqiqəti əks etdirir?

Məsələni Yenicag.az-a şərh edən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin nümayəndəsi Nazim Cəfərsoyun fikrincə, Rusiya ilə Türkiyə Qarabağ məsələsində gələn il üçün müəyyən ortaq məqamlarla çıxış edə bilərlər:

mtu3zmexmtc5nzfkytm

“Qarabağ münaqişəsinin gedişinə və həllinə təsir göstərən həm daxili, həm də xarici faktorlar var. Xarici faktorlar həm regional, həm də qlobal faktorlarla bağlıdır. Məsələyə daxili faktordan yanaşsaq, 2018-ci ildə Azərbaycanda prezident seçkiləri ili olacaq.

Bu ərəfədə isə iqtidar Qarabağ məsələsində daha çox siyasi fəallıq nümayiş etdirməkdə maraqlıdır və əvvəlki səylərini daha da artıracaq. Ermənistan tərəfindən də, orada yaşanan ağır siyasi və iqtisadi vəziyyətlə əlaqədar olaraq Qarabağ məsələsilə bağlı ən azından görüntü xarakterli müəyyən fəallaşmanın gündəmə gətiriləcəyini istisna etmirəm.

Regional müstəvidə Rusiyanın Avrasiya və Yaxın Şərq coğrafiyasında ciddi şəkildə fəallaşdığının şahidi oluruq. Bunu Suriya və Qüds məsələsində də gördük. Qarabağ məsələsində də Moskvanın rolu, təsir imkanları hamıya yaxşı bəllidir. Ona görə Qarabağ məsələsində Rusiya tərəfindən müəyyən fəallaşmanın baş verəcəyini istisna etmək olmaz. Xüsusən də Rusiyanın Azərbaycandakı imicinin zəif olduğunu nəzərə alsaq, həmin imici yüksəltmək üçün Moskvanın prosesdə aktivləşəcəyini düşünmək olar. Düzdür, bu istiqamətdə Rusiya fəallığı hiss olunur, amma onun nəticələrini görmürük. Bu mənada ola bilsin ki, gələn il ərzində nəticənin olması üçün yeni təşəbbüslər gündəmə gəlsin. İranın da regiondakı fəallığı artır. Onun bu mənada Qafqazda da fəallaşdığını görə bilərik. Bunun bir hissəsi olaraq Tehranın az ehtimal olsa da belə Qarabağ məsələsində də aktivləşməsini müşahidə edə bilərik. Türkiyə də regionda təkrarən aktiv mövqe sərgiləməyə başlayır. Ankaranın Azərbaycanla münasibətini, Qafqazın qardaş ölkə üçün əhəmiyyətini nəzərə alsaq, Qarabağ məsələsində də Türkiyənin fəallaşacağını gözləmək olar. Amma Türkiyənin bölgədə yenidən aktivləşməsinin ən əhəmiyyətli xüsusiyyətlərindən biri o ola bilər ki, qarşıdakı dövrdə Ankara ilə Moskva arasında Qarabağ məsələsində də daha çox koordinasiya əldə edilsin. Bunun ciddi nümunəsini Suriyada və Qüds məsələsində gördük.

Bu mənada Qarabağ məsələsində də Moskva ilə Ankara müəyyən ortaq məqamları gündəmə gətirə bilərlər. Qlobal kontekstdə isə Qarabağ məsələsinə təsir edə bilən iki ölkə var: ABŞ və Avropa Birliyi. İran məsələsilə bağlı olaraq düşünürəm ki, Qafqaz məsələsi də Vaşinqton üçün prioritet təşkil edəcək. İran məsələsində Bakının dəstəyini almaq üçün ola bilsin ki, ABŞ Azərbaycana dəstəyini artırsın. Avropa Birliyi də digərləri qədər olmasa da münaqişənin həlli prosesində zaman-zaman müəyyən fəallıq nümayiş etdirir.

2018-ci ildə problemin tamamilə həll olunacağını real olaraq görmürəm. Məsələnin hərbi müstəviyə daşınmasına gəldikdə, 2016-cı ilin aprel döyüşləri təkrarlana bilər. Ancaq bu zaman Moskvanın tutacağı mövqe əhəmiyyətli olacaq. Bu da Azərbaycan-Rusiya, eləcə də Rusiya-Türkiyə münasibətlərinin ümumi səviyyəsindən asılı olacaq. Moskva ilə Ankara problemin həlli istiqamətində birgə müəyyən cəhd göstərsələr və İrəvan buna müqavimət etməyi qərara alsa, yeni bir savaş alovlana, ölkəmizə növbəti bir füsrət verilə bilər”.

ELÇİN

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1670
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."