220 saylı məktəbdəki qalmaqalla bağlı yeni faktlar – Direktora qarşı korrupsiya iddiası – Yenicag.Az

Reklam

Reklam

Nəsimi rayon məhkəməsində 220 saylı məktəbin direktor müavini, iddiaçı Zeynəb Rzayeva və cavabdehlər – direktor Tural Mirzəliyev və Bakı Şəhər Təhsil İdarəsi (BŞTİ) arasında baş verən işdən çıxarılma qalmaqalı ilə bağlı ikinci məhkəmə iclası baş tutub.

Hakim Natavan Tağıyevanın sədrliyi ilə keçirilən iclasda əvvəlcə iddiaçı Zeynəb Rzayevanın vəkili Adəm Məmmədov çıxış edib. O, iddia ərizəsinə yeni əlavələr etməklə hakimə təqdim edib. Vəkil çıxışı zamanı 220 saylı məktəbin direktoru Tural Mirzəliyevin korrupsiya faktlarına yol verdiyini, Z.Rzayevanın bu və digər faktları ona irad tutduğu üçün işdən uzaqlaşdırıldığını bildirib:

“Hüquqlarını müdafiə etdiyim şəxsə məktəbdə dərsin gedişatını pozması əsası ilə xəbərdarlıq edilib. Guya o, məktəbə “Unikal” və “Tufan” özəl hazırlıq kurlarının girib reklam broşuraları paylamasına şərait yaradıb. Əslində belə bir şey olmayıb. Z.Rzayevanın həmin kurslarla heç bir hüquqi bağlılığı yoxdur. Əmək Məcəlləsinin 186.3-cü maddəsnə görə, xəbərdarlıq intizam tənbehi sayılmır.

İşdən çıxarılma barəsindəki əmrdə daha bir məqam Rzayevanın 31 yanvar tarixli iclasda direktora qarşı qeyri-etik ifadələr işlətməsidir. Hansı ki, bu fakt da yalandır. Bunu həmin iclasda iştirak edən müəllimlər də təsdiqləyir. Bununla belə, Rzayevanın qeyri-etik davranışı dəlalət vermir ki, Z.Rzayeva işdən çıxarılsın.

Bakı Şəhər Baş Təhsil İdarəsi bildirir ki, Zeynəb xanım tədris proqramını pozub. Hansı ki, bu onun səlahiyyətində olan bir məsələ deyil. Pozubsa belə niyə heç bir xəbərdarlıq edilməyib?!

Əmrin daha bir bəndinə görə, Rzayeva ona tapşırılan dərsi keçməyib. Yenə də bu barədə heç bir rəsmi akt, sənəd yoxdur.

Məktəbdə aparılan yerdəyişmələrin də səbəkarı kimi Zeynəb xanım göstərilir. Guya o uşaqları sinifdən sinifə özbaşına şəkildə keçirib. Bu birbaşa direktorun əmri və imzası ilə olan prosesdir. Rzayeva belə bir əməl etsə, qısa zamanda bundan valideyn də, digər müəllimlər də, direktor da xəbər tutardı. Direktorun xəbəri olmadan sinifdən sinfə uşaq keçirmək əsassız iddiadır.

Direktor məktəbə gəldikdən sonra özü ilə təsərrüfat işləri üzrə müavin Gülşən xanımı gətirib. Rəsmi olmasa da, faktiki olaraq Zeynəb Rzayevanın bütün səlahiyyətlərini ona tapşırıb. Hətta müəllimlərin Zeynəb xanımla kontakta girməməsi üçün qapısına mühafizəçi qoydurub.
Tural Mirzəliyev eyni zamanda korrupsionerdir. Məktəbdə keçirilən özəl məşğələlər üçün müəllimlərdən hər uşaq başına 10 manat pul alıb. Bunu da məktəb fonduna keçirmək bəhanəsi ilə edib. Lakin vəsait heç vaxt məktəb üçün xərclənməyib”.

Qeyd edək ki, Tural Mirzəliyev cavabdeh olmadığı barədə vəsatət qaldıraraq məhkəməyə gəlməyib. Digər cavabdeh BŞBTİ-nin hüquqşünası çıxışında bildirib ki, ilk iclasdakı hüquqşünas məzuniyyətdə olduğu üçün bu dəfə o gəlməli olub:

“Keçmiş nümayəndə mənə lazımi məlumatı verməyib. Ona görə yazılı etiraz gətirməmişik. Ümumiyyətlə, məktəblərdə direktor və müavinlərinin səlahiyyətləri Təshil və Ədliyyə Nazirliyinin qanunverici aktlarına əsasən tənzimlənir. Qarşı tərəf Z.Rzayevaya heç bir rəsmi xəbərdarlıq edilmədiyini deyir. Nəzərinizə çatdırım ki, hər xəbərdarlıq aktlaşdırılmalı deyil.

Müavinlər olmadan direktor məktəbi idarə edə bilməz. Zeynəb xanım da ibtidai siniflər üzrə müavin olub və öz vəzifəsinin icrasını yumuşaq dillə desək, keyifiyyətsiz yerinə yetirib. Buna görə onun yerinin dəyişdirilməsi ilə bağlı qərar veriləndə etiraz edib. Dəqiqələr sonra isə qardaşı Rza Rzayev məktəbə gələrək direktor T.Mirzəliyevi təhqir və təhdid edib. Rzayevanın keyfiyyətsiz işi nəticəsində dövlətə maddi ziyan dəyib”.

Z.Rzayeva çıxışı zamanı ona qarşı sürülən əsaslara belə aydınlıq gətirib:

“Sinifdən sinfə uşaq keçirilməsi direktorun göstərişi ilə olub. Bu da ona görə idi ki, sinif bağlanmasın. Çünki iki sinifdə 20 nəfərdən az uşaq var idi və bu siniflər avtomatik bağlanmalıydı. Direktor iki sinifin bağlanmasının qarşısını başqa sinifdən uşaq keçirməklə aldı ki, bu da ona sərf edirdi. Lakin uşaqlar faktiki olaraq öz köhnə siniflərində otururdular, sadəcə adları bu siniflərdə gedirdi. Dərsə girməmək iddiasına gəldikdə isə, mənim ayda 6 saat dərsim var. Onu da normal şəkildə keçmişəm. Sadəcə bəzi hallarda direktor iclas keçirəndə məcburən sinifə başqa müəllim göndərib özüm iclasa getmişəm”.

Daha sonra şahid Nəzrin Əhmədova dindirilib:

“Mən 8 il məktəbin idarəedici heyətində çalışmışam. İbtidai siniflər üzrə bütün siniflərin siyahısını mən hazırlamışam. Direktor da qol çəkib, möhür vurub. Məlum hadisədən sonra direktor məni otağına çağırıb hadisələrə onun xeyrinə münasibət bildirməyimi tələb etdi. Mən imtina etdim. Daha sonra BŞBTİ-yə çağırdılar. Mənə siyahıları Z.Rzayevanın göstərişi ilə hazırladığıma dair izahat yazmağım üçün təzyiq etdilər. Yazmayacağımı bildirdim. Sərxan adlı şəxs orada yanındakı şəxsə dedi ki, bunu da işdən çıxarın. Mən bir daha deyirəm ki, siyahı direktorun göstərişi ilə hazırlanır və sonda özü təsdiq edir. Direktor müavininin bu işdə heç bir səlahiyyəti yoxdur”.

İkinci şahid Həqiqət Əsgərova dindirilib:

“Biz 15 ildir Z.Rzayeva ilə işləyirik. Heç bir problemimiz olmayıb. 31 yanvarda onun haqqında yerdəyişmə qərarını öyrənəndə təxminən 40-50 müəllim yığışıb ərizə yazdıq ki, qərar ləğv edilsin. Lakin T.Mirzəliyev bildirdi ki, bu onun qərarıdır və heç kim dəyişə bilməz. Daha sonra qərara aldıq ki, 1 fevralda kütləvi şəkildə dərsə girməyək və bu yolla qərara etiraz edək. Lakin Z.Rzayeva bizi fikrimizdən daşındırdı, uşaqların dərs gedişatının pozulmaması üçün bu addımın yanlış olduğunu bildirdi. İclas zamanı o heç bir təhqiramiz ifadəyə yol verməyib”.

Proses 24 iyul saat 12:00-a təxirə salınıb./Femida.az/

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 3181
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."