!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Abituriyentlərin lazımsız FƏNN YÜKÜ: “Bu qədər çətin və qəliz imtahanlarla övladlarımızı yükləməməliyik”

!Reklam – Yazi

“Mən özüm tarix müəllimi olsam da, ikinci ixtisas qrupu üzrə hazırlaşan abituriyentlərin tarix fənnindən hazırlaşmasında heç bir əhəmiyyət görmürəm”.

Bu fikirləri Azərbaycanda ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarının çətinliyi və abituriyentlərin fənn yükünün ağırlığı barədə danışan təhsil eksperti Kamran Əsədov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanları dünyada ən çətin qəbul imtahanı hesab oluna bilər:

“Bu qədər qəliz qəbul növü ilə heç də yaxşı abituriyent yetişdirə bilmərik. Kifayət qədər perspektivli, peşəkar gənclər var ki, bu imtahanlar onların yaxşı mütəxəssis kimi yetişməsinə imkan vermir. Məsələn, dördüncü ixtisas qrupu üzrə hazırlaşan abituriyentlər birinci mərhələdə Azərbaycan dili, riyaziyyat, xarici dildən imtahan verir ki, bu şəxslər həmin fənləri gələcək karyeralarında, demək olar ki, istifadə etmirlər.
Birinci və ikinci ixtisas qrupunda da riyaziyyat, üçüncü ixtisas qrupunda isə tarix təkrarlanaraq hər iki mərhələdə verilsə də, dördüncü qrupda hər hansı fənnin təkrarlanmaması onların ümumilikdə 6 fənndən imtahan verməsi ilə nəticələnir.

İkinci ixtisas qrupunda tarix-coğrafiya müəllimliyi ixtisası istisna olmaqla, tarix fənni digər ixtisasların heç birinə gərəkli deyil. Mən özüm tarix müəllimi olsam da, ikinci ixtisas qrupu üzrə hazırlaşan abituriyentlərin tarix fənnindən hazırlaşmasında heç bir əhəmiyyət görmürəm. Düşünürəm ki, tarix-coğrafiya müəllimliyi ixtisası ikinci qrupdan çıxarılaraq üçüncü ixtisas qrupuna verilməlidir.

Əvvəlki illərdə regionşünaslıq, beynəlxalq münasibətlər ixtisasları ikinci qrupda olsa da, artıq üçüncü qrupa verilib. Hesab edirəm ki, bu da ikinci ixtisas qrupuna hazırlaşanların da əlavə fənnlə yüklənməsinə gətirib çıxarır. Fikrimcə, ikinci ixtisas qrupunun abituriyentlərinin riyaziyyat, coğrafiya fənnindən imtahan verməsi yetərlidir. Biz bu qədər çətin və qəliz imtahanlarla övladlarımızı yükləməməliyik. İmtahanlar birmənalı şəkildə sadələşdirilməli, qəbul qaydaları daha sadə və əlçatan olmalıdır”.

İsmayıl Bakuvi

www.yenicag.az

595
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv