Ağdamın Çəmənli kəndində top mərmisi tapılıb.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Yenicag.az-a verilən məlumata görə, bu gün saat 17:04-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 17:47-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Ağdam rayonu, Çəmənli kəndi ərazisində partlamamış hərbi sursatların tapılması barədə məlumatlar daxil olub.
Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Ağdam rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Ağdam rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd 125 mm-lik top mərmisi (BM-26) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Top mərmisinin tapıldığı yerin ətrafında 2 000 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.