!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Arabo”nun məhvini lentə alan, qırmızı “Zapı”sı ilə yaralı daşıyan operatorla MÜSAHİBƏ

!Reklam – Yazi

Müharibədə əsgərlər döyüşür, operatorlar, fotoqraflar isə bizə döyüşün görünən və görünməyən tərəflərini çatdırır.

Qarabağ müharibəsi zamanı döyüşləri lentə alan çox az adamın adı bəllidir. Onlardan bəziləri hansısa TV və yaxud qəzet əməkdaşları olub, bəziləri isə bu işi könüllü görüblər. İlhami Ağayev könüllülərdən olub. Çəkdiyi kadrların bir hissəsini Müdafiə Nazirliyinə təqdim edib, digərlərini isə arxiv kimi evində saxlayıb. Bir çoxumuzun izlədiyi kadrları- ermənilərin “Arabo” batalyonunun qırılması və döyüşdən sonrakı meyitlərini məhz İlhami Ağayev çəkib.

“Arabo” batalyonunun məhv edilməsi ilə bağlı araşdırmaya başlayanda, İlhami Ağayevi tapmağı qarşıma məqsəd qoymuşdum, ancaq bir ad, bir də qırmızı “zapı”sından başqa əlimdə heç bir informasiya yox idi. Çox uzun axtarışdan sonra həmin şəxsi tapmağa müvəffəq oldum. İlk dəfə telefon açanda, özü də təəccübləndi, “ilk dəfədir kimsə məni o kadrlara görə axtarır”, dedi. Reportajla bağlı razılıq əldə olunduqdan sonra yollandıq Yevlax rayonuna. İlhami Ağayev görüşə 26 ildir saxladığı kasetləri də gətirmişdi. O kasetlərdə bir tarix yatır…

İlhami Ağayevi tanıyaq.

Qısa arayış:

İlhami Hərbşahoğlu Ağayev. 1962-ci il dekabr ayının 1-də Yevlax rayonunda anadan olub. Orada böyüyüb. Atası ağdaşlı, anası isə qarabağlıdır. 8-ci sinifə qədər Yevlaxda oxuyub, Bakıya sənət məktəbinə gedib, fotoqraf olub. 24 il fotoqraf işləyib, 1990-cı ildən sonra video-operator sənətinə də yiyələnib. Hazırda ticarətlə məşğuldur.

Yenicag.az İlhami Ağayevlə bağlı reportajı sizə təqdim edir:

– Sizin əsas fəaliyyətinizin 1992-ci ildə olduğunu bilirəm. Qarabağ müharibəsini çəkməyə nə zamandan başladız?

– Həyatda həmişə öndə getməyi xoşlamışam. 1988-ci ildə Xankəndində mitinqlər başlayanda Yevlaxda da əhali arasında böyük səs-küy qopmuşdu. Yevlaxda mərkəzi küçəyə yaxın foto-studiyam vardı. Gördüm ki, dəmiryol vağzalı tərəfdən nümayişçilər gəlir. Tez fotoaparatı götürüb çıxdım. Soruşdum ki, nə ilə bağlı nümayişdir? Bildirdilər ki, Xankəndində baş verən hadisələrə etiraz və Heydər Əliyevin isə Azərbaycana qayıtmasını tələb edirlər. SSRİ vaxtının qanunları sərt idi. Səadət sarayının qarşısındakı ağacın altında durub gözlədim. Nümayişçilərin önündə Şahmar Vəliyev gəlirdi (Gəncənin icra başçısı Elmar Vəliyevin, Azərbaycan Respublikasının Hərbi prokuroru Xanlar Vəliyevin qardaşı – red.). Şahmar Vəliyev o zaman Yevlax dəmiryol vağzalında kassir işləyirdi. Mitinq iştirakçıları “rədd olsun ermənilər”, “Qarabağ bizimdir”, “Heydər Əliyev Azərbaycana gəlməlidir” kimi şüarlar səsləndirirdilər. Həmin bu mitinqdən bir neçə foto çəkdim. Mitinqdən sonra həmin kadrları gizlətdim. Milis işçiləri gəlib, bildirdilər ki, mitinqi çəkmisənsə o şəkilləri silmək lazımdır. O kadrları 1995-97-ci illərdə üzə çıxardıb, Şahmar Vəliyevə təqdim etdim.

– 1990-cı il 20 yanvar hadisələri zamanı hansısa bir fəaliyyətiniz olub?

– 1990-cı ilin yanvar hadisələri zamanı özümün “Niva” markalı maşınıma 4 nəfər – dəmiryolunda işləyən bir dostum, Yevlax hərbi komissarlığında işləyən Tahir müəllim, fotoqraf yoldaşım və mən tüfəng götürərək, bizim arxamızca da bir avtobus dolu gənc gecə 03:00-da Bakıya yola düşdük. “Primorski”də qarşımızı hərbçilər kəsdi. Hərbçilər bildirdilər ki, əgər yaxınlaşsınız sizi vuracağıq. 1990-cı il yanvar ayının 20-də Bakıya girə bilmədik. Məcburən geri qayıtmalı olduq. Orada heç bir şəkil çəkə bilmədim. Geri qayıdarkən yolda bir rus hərbi maşını xarab olmuşdu. İstədik tüfənglə onlara hücum edib, silahlarını ələ keçirək. Maşınımda oturam Tahir müəllim icazə vermədi.

– Sizinlə ayaqüstü söhbət zamanı məlum oldu ki, 1988-ci il fevral ayının 22-də Ağdamdan Xankəndinə yürüş zamanı da Ağdama getmisiniz.

– Ağdamda ermənilər əleyhinə mitinqlər başlayan zaman Yevlaxdan olan gənclər avtovağzal ərazisinə yığışdı, bıçaqla silahlanıb getdik Ağdama, camaata dəstək olmağa. Milislər bizi qarşıladı. Yürüş iştirakçılarına qoşulmağa icazə vermədilər. Onlardan xahiş etdik, bizi şəhid olan gənclərin dəfnində iştirak etməyə aparsınlar. Getdik, dəfndə iştirak etdik. Artıq qanıma işləmişdi qaynar yerlərə getmək. 1992-ci ildən də kameramı çiynimə alıb, qırmızı “Zapı”ımla könüllü şəkildə düşdüm hərbçilərin arxasına. Elə olurdu səhərə qədər yatmırdım. Dəfələrlə olub ki, maşınımın sağına, soluna mərmilər düşüb. Yaralıları Tərtər xəstəxanasına daşıyırdım.

– İlk dəfə çəkilişlərə hansı istiqamtində başladınız?

– Erməni kəndlərini boşaldırdılar. Orada çəkiliş etdim. Bir neçə erməni əsirləri vardı, onları çəkdim. Oraya məni Bayram adlı bir komandir aparmışdı.

– Hər bir fotoqrafın, video-operatorun şah əsəri olur. Sizin də şah əsəriniz ermənilərin məşhur “Arabo” batalyonunun qırılması kadrlarını çəkməyinizdir. Azərbaycanlıların onları qırmasını haradan eşitdiniz, necə getdiniz oraya?

– Ağdərə istiqamətində döyüş olacağı barədə məlumat əldə etmişdim. Gəldim ki, Tərtər batalyonu (813) döyüşə hazırlaşır. Orada mənə dedilər ki, Həsənqayada, üzümlükdə uşaqlar erməniləri mühasirəyə alıb qırıblar. Səhər saat 9 olmazdı. Getdim ki, Gəncə batalyonunun uşaqları ağacın altında uzanıblar. Döyüşdən sonra dincəlirdilər. Orada mənə dedilər ki, erməniləri qırmışıq. Çəkilişə başladım. Uşaqlar mənə dedilər ki, erməniləri qıran Mahirdi, onu çək. Mən də onu çəkməyə başladım, ancaq o üzünü gizlədirdi. Videoda da bunu görə bilərsiniz. Sonra həmin döyüşçülərlə birlikdə ermənilərin qırıldığı əraziyə yollandıq. Getdik döyüşün baş verdiyi əraziyə çıxdıq. Ermənilərin meyitləri köhnə su arxının içərisində idi. Çəkilişdə də görünür ki, hamısı al qanın içərisində idi. Öldükləri heç bir neçə saat olmazdı. Onları çəkən zaman döyüşçülər məni ortaya almışdı ki, ermənilər vurmasınlar.

(Qeyd: Qumbaraatanla düşmənin çoxlu sayda canlı qüvvəsini məhv edən Mahir Hüseynovla bağlı geniş məlumatı növbəti reportajda oxuya bilərsiniz).

– Düzdür, bir neçə uğurlu əməliyyatlarımız olub, ancaq bu, tam başqa bir şey idi. Səsinizdən də hiss olunurdu ki, tamam başqa ab-havadasınız.

– Həmin kadrları çəkərkən qürur duyurdum, gözüm yaşarırdı. O döyüşdə iştirak etmiş Razim adlı şəmkirli oğlanı görəndə kameranın arxasında gözümdən yaş gəldi. Razimin 15 yaşı vardı, avtomatı çiynindən asanda silahın lüləsi yerə dəyirdi.

(Qeyd: Razim Dəmirovla da bağlı geniş reportajı sizə təqdim edəcəyik).

– Sizin bir neçə kadrlarınıza baxmışam: döyüş gedə-gedə çəkiliş etmisiz. Nəzəriyyə olmadan, praktiki olaraq stringerlik etmisiz.

– Dəfələrlə döyüş gedə-gedə çəkiliş etmişəm. Bir dəfə tankın üstündən döyüşü çəkirdim, gözümün qabağında bizdən öndə gedən BMP-ni vurdular. Bunun hamısını çəkmişəm. Heç vaxt gizlənib, çəkiliş aparmamışam.

– Çəkilişə mane olanlar vardı?

– Elə yerlər olub ki, komandirlər çəkiliş aparmağımıza maneçilik törədirdilər. Bərdədə Ələmşah adlı komandir vardı, o qoymurdu çəkiliş aparmağa. Sonra onunla razılaşdım, ondan da müsahibə götürdüm. Gücüm çatdığı ön cəbhədə döyüşçüləri çəkirdim.

– Çəkdiyiniz kadrları harasa təqdim etmisiz?

– O zaman müdafiə nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Yunus idi. Kaseti aparib, nazirlikdə Şəmistan Əlizamanlıya təqdim etdim, o da Leyla Yunusa verdi.

– Hansı dövrə qədər çəkiliş etdiniz?

– Həmişə çəkilişə can atmışam. Sonradan qoymadılar çəkiliş etməyə. Deyirdilər ki, səni vuracaqlar. 1993-cü ildə məni ön xəttə buraxmadılar.

– Bəs sonra nə etdiniz?

– 1993-cü il Yevlax rayon hərbi komissarlığına gedib, orada qeydiyyata alındım. Məni əsgər kimi Ala Yaqubun (“Qarabağ Müdafiə Şahinləri”nin komandiri Yaqub Rzayev) batalyonuna apardılar. Orada 19, 20, 21-ci postlarda 20 gün döyüşmüşəm. Sovet ordusunda BMP-də atıcı-tuşlayıcı olmuşam. Ona görə məni BMP-yə vermişdilər. Mənə avtomat vermədilər ki, BMP vurulanda düşüb, özümü müdafiə edim, paltar da vermədilər. Ərizə yazdım ki, nə silah, nə də hərbi forma vermirsiniz, geri qayıdıram. O zaman Ağdamda alay komandiri Şirin Mirzəyev idi. Məni apardı öz alayına və tapşırıq verdi ki, BMP-ləri nizama salım. Şirin Mirzəyevin komandirlik etdiyi alayın iki BMP-sinin tuşlayıcılarını qaydaya saldım. Bizi orada könüllü kimi saxladılar, ancaq batalyonlarına qəbul etmədilər. Ona görə də ərizə yazıb, Yevlaxa qayıtdım. Ondan sonra yenidən çəkilişlərə başladım.

– Harada çəkilişlər etdiniz?

– Ağdərə, Tərtər istiqamətində…

– Kamera özünüzün idi?

– Bəli, çəkirdim, saxlayırdım. Heç bir yerlə əməkdaşlıq etmirdim. Çəkilişləri Müdafiə Nazirliyinə təqdim edirdim. O vaxt bəzi kadrları Surət Hüseynova da vermişdim ki, baxsın hansı batalyon döyüşür, hansılar nizam-intizamı pozur.

– Qarabağ müharibəsində məğlub olduq. Siz həm ordunun içərisində idiniz, həm də kənardan izləyirdiz. Niyə məğlub olduq?

– Özünümüdafiə batalyonlarının pərakəndə hərəkətləri, vahid komandanlığın olmaması məğlubiyyətin səbəbi idi. Batalyon komandirlərinin sözü bir-birinin boğazından keçmirdi. Biri deyirdi, “bu istiqamətlə hərəkət edəcəm”, o biri deyirdi, “biz burada duracağıq”. Bir nöqtədən əmrlər yox idi. Kim haradan istəyirdi oradan da hücuma keçirdi. Elələri olub ki, kimdənsə küsüb, batalyonu bir istiqamətdən geri çəkib. Bunlar hamısı gözümüzün qarşısında olub.

– “Arabo”nun qırılması ilə bağlı çəkdiyiniz kadrlar çox məhşurdur. Hətta ermənilər “Arabo” ilə bağlı çəkdikləri filmlərdə sizin kadrlardan istifadə edirlər. Ermənilərin o itkisini çoxları öz üzərinə götürməyə cəhd edir. Ancaq döyüşdən dərhal sonra o ərazidə olmusunuz. Bununla bağlı fikirləriniz çox maraqlıdır.

– Ermənilərin planı belə idi idi ki, o ərazidən arxaya sızıb, təxribat törədib, qayıtsınlar. Çəkilişdən də görünür ki, su xəndəklərindən çıxa bilməmişdilər. Çəkiliş aparan zaman qanı qurumayan meyitlər də vardı. Gəncə batalyonunun döyüşdən sonra dincəldiyi yerlə, oranın arası 200 metr olmazdı.

– Meyitlərin üstünə baxırdınız, nələr var idi?

– Erməni bayrağı, erməni pulları, sənədlər, medullar… Aralarında “nayomniklər” də vardı.

– Kadrlara diqqətlə baxanda görünür ki, bir neçəsinin ayağı, başının yarısı yoxa çıxıb. Bu qrat, top mərmisi olsaydı, ərazidə çalalar da əmələ gələrdi. Siz necə, bunlara diqqət edə bildiniz? Ərazi yadınızda qalıb?

– Orada ağır artilleriya işləyə bilməzdi, əgər olsaydı, ərazidə çalalar olardı və meyitlər tikə-tikə olardı. Ermənilər qumbaraatan, pulemyot və avtomat atəşindən ölmüşdülər. Qumbaraatanı döyüşçülər özləri dedi, pulemyot və avtomatın buraxdığı izləri isə ayırd etmək asandır. Hətta qumbaraatanla açılan atəş nəticəsində bir erməninin ayağı ağacdan sallana qalmışdı. Orada nə BMP, nə də tank olmamışdı. Gəncə batalyonunun komandiri Mehman Ələkbərovun döyüş gedə-gedə aldığı ani qərarlar çox böyük rol oynayıb. Yadımdan çıxdan onu da deyim ki, çəkilişdə olanların hamısı o döyüşdə iştirak etməmişdi, orada da bildirdilər ki, döyüşü cəmi 30- 35 nəfər aparıb.

– Qırmızı “Zapı”nın axırı nə oldu?

– Döyüşdə kişi kimi axıra kimi iştirak etdi. (gülüşürük) Tərtərə o maşınla bir neçə dəfə yaralı daşımışam. Döyüşə o boyda batalyonlar tankla, BMP ilə gedirdi, təcili tibbi yardım maşınları olmurdu, həmin o “Zapı” həm də təcili tibbi yardım maşını kimi xidmət edirdi.

– Özünüzün təhlükədə olduğunuz vaxtlar olub?

– Çox. Maşınıma yaxınlaşdığım zaman yaxına mərmi düşdü, maşının arxa şüşəsi yerindən qopdu.

– Döyüşləri neçə müddət çəkdiniz?

– Fasilələrlə 1 il. Ailəmi, uşağımı evdə qoyub, çəkilişə gedirdim.

– Çəkiliş apardığınız zaman sizə təsir edən hansı hadisələrlə üzləşmisiniz?

– Erməni kəndləri vardı, qaçanda qocalarını orada qoymuşdular. Həyətlərdən səs gələndə döyüşçülərin olmasını zənn edib girirdik, baxırdıq ki, qoca kişini, qadını qoyub gediblər. Onların sifətinə baxanda ürəyim ağrıyırdı.

– Təşəkkür edirəm sizə.

– Mən təşəkkür edirəm ki, o kadrları çəkən şəxsi axtarıb tapdın. Uğur olsun!

Səxavət Məmməd

www.yenicag.az

4200
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv