!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avropadan şərqə “dönüş”: “Amerikanın təsirindən çıxmaq asan deyil” – Politoloq

!Reklam – Yazi

“Avropalı liderlərin ABŞ-ın qitədəki təsirini azaltmağa yönəlik bəyanatları deklorativ xarakter daşıyır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Fransa prezidenti Emmanuel Makronun Helsinkidə Avropanın gələcəyi ilə bağlı verdiyi bəyanatı şərh edən politoloq Elxan Şahinoğlu deyib.

Skandinaviya ölkələrinə səfər edən Fransa prezidenti Emmanuel Makron əvvəl Danimarkanın paytaxtı Kopenhagendə, daha sonra isə Finlandiyanın paytaxtı Helsinkidə ABŞ-ın “köhnə dünya” üzərində hegemonluğuna son qoyulmasının vacibliyini bəyan edib. Makron Vaşinqtonun Avropaya təsirini minimuma endirmək üçün Rusiya və Türkiyə ilə strateji əlaqələrin vacibliyindən danışıb:

“Avropa İttifaqının Türkiyə, o cümlədən Rusiya ilə strateji əlaqələr qurması bizim maraqlarımıza uyğundur. Bu, uzaq perspektivdə sabitliyi bərqərar edəcək və bizi daha da gücləndirəcək. Avropa İttifaqının təhlükəsizliyini təmin etmək üçün əməkdaşlığı sadəcə, ABŞ-la məhdudlaşdırmaq olmaz”.

Fransa prezidenti daha sonra Avropa İttifaqının yalnız siyasi-iqtisadi deyil, həm də hərbi birliyə çevrilməsinin vacibliyini söyləyib. Makronun bu fikirləri Avropa İttifaqının aparıcı ölkələrindən biri olan Fransa liderinin NATO-nun əhəmiyyətini şübhə altına almaq cəhdi kimi də qiymətləndirilir. Ancaq Makronun kifayət qədər açıq mətnlə dilə gətirdiyi bu fikirlərin reallıq dərəcəsi nə qədər yüksəkdir?

Bu barədə Yenicag.az-a danışan politoloq Elxan Şahinoğlunun fikrincə, Makronun qeyd olunan bəyanatlarındakı niyyətin həyata keçirilməsi imkansız görünür:

“Əlbəttə, Avropalı siyasətçilərin son həftələrdə ABŞ əleyhinə səsləndirdikləri fikirlər intensivləşib və xeyli kəskinləşib. Bu baxımdan, Emmanuel Makronun qeyd olunan bəyanatları da ABŞ-ın artıq əksər ölkələrdə narazılıq doğuran siyasətinə bir reaksiya hesab oluna bilər.

Ancaq gəlin, vəziyyətə real baxaq. Hazırda Avropa İttifaqı ABŞ-ın təsirindən çıxmaq gücündədirmi? Birmənalı cavab verilə bilər ki, yox. Məlumdur ki, İkinci Dünya Müharibəsindən sonra Avropanın strukturlaşmasında, inkişafında və təhlükəsizliyinin təmin olunmasında ABŞ-ın müstəsna xidməti var. Bunun nəticəsində isə Avropanın ABŞ-dan böyük asılılığı yaranıb. Bütün bu məqamlar hazırda Avropa İttifaqının ABŞ-dan və NATO-dan uzaqlaşaraq, Rusiya və Türkiyə ilə yaxınlaşmasını mümkünsüz edir.

Bildiyiniz kimi, Makron Türkiyənin Avropa İttifaqına üzvlüyünün əleyhinədir. Sual yaranır, əgər Türkiyə ilə strateji əlaqələrə bu qədər dəyər verirsizsə, niyə onun Avropa İttifaqına daxil olmasına imkan vermirsiz? Bu tip suallara cavab tapılmalıdır. Eyni zamanda, ABŞ-dan ciddi asılılığın davam etdiyi şəraitdə NATO-nun üzvü olan Avropa dövlətlərinin Rusiya ilə yaxınlaşması real olmadığı qədər, Amerikanın təsirindən çıxmaq da asan deyil.

Bəli, prezident Donald Tramp sərt tənqid olunası xeyli addımlar atıb. Ancaq o Avropa ölkələri liderlərinə deyəndə ki, biz NATO-nun xərclərini qarşılayaraq sizin təhlükəsizliyinizi təmin edirik, siz isə Rusiyadan qaz alaraq onu gücləndirirsiz, haqlı idi.

Ümumiyyətlə, hər kəs görür ki, Tramp yaxın və uzaq ölkələrlə, müttəfiqlərlə və rəqiblərlə problemlər yaradan siyasət yürüdür. Ancaq unutmayaq, Tramp əbədi prezident olmayacaq ki… Bu siyasətin də sonu gələcək və vəziyyət əvvəlki məcrasına qayıdacaq”.

A.Zeynalov

www.yenicag.az

1162
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv