Dövlət Sərhəd Xidmətinin (DSX) silahlı birləşmələri tərəfindən “Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsində təhlükəsizliyin təmin edilməsi” mövzusunda taktiki döyüş təliminə start verilib.
DSX-dən Yenicag.az-a verilən məlumata görə, Xəzər dənizində Azərbaycan Respublikasının dövləti maraqlarının qorunması imkanlarının təkmilləşdirilməsi məqsədilə keçirilən təlimin əsas hədəfləri aşağıdakılardlr:
– Xəzər dənizində neft-qaz ehtiyatlarının hasilatı və daşınması infrastrukturunun, sualtı boru kəmərlərinin mühafizəsinin təşkili;
– dənizdə və sahildə təxribat qruplarının axtarışı və zərərsizləşdirilməsi;
– sualtı müşahidə sistemləri vasitəsilə hədəflərin aşkarlanması, sualtı təxribat qruplarının axtarışı və zərərsizləşdirilməsi;
– gəmi və helikopterlərlə sərhəd axtarışının aparılması;
– raket-artilleriya qurğularından atışların keçirilməsi;
– Xəzər dənizi hövzəsindən qanunsuz məqsədlərlə istifadə hallarının, o cümlədən narkotik vasitələrin və digər qaçaqmalın, qeyri-leqal miqrasiya cəhdlərinin qarşısının alınması.
Təlimdən əvvəl DSX Çevik Hərəkət Qüvvələrinin bazasında təlimə cəlb olunan helikopterlərə, pilotsuz uçan aparatlara, komanda-qərargah maşınlarına və xüsusi nəqliyyat vasitələrinə, çevik bölmələrin şəxsi heyətinə, DSX Sahil Mühafizəsinin sahil bazasında sərhəd gözətçi gəmilərinə, dənizçi şəxsi heyətə, döyüş texnikasına, xüsusi dalğıc avadanlıqlarına, rabitə ləvazimatlarına, kinoloji bölmələrə sıra baxışları keçirilib, onların təlimə hazırlıq səviyyəsi yoxlanılıb.
Sıra baxışları yekunlaşdırıldıqdan sonra təlimə cəlb olunan sərhəd gözətçi gəmiləri, uçuş vasitələri, digər xüsusi texnika və şəxsi heyət tərəfindən təlim üzrə tapşırıqların icrasına başlanılıb.